Ümumi təhsilin modernləşdirilməsi

“Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan dilinin izahlı lüğəti”-ndə (“Şərq-Qərb”, Bakı, 2006) “modern” sözü bir mənada “ən yeni, müasir”, digər mənada “XIX əsrin axırı, XX əsrin əvvəllərində əsasən memarlıq və tətbiqi incəsənətdə formalizmi, təmtəraqlığı, süniliyi, ekvelaktizmi ilə fərqlənən  bədii üslubun adı”, “modernizm” ifadəsi isə “imperializm dövrü burjua incəsənət ədəbiyyatında realizmə zidd cərəyanların ümumi adı” kimi qeyd olunmuşdur.

 

Yaranma dövrünə görə, bu ifadələr mahiyyət etibarı ilə məzmunca obyektiv gerçəkliyə uyğun gəlsə də, müəyyən bir yarımçıqlıq hiss olunmaqdadır, o mənada ki, lüğətdə eyni kökdən (“modern”) yaranan və hazırkı vaxtda müxtəlif  fəaliyyət sahələri üçün ən önəmli keyfiyyət ünvanına çevrilmiş “modernləşmə”, “modernləşdirmə”, “modernləşdirilmiş” sözlərinin nə özü, nə də izahı izahlı lüğətdə yer almamışdır. Halbuki həmin sözlər son illərdə işıq üzü görmüş Azərbaycan dilinin orfoqrafiya lüğətlərində, eləcə də “Rusca-Azərbaycanca lüğət”-də (“Şərq-Qərb”, Bakı, 2014), “Azərbaycanca-rusca lüğət”-də (“Şərq-Qərb”, Bakı, 2016), hətta mənası da şərh olunmaqla (yeniləş(dir)mək, müasirləş(dir)mək, təkmilləş(dir)mək) qeyd edilmişdir.

 

Modernləşmə (modernləşdirmə) dialektik inkişaf əsasında qazanılmış təcrübənin, uzun onilliklər, qərinələr ərzində formalaşan mədəni, mənəvi-əxlaqi dəyərlərin, milli mənlik şüurunun, milli ənənələrin, hər hansı bir tarixi dövrdə cəmiyyətin dəyişən sosial-iqtisadi sifarişlərinin təzahürü, nəticəsi kimi meydana çıxır. Belə demək mümkünsə, yeni yarananın özündən əvvəl yaranana nisbətdə üstünlüyü inkişafa təkan verdiyi halda, modernləşmənin ifadəsi sayıla bilər. Modernləşmənin nüvəsində dayanan mütərəqqi ideyaların mənbəyi, heç şübhəsiz, hərəkətverici, stimullaşdırıcı qüvvə olan elmi-nəzəri, praktik kəşflərlə, nəzəriyyə və fərziyyələrlə bilavasitə bağlıdır. Yeri gəlmişkən, müəllifliyi eramızdan əvvəl VI əsrdə yaşamış məşhur Çin filosofu Konfutsiyə aid edilən belə bir fikir var ki, “Qədimdə insanlar kamilliyə yetmək naminə elm öyrəndikləri halda, bu gün dünyanı fəth etmək naminə öyrənirlər”. Həqiqətən də məhz elmi nəticələr bu və ya digər sahənin inkişafı, müasirləşdirilməsi, modernləşdirilməsi üçün zəmin yarada, yaxud motivasiya, indikator rolu oynaya bilər, o şərtlə ki, konkret ölkənin iqtisadi inkişaf tempi və qüdrəti elmin nailiyyətlərini malik olduğu intellektual toplum vasitəsi ilə reallaşdırma və tətbiqetmə gücünə malik olsun. Çünki dünyada fasiləsiz şəkildə baş verən elmi əsaslı inkişaf və tərəqqi yönümlü tendensiyalar bir lokomotiv kimi modernləşmə prosesini təşviq və diktə edir.

 

Modernləşmə həm də ümumi inkişafın nəticəsi olaraq meydana çıxan rəqabətin bir əlamətidir ki, sürətlə dəyişən, qloballaşan dünyada rəqabətədavamlığı olmayan, intellekt kasadlığı ilə üzləşən, yeraltı və yerüstü sərvətləri olduğu halda belə, onları idarə edə bilmədikləri səbəbindən iqtisadi gerilik yaşayan ölkələrdə mənəvi düşkünlük, yoxsulluq və səfalətin, hüquqi pozuntuların mövcudluğu təbii hal kimi qiymətləndirilir.

 

Belə bir fikir də yəqin birmənalı qəbul edilər ki, milli-mənəvi dəyərlərə və tarixi ənənələrə, milli-əxlaqi normalara zidd dəyişikliklərin cəmiyyətdə müasirlik pərdəsi altında təbliğ olunması milli şüur və təəssübkeşliyi kütləşdirən, inkişafa xidmət edən modernləşmə ilə heç də bir bağlılığı olmayan mənfi hal kimi nəzərə alınmalıdır.

 

Heç şübhəsiz, bütün inkişafyönlü dəyişikliklər, elmi kəşflər, islahatlar, modernləşdirmə nəzəriyyələrinin yaranması və tətbiqi, bir sözlə, yaşadığımız dünyanın ibtidai icma səviyyəsindən süni intellektin kəşfi səviyyəsinədək yüksəlişi bilavasitə təhsillə, təhsilin, təhsillənməyin, məhz təhsil sayəsində formalaşmış elm və elmi nailiyyətlərin rolunun işıqlı, mütərəqqi təfəkkürlü şəxsiyyətlər (dövlətlər) tərəfindən qiymətləndirilməsi və dəstəklənməsi sayəsində mümkün olmuşdur. Tarixə nəzər salsaq, ayrı-ayrı dövlətlərdə təhsilin bir sistem olaraq təşəkkül tapdığı vaxtdan getdikcə davamlı inkişafı cəmiyyət həyatında da müəyyən yeniləşmə və təkmilləşmələrlə müşayiət edilirdi ki, bütün bunların da sədası ətraf bölgələrə yayıldıqca tərəqqiyə təkan verən rəqabəti şərtləndirirdi. Fikrimcə, modernləşmə (modernləşdirmə) proseslərini yalnız son əsrlərlə əlaqələndirərək yeni texnologiyaların, o cümlədən robot texnikasının, həssas tibbi cihazların, pilotsuz uçuş aparatlarının, rəqəmsal iqtisadiyyatın meydana çıxması və digər bu kimi amillərlə məhdudlaşdırmaq, bəlkə də, düzgün olmazdı. Həyatda insanın məişəti, məşğulluğu üçün nə varsa, yarandığı ibtidai səviyyədən əsrlər boyunca onlarda baş vermiş, hətta ən sadə müsbət texniki dəyişiklikləri, irəliləyişləri belə modernləşdirmə adlandırmaq mümkündür.

 

Sirr deyil ki, təhsilin, təhsil sisteminin modernləşdirilməsi dövlətin iqtisadi qüdrətindən və təhsilin strateji əhəmiyyətli prioritet sahə sayılmasından, ölkədə yaşanan siyasi sabitlikdən birbaşa asılıdır. Dövlətin təhsilə həssas münasibəti, yenilikləri, islahatyönlü tədbirləri, inkişafı şərtləndirən layihələri dəstəkləməsi olmadan modernləşmə prosesindən danışmağa dəyməz. Həm də təhsil sahəsində modernləşmə o vaxt reallaşa bilər ki, inkişaf etdirməyə və təkmilləşdirməyə zəmin yaradan və əsas verən etibarlı baza, maddi-mənəvi bünövrə mövcud olsun.

 

Bu mənada təhsil tariximizi diqqətlə nəzərdən keçirsək, Azərbaycanda hələ orta əsrlərdən təhsil mühiti və ənənələrinin formalaşmasının şahidi olarıq. İnkaredilməz həqiqətdir ki, islam dünyası üçün ən böyük tərbiyəvi kitab-abidə sayılan müqəddəs “Qurani-Kərim”də biliklənməyə, elmə müstəsna dərəcədə yüksək qiymət verilməsi cəmiyyətin əxlaqi-mənəvi mənzərəsini bəşəri-humanist ideallara doğru xeyli dəyişdirmiş, Azərbaycanda insanları ədalətə, mərhəmət və şəfqətə, elm, bilik öyrənməyə səsləyən qüdrətli şair, alim və filosoflar yetişmişdir ki, onların da əsərlərində vəsf etdikləri təlim, tərbiyə, ağıl, zəka, elm, hikmət, fasiləsiz biliklənmə ilə bağlı işıqlı düşüncə və ideyalar gələcək nəsillər üçün, bir növ, axtarış və dəyişmələrə, inkişafa şövq edən istiqamət ruhlu həyat dərsləri olmuş, bəlkə də təhsil sahəsində modernləşmənin ilk rüşeymlərinin əsası elə o vaxtlarda qoyulmuşdur.

 

Ulu öndər Heydər Əliyevin müdrik fikridir ki, “Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndikcə öz keçmişindən qürur duyur və onlarda öz soyuna, kökünə, millətinə bağlılıq daha da möhkəmlənir”. Vaxtilə olanları tədqiq edib öyrənmədən və onlara yaradıcılıqla yanaşmadan, milli ənənələrə sadiqlik göstərmədən və gələcəyi təsəvvür etmədən yeniliyə nail olmaq qeyri-mümkündür. Buna görə də xüsusilə təhsil quruculuğu sahəsində bəşəri ideallar və dəyərlər nəzərə alınmaqla millilik, tarixilik, varislik prinsipləri və müasir tendensiyaların əsas tutulması ən vacib şərt hesab edilir. Məhz həmin prinsiplər zəminində baş verən inkişaf proseslərini izlədikcə dəyişilmələrin fonunda modernləşmənin təzahürləri daha aydın görünür.

 

Azərbaycanda maarifçilik hərəkatının geniş vüsət aldığı XIX əsr və XX əsrin əvvəllərində qüdrətli ziyalı potensialının, elm və maarif fədailərinin (“Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, Mirzə İsmayıl Qasir, Məhəmməd Tağı Sidqi, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, xarici ölkələrdə təhsil almış Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Məhəmməd ağa Şahtaxtlı, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, millətin təhsillənməsi, maariflənməsi, elmlənməsi yolunda böyük fədakarlıq və xidmətlər göstərmiş mesenatlar Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Musa Nağıyev, İsa bəy Hacınski” (Misir Mərdanov, “Azərbaycan təhsil tarixi”, I cild, Bakı-2011, “Təhsil” nəşriyyatı) formalaşması ilə əlaqədar elm və təhsil sahəsində nəzərəçarpan canlanmanın yaranması, xüsusilə də əlifba islahatına cəhddən tutmuş mədrəsə tipli təhsil ocaqlarının yaranmasına, ana dilində təhsil verən dünyəvi məktəblərin təşəkkülünə, kadr hazırlığı, dərslik, proqram, milli tərbiyə məsələlərinə qədər taleyüklü problemlərin həlli istiqamətində ciddi fəaliyyətlər həyata keçirilmişdir. Belə bir fakt da xüsusilə əlamətdardır ki, “XIX əsrin sonunadək (1830-1898) Azərbaycanın şəhər və rayonlarında 190 təhsil müəssisəsi, o cümlədən qəza məktəbləri, ibtidai məktəblər, dəmiryolu məktəbləri, sənət məktəbləri, qız məktəbləri, bazar günü məktəbləri, 1914-1915-ci dərs ilində 21 ali ibtidai məktəb olmuşdur” (Misir Mərdanov, “Azərbaycan təhsil tarixi”, I cild, Bakı-2011, “Təhsil” nəşriyyatı). Bütün bunlar, eləcə də sonrakı dövrlərdə, həmçinin keçmiş şura hakimiyyəti zamanında təhsil infrastrukturunun təkmilləşdirilməsi və qismən modernləşdirilməsi üçün bazis rolu oynamışdır.

 

Ölkəmizin bütövlükdə təhsil sistemində, o cümlədən ümumi təhsil sahəsində modernləşmə prosesinin, sözün əsl mənasında, gerçəkliyə çevrilməsi bilavasitə dövlət müstəqilliyimizin bərpası ilə bağlıdır. Burada diqqətçəkən amil təkcə infrastrukturun inkişafı ilə bağlı deyildir, məsələnin digər vacib tərəfi müstəqilliyin yaratdığı sağlam siyasi, psixoloji, mənəvi-hüquqi ab-hava şəraitində insanların sosial-iqtisadi, humanitar dəyərlərə baxış və yanaşmalarının dəyişməsi, cəmiyyətdə milli qürur və milli iftixar hisslərinin, yaradıcılıq əzminin güclənməsi, mütərəqqi təcrübələri öyrənmə və qarşılıqlı zənginləşmə meyillərinin getdikcə atması ilə şərtlənir. Bu mənada dövlət müstəqilliyi insanlara ruh yüksəkliyi, gələcəyə nikbinlik, mənəvi rahatlıq bəxş etməklə yanaşı, özü ilə yeni tələb və vəzifələr də gətirdi. Ümumi təhsil sahəsi üzrə ən mühüm vəzifə isə sürətlə qloballaşan dünyada mənəvi tarazlığını qoruyub saxlamağı bacaran, rəqabət labirintində özünü itirməyən, inkişaf və tərəqqinin təminatçısı olan modern təfəkkürlü və qurucu düşüncəli, həmçinin milli soykökünə bağlı, vətənə sədaqətli mübariz nəsil yetişdirməkdən, bu müqəddəs işi yerinə yetirməyə qadir olan məktəblər və pedaqoji kadrlar ərsəyə gətirməkdən ibarət idi.

 

Yaxın tarixi vərəqləsək, həmin xoşməramlı, taleyüklü missiyanın məhz ulu öndər Heydər Əliyevin 30 mart 1998-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların keçirilməsi yollarını müəyyənləşdirən Proqramın hazırlanması üzrə Dövlət Komissiyasının yaradılmasından və həmin komissiya tərəfindən ərsəyə gətirilib Ulu Öndərin 1999-cu il 15 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş müstəsna tarixi və strateji əhəmiyyətə malik “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”ndan başlanmasının, məhz bu sənədin ümumi təhsili əhatə edən məsələlərin modernləşdirilməsinə aparan yol olduğunun şahidi oluruq. Sonradan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dövlətin təhsil sahəsində siyasətinin əsas prinsipləri kimi təsbit edilən və ümumi təhsilin məzmununun, eləcə də idarə olunmasının yeni mərhələyə keçidini, dünya təcrübəsi əsasında modern təhsilin tədricən həyata keçirilməsini şərtləndirən müasir ideyaların, ilk növbədə, təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, humanitarlaşdırılması, diferensiallaşdırılması, habelə təhsilalanın şəxsiyyət kimi formalaşdırılması və onun təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektinə çevrilməsinin təmin edilməsi, təhsil sahəsində elmi araşdırmaların innovativ xarakter daşıması, müasir tədris texnologiyalarının və pedaqoji innovasiyaların hazırlanıb əməli fəaliyyətdə tətbiqi ideyalarının nəzəri müddəaları həmin proqramda əsaslandırılmışdır.

 

Əslində, 2000-ci ildən etibarən daha da genişlənən islahatyönlü tədbirlərin sayəsində şüara çevrilən “yaddaş, hafizə məktəbindən düşüncə, təfəkkür məktəbinə keçid” ideyası, ümumi təhsilin məzmununun nəticəyönümlük, şagirdyönümlük, şəxsiyyətyönümlük, varislik, inteqrativlik kimi didaktik prinsiplər üzrə müəyyən olunması, məzmunun zəruri biliklərlə yanaşı, vacib həyati bacarıqlara yönəlmiş standartlar üzərində qurulması, sərbəst, fərqli düşüncə tərzinin, təfəkkür çevikliyi, yaradıcı münasibət və müstəqil qərar qəbuletmənin, tədqiqatçılıq meyillərinin  şagirdlər üçün üstün keyfiyyət sayılması, təhsil prosesinin “müəllim-şagird” əməkdaşlığı mənasında qəbul olunması və s. İslahat Proqramından qaynaqlanmaqla dünya təcrübəsi əsasında  yeni bir mütərəqqi istiqaməti ifadə edərək modernləşmənin dönməz prosesə çevriləcəyindən xəbər verirdi.

 

Proqramda nəzərdə tutulan islahat xarakterli ideyaların təlimati və izahedici tədbirlər vasitəsi ilə həyata keçirilməsinə başlanması cəmiyyətdə, xüsusilə də təhsil ictimaiyyətində böyük əks-səda doğurdu, müasir tələblərin, yanaşmaların qəbulunda çətinliklər yaransa da, əvvəlki yola geridönüşün mümkünsüzlüyü göz qabağında idi. Bu isə mütərəqqi düşüncənin işığında beyinlərdə oyanışın, təfəkkürdə ümumi təhsil problemlərinə yeni baxışların formalaşdığının real göstəricisinə çevrilirdi. Təhsil Sisteminin İnkişafı Layihələri əsasında ümumtəhsil məktəblərində tədris olunan fənlərin zəruriliyini şərtləndirən yeni əsaslandırmaların, müasir məqsəd və vəzifələrin, nəticə standartlarının müəyyənləşdirilməsi, ümumi təhsilli şəxsin formalaşmasına bu fənlərin hər biri vasitəsilə hansı həyati bacarıqların təlqin edilməsi, şagird nailiyyətlərinin “gündəlik”, “cari” xarakter daşıyan qiymətləndirilməsindən imtina olunaraq üç növdən (diaqnostik, formativ, summativ) ibarət məktəbdaxili qiymətləndirmə sisteminin məqsədəuyğun sayılması, bilik və bacarıqların hərtərəfli mənimsənilməsinə xidmət edən fəndaxili və fənlərarası inteqrasiyanın gücləndirilməsi, ümumi təhsilin dövlət standartlarının hökumət səviyyəsində təsdiq olunması və bunların əsasında fənn proqramlarının (kurikulumların) hazırlanıb təsdiq edilməsi, təhsil həyatının humanitarlaşdırılması, şəxsiyyətyönümlü və bacarıqlara əsaslanan təhsilin diqqət mərkəzinə gətirilməsi, şagirdlərin istedad səviyyəsinə görə diferensiasiyası cəmiyyətdə insanların təhsil dünyagörüşünün modernləşməsini sürətləndirən amil rolunu oynamışdır.

 

Yeri gəlmişkən, o da inkarolunmaz fakt kimi qeyd olunmalıdır ki, ümumi təhsil sahəsində infrastrukturun yenidən qurulması və müasir standartlar səviyyəsinə qaldırılması da cəmiyyətdə bilavasitə təhsilin keyfiyyətinin təminatı ilə bağlı dövlət siyasətinin bir istiqaməti kimi qəbul edilmiş, normal şəraitin hökm sürdüyü məktəblərdə daim ruh yüksəkliyinin, sağlam mənəvi-psixoloji iqlimin, yaradıcı iş əzminin bərqərar olmasının təzahürü olaraq qiymətləndirilmişdir.

 

Müasir təhsil tariximizin 1999-cu idən 2013-cü ilədək olan hissəsini ümumi təhsil sahəsində islahatyönlü tədbirlərin başlanması və nəzərdə tutulmuş istiqamətlər üzrə təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ümumi təhsilin dövlət standartlarının təsdiq edilməsi, fənlər üzrə yeni proqram və dərsliklərin yaradılması, təhsil işçiləri və cəmiyyət üzvlərinin maarifləndirilməsi və s. tədbirlər təşkil etmiş, beləliklə də ümumi təhsildə mütərəqqi dünya təcrübəsinə əsaslanan modern üslublu yeni dövrün bünövrəsi qoyulmuş və tədricən inkişaf etdirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əvvəlki illərdə qazanılmış təcrübə və nailiyyətləri nəzərə almaqla uzun illər üçün proqram sənədi kimi ümumi təhsil sahəsində gələcək inkişaf perspektivlərini, fəaliyyət hədəflərini müəyyənləşdirmişdir. Sənədin mahiyyətindən irəli gələn tələblərə görə, ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişafı, təhsilalanlarda rəqabətədavamlılıq qabiliyyətinin formalaşdırılması və onların müasir bilik və bacarıqlara yiyələnməsinin təmin olunmasına istiqamətlənmiş səriştəəsaslı, şəxsiyyətyönümlü təhsil proqramlarının hazırlanması, ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına daha da uyğunlaşdırılması, idarəetmə sisteminin yenidən qurulması, İKT əsaslı təlim texnologiyalarına uyğun infrastruktur yaradılması, istedadlı təhsilalanlar üçün xüsusi proqramların tərtibi, ümumi təhsil sahəsində beynəlxalq təcrübənin daha sistemli və dərindən öyrənilməklə tətbiqi ümumi təhsilin modern xarakterli inkişafı üçün hüquqi əsas olmuşdur.

 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əvvəlki illərdə ümumi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərmiş tədbirlər qeyd olunmaqla yanaşı, növbəti mərhələnin prioritet hədəfləri (səriştəəsaslı məzmunun tətbiqi, beynəlxalq qiymətləndirmə layihələrində göstəricilərin  yaxşılaşması, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması, nəticəyönlü idarəetmə və maliyyələşmə sisteminin qurulması, təmayüllü və inklüziv təhsilin əhatəliliyinin genişləndirilməsi) müəyyənləşdirilmiş, məzmun islahatlarının əsas istiqaməti kimi STEAM əsaslı tədrisin tətbiq dairəsinin artırılması xüsusi tələb olaraq nəzərdə tutulmuşdur.

 

Yeri gəlmişkən, ümumi təhsilin modernləşdirilməsindən danışırıqsa, bir sıra qabaqcıl xarici dövlətlərdə (İngiltərə, Cənubi Koreya, İsrail, ABŞ, Türkiyə, İtaliya və s.) uğurla tətbiq olunan STEAM yönlü təhsil prosesinin ölkəmizdə də reallaşması istiqamətində tədbirlərin həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

 

STEAM əsaslı tədris konkret olaraq ümumi təhsilin məzmununun yeni mərhələyə yüksəldilməsini ehtiva edir. Bu yanaşma “bilik-bacarıq” tandemi zəminində formalaşan səriştələrin dəyərlərə çevrilməsinə birbaşa xidmət göstərir. İstər məktəbəqədər, istərsə də ümumi təhsilə cəlb olunmuş uşaqlarda yaş səviyyələrinə uyğun olaraq, ünsiyyət, əməkdaşlıq, kollektivçilik, təşəbbüskarlıq, çeviklik, tənqidi, texnoloji, riyazi təfəkkür, yaradıcı düşüncə, problem həlletmə kimi keyfiyyətlərin tədricən təşəkkülü ölkəmizdə təhsil islahatları başlandıqdan sonra prioritet olaraq diqqət mərkəzinə çəkilmiş, məzmun standartları mahiyyətcə həmin keyfiyyətlərin reallaşdırılmasına yönəldilmişdir. Bununla belə, aydın görünür ki, STEAM yönlü təhsil siyasətinin mərkəzi xəttini fənlərin inteqrativ (fəndaxili, fənlərarası) əsasda, kombinə edilmiş formada tədrisi, fənlər üzrə zəruri ideyaları sintez etməklə qazanılmış bacarıqların məqsədəuyğun tətbiqi, təhsilalanlarda sərbəst düşünmə, axtarış, tədqiqat, yenilikçilik meyillərinin gücləndirilməsi təşkil edir.

 

Bununla əlaqədar müəyyən məsələləri nəzərdən keçirmək olar. Madam ki, ümumi təhsilin modernləşdirilməsinə xidmət edən STEAM ölkədə aparılan məzmun islahatlarının əsas istiqaməti kimi müəyyənləşdirilmişdir, o zaman ümumi təhsili əhatə edən fənlərin, xüsusilə, riyaziyyat, fizika, kimya, texnologiya fənlərinin standarlarına elmi-pedaqoji müzakirələrin nəticələrinə uyğun yenidən baxılıb təkmilləşdirilməsi zərurəti meydana çıxır. Özünəməxsus xüsusiyyətləri və məqsədləri nəzərə alınmaqla bu fənlərin məzmun standartlarının mühəndislik elementləri, eləcə də hazırkı tələblər səviyyəsinə uyğun modelləşdirmə, dizayn, quraşdırma, tərtibetmə, layihələndirmə, təhliletmə, emaletmə, tətbiqetmə, fərqləndirmə, ehtimaletmə, proqnozlaşdırma, proqramlaşdırma, əlaqələndirmə, əsaslandırma, təcrübəçilik bacarıqları, həmçinin alqoritmik və fəza təfəkkürünün inkişafı ilə bağlı keyfiyyətlərlə daha da zənginləşdirilməsi məqsədəmüvafiq olardı. Həm də təcrübə göstərir ki, standartlarda nəzərdə tutulanların inteqrativ xarakterdə, həyati, əyləncəli nümunələrlə reallaşdırılması uşaqlar üçün xeyli maraqlı və yaddaqalan olur (əvvəllər məktəblərimizdə “Əyləncəli riyaziyyat”, “Əyləncəli fizika” və s. bu kimi tədris vəsaitlərindən istifadə edilirdi). Bu mənada inteqrativ proqramların hazırlanmasına başlanılması günün əsas tələblərindən biridir. Eyni zamanda STEAM əsaslı təhsilin tətbiqi, yəqin ki, məktəblərimizdə “Məntiq” kursunun tədrisinə gətirib çıxaracaqdır.

 

Digər bir diqqətçəkən məsələ ümumtəhsil məktəbləri üçün tədris planlarındakı fənlərə ayrılan saatlarla bağlıdır. Göründüyü kimi, ümumi təhsildə STEAM metodunun tətbiqi meyarlarından biri də uşaqların mənəvi-əxlaqi, estetik dünyagörüşünün formalaşmasında, ətraf aləm və təbiətlə əlaqəli harmonik inkişafında, həyati bacarıqların mənimsənilməsi və prakrtik reallaşdırılmasında incəsənətin rolunun qiymətləndirilməsi, musiqi və təsviri sənət elementlərinin digər fənlərlə inteqrasiyası imkanlarından səmərəli istifadə olunmasıdır. Bununla belə, indiyədək məqbul sayılan tədris planlarında bu fənlərə aid həftəlik saatlar hazırda mövcud tələbatı ödəmək imkanından uzaqdır. Əgər STEAM tədris siyasətinin əsasını elm, texnologiya, mühəndislik, riyaziyyat, incəsənət təşkil edirsə, məntiqə görə tədris planlarında təbiət, riyaziyyat, texnologiya, incəsənət fənlərinin mövqeyini möhkəmlətməklə bağlı məsələyə  yenidən baxmaq, bu istiqamətdə müzakirələr keçirmək yerinə düşərdi.

 

İnteqrasiya məsələlərinə gəldikdə isə, nümunə üçün deyək ki, məsələn, “Təsviri incəsənət”lə “Riyaziyyat” (ölçü, simmetriya, forma, qrafikləşdirmə, fəza təsəvvürü), “Coğrafiya” (kartoqrafik təsvirlər, xəritə hazırlanması, diaqram və cədvəllərin qurulması), “Texnologiya” (layihələndirmə, quraşdırma, yerləşdirmə, dizayn), “İnformatika” (informativ və təbii modellərin qurulması, tərtibatçılıq) arasında inteqrasiyanın yaradılması şagirdlərin təsvir və təsviretmə məfhumları barədə anlayışlarının genişlənməsinə və mahiyyəti asan qavramalarına real zəmin yarada bilər.

 

Daha dərindən diqqət yetirsək, dil (ədəbiyyat) tədrisi materiallarının da incəsənətlə, riyaziyyatla əlaqəsini görmək mümkündür. Məsələn, musiqi əsərlərinin özəyini təşkil edən ritmləri şeir vəznləri (heca, əruz, sərbəst), poeziya nümunələrindəki samitlərin təkrarı və biri-birini izləməsi nəticəsində yaranan alletrasiya hadisəsini musiqi lövhələrindəki ritmlərin ahəng ardıcıllığı, nitqdə yanlış ifadənin musiqidə xaric səslənmə, dilimizin axıcılığının musiqinin rəvan duyğusallığı ilə müqayisəsi, yığcamlıq və lakoniklik tələbi cəhətdən nitq və riyaziyyatın eyni müstəvidə kəsişməsi, yerli-yerində və dəqiqliklə ifadə edilməklə dil faktlarının (vahidlərinin) tərtibatçılıq bacarığı aşılanmasında mühüm rol oynaması reallıqdır. Təsəvvür etmək çətin deyil ki, gözəl bir təbiət mənzərəsini əks etdirən tablo əsasında yaradıcı yazı yazmaları, yaxud burada təsvir olunanları şərh etmələri onların şifahi və yazılı nitqlərini zənginləşdirməklə bərabər, şagirdlər müxtəlif çalarlı rəng effektləri vasitəsilə yaranan rəsm əsərinin oyatdığı estetik hisslərin təsirini yaşayır, həm də şəkildə əks olunan görüntülərin (ağaclar, kollar, güllər, açıq səma, ev, otlaq sahəsi, təsərrüfat heyvanları və s.) müəyyən ölçülü çərçivədə necə proporsional yerləşdirilməsinin şahidi olurlar. Şübhəsiz, belə nümunələrin sayını xeyli artırmaq və inteqrativ əsasda sistemləşdirmək mümkündür.

 

Ümumiyyətlə, STEAM təhsil fəlsəfəsinin tələbi ilə yanaşsaq, ümumtəhsil müəssisəsində tədris edilən “Texnologiya” fənninin standartları elə müəyyənləşdirilib digər aidiyyəti fənlərlə elə inteqrasiya olunmalıdır ki, məzmun və qazanılan bacarıqlar etibarı ilə məzunların peşə təhsili müəssisələrinə istiqamətlənməsinə zəmin yaransın. Eləcə də şagirdlərdə elmi xarakterli fərziyyələrin və fantaziyaların, kreativ düşüncə tərzinin təşəkkülündə xüsusilə təbiət fənlərinin üstünlüyü danılmazdır və şübhəsiz, yerlərdə şagird elmi cəmiyyətlərinin (ŞEC), “Kiçik akademiya”ların yenidən formalaşması vacib məsələlərdən hesab olunur. Bununla yanaşı, orta məktəb uşaqlarının texniki, bədii-estetik dünyagörüşünün genişlənməsində, yaradıcılıq potensialının reallaşmasında mühüm rola malik məktəbdənkənar inkişaf mərkəzlərinin fəaliyyətinin XXI əsr bacarıqlarının formalaşdrılmasına daha geniş və məqsədli yönəldilməsi və bu məqsədlə maddi-texniki bazanın yenidənqurulması əsas vəzifələrdən biri sayılmalıdır.

 

Müasir dövrdə tədricən ümumi təhsilin modern inkişafının təminatçısına çevrilməkdə olan STEAM tədris formasının tətbiqinə tamlıq, bütövlük prinsipi rəhbər tutulmaqla qanunauyğunluq və sistemlilik əsasında ilk əvvəllər pilot layihə şəklində olsa da, məktəbəqədər təhsildən başlanması və ardıcıl davam etdirilməsi, bununla bağlı pedaqoji müzakirə və tədqiqatların aparılması məqsədəmüvafiq olardı. STEAM-ın gələcək uğurları prosesin belə təşkilindən, xüsusilə, ibtidai təhsil səviyyəsində müəllimlərin elmi-nəzəri hazırlıq səviyyəsindən və peşəkarlıq keyfiyyətindən, təlim standartlarının istiqamətinin STEAM ideyalarının reallaşmasına yönəldilməsindən və nəzərdə tutulanların həyata keçirilməsi üçün etibarlı maddi-tədris baza yaradılmasından çox asılıdır. Eyni zamanda, uşaqlarda xarici dil bacarıqlarının formalaşmasını vacib tələb kimi həmişə irəli sürürüksə, o zaman beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilinin öyrədilməsinə məktəbəqədər müəssisələrdən başlamağı,  ibtidai və ümumi orta təhsil səviyyələrində bu dilin tədrisinə diqqətin daha da gücləndirilməsini, sınaqdan çıxmış təkmil səviyyəli dilöyrətmə metodikalarının tətbiqini hazırkı dövrdə öz aktuallığı ilə seçilən məsələlər hesab etmək olar.

 

Beləliklə, bugünkü ümumi təhsilimizin metodoloji əsasını, aparıcı fəaliyyət istiqamətini geniş mənada inkişafı şərtləndirən modernləşmənin təşkil etdiyini, azərbaycançılıq məfkurəsini ideoloji, milli-mənəvi təməl hesab etməklə modern təhsilin ideya istiqamətinin STEAM təhsil fəlsəfəsi əsasında innovativlik, inteqrativlik, müasirlik prinsipləri üzərində qurulduğunu əminliklə söyləyə  bilərik.

 

Həyata keçirilən hər bir fəaliyyətin mərkəzində müəyyən səbəb dayanır və hər bir fəaliyyət də nəticə ilə yekunlaşmalıdır. Əgər ümumi təhsilini başa vuran yeniyetmə yaşadığı zamanın tələblərinə uyğun bilik, bacarıq və səriştələrə yiyələnməklə mənəviyyatlı, özünəinamlı, Vətəninə, millətinə faydalı vətəndaş kimi məktəbdən  cəmiyyətə transfer olunursa, bu, təhsilin məqsədlərinə dair bütün mümkün nəzəri fikirlərin reallığa çevrilməsinin, sözlə əməl birliyinin əyani sübutu kimi qəbul edilər.

 

P.S.   Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin fəlsəfi məna daşıyan “Ömür yolu-məchuldan məluma yol açmaqdır” fikri insanın həyatı boyu axtarışda, inkişafda olduğunu ehtiva edir. Çox güman, məchuldan məluma gedən yol, elə modernləşmənin yoludur.

 

Aydın ƏHMƏDOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

 



09.12.2022 | 13:11