MDU-da Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XIV elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.

 

Konfransda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov tələbələrin elmi tədbirlərdə fəal iştirakından məmnunluğunu bildirib. Gənclərin elmə marağının artırılması və tədqiqat bacarıqlarının inkişafı istiqamətində universitetin fəaliyyətindən bəhs edən V.Əyyubov bununla bağlı TEC-in gördüyü işləri müsbət dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb.

 

Sonra TEC-in sədri Günəş Şəfaqətovun moderatorluğu ilə məruzələr dinlənilib. MDU-nun tələbələrindən Əli Abbasov “Zəfərə aparan yolun Şuşa zirvəsi”, Nail İsmayılov “Üzən Külək Elektrik Stansiyaları”, Kənan Mustafayev “İnnovasiyalı insan kapitalının inkişafında gəncliyin rolu”, Cəmilə Balakişiyeva “Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim: xarici dil dərslərində linqvistik kompetensiyaların aşılanması yolları” və Səmra Əmirli “Azərbaycanda xalçaçılıq sənəti” mövzusunda çıxış ediblər.

 

Daha sonra tələbələrdən Ayaz Məmmədov “Ədədi inteqrallaşma üçün alqoritmlər”, Fidan Babayeva və Rövşən Əhmədov “Davamlı inkişafın idarə olunmasında elm və təhsilin rolu”, Qumral Süleymanlı və Fatma Hüseynova “Avtomatikanın təkamülü sənaye inqilablarının nəticəsidir, yoxsa səbəbi?”, Arzu Qasımova və Gülər Yolçuyeva “Gənc kadrların hazırlanmasında dövlətin maliyyə dəstəyi” mövzusunda məruzələrini təqdim ediblər.

 

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

 



08.12.2022 | 16:12