“Hər damcı bir həyatdır!” adlı ekoloji layihə-müsabiqə

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən orta məktəb şagirdləri və məktəbdənkənar müəssisələrin dərnək üzvləri arasında “Hər damcı bir həyatdır” adlı müsabiqə keçirilib.

 

Müsabiqə rəsm və plakat, esse, videoçarx nominasiyalar üzrə təşkil olunub.

 

Bölgələrdə və Bakı şəhərində təhsil alan şagirdlər müsabiqəyə, ümumilikdə 200-dən artıq iş təqdim ediblər.

 

Müsabiqədə I, II və III yerlərin qalibləri 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə  təltif olunublar.

 

5 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzinin akt zalında adıçəkilən ekoloji layihə-müsabiqə  çərçivəsində  “Su ətraf aləmdə” elmi–praktik konfransı da keçirilib.

 

Konfrans sudan qənaətlə istifadə etmək, su hövzələrinin çirkləndirilməsinin qarşısının alınması istiqamətində uşaq və yeniyetmələrin savadlılığının artırılması, hər damcı suyun qiymətinin dəyərli olduğunu gənc nəslin və cəmiyyətin diqqətinə çatdırmaq məqsədini daşıyıb.

 

Mərkəzin akt zalında  “Təsviri incəsənət studiyası”, “Aplikasiya və dekorativ rəsm” dərnəyi üzvlərinin əl işlərindən və rəsmlərdən ibarət sərgi də təşkil olunub.

 

Konfransda qonaq qismində İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov iştirak ediblər.

 



08.12.2022 | 11:23