Təhsilin keyfiyyət göstəriciləri | |
“Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası”nın imzalanmasının 5 ili tamam olur. Artıq 5 ildir ki, təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Hərçənd təhsil elə bir sahədir ki, burada dəyişikliklərə qiymət vermək üçün bu müddət kifayət etmir, ancaq dəyişən keyfiyyəti fərq etməmək də mümkün deyil. Prezident İlham Əliyev də öz çıxışlarında bu məqamı xüsusi vurğulayır ki, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır.
Bəs, təhsilin artan keyfiyyətini hansı göstəricilər müəyyən edir?
İlk növbədə onu qeyd etmək lazımdır ki, təhsilin əhatəliliyi və əlçatanlığı, təhsildə ölçüləbilən meyarlar əsasında keyfiyyətin yüksəlməsi, sosial bərabərlik prinsipinin təmin edilməsi istiqamətində müsbət dinamika nəzərə çarpır.
Ölkəmizdə təhsildə keyfiyyət artımı Təhsil Nazirliyinin yalnız öz hesablamalarının, tədqiqatlarının nəticələri ilə müəyyən edilmir. Azərbaycan beynəlxalq qiymətləndirilmələrdə iştirak edir. PISA, TIMS və PIRLS beynəlxalq qiymətləndirilmələrində iştirak barədə verilən qərar məhz keyfiyyət dəyişikliyini düzgün müəyyənləşdirmək istəyindən doğub.
2017-ci ilin dekabr ayında Azərbaycan şagirdlərinin PIRLS beynəlxalq tədqiqatında iştirakının nəticələri açıqlandı. 10 yaşlı uşaqların oxuyub-anlama qabiliyyətinin ölçülməsinə dair bu tədqiqatın nəticəsi olaraq yeni proqramla, kurikulumla oxuyan uşaqların 2011-ci ildə keçirilən beynəlxalq qiymətləndirmənin nəticələri ilə müqayisədə daha yüksək nəticələr göstərdiyi ortaya çıxdı. Həm orta bal göstəricisi, həm də “mükəmməl” və “yüksək” nəticə göstərən şagirdlərin faiz nisbətinin 2 dəfə artması, çox zəif nəticə göstərən şagirdlərin sayının azalması orta məktəblərin inkişafda olan durumundan xəbər verir.
Xatırladaq ki, növbəti illərdə digər yaş qruplarını əhatə edən başqa beynəlxalq qiymətləndirmələrdə PISA və TIMS-də də iştiraka qərar verilib. Üstəlik, Təhsil naziri Ceyhun Bayramov Bakı təhsil işçilərinin sentyabr konfransında xüsusi qeyd edib ki, təhsildə strateji qərarların alınmasında məhz bu qiymətləndirmədə iştirakın təhlillərinin nəticələrinə üstünlük verilir.
Müəllimə və müəllimliyə qarşı tələblərin artmasının nəticəsidir ki, son illərdə bu peşəyə olan münasibət dəyişib. Diaqnostik qiymətləndirmənin keçirilməsi, onun nəticəsində əməkhaqqı islahatı, Azərbaycanın bütün coğrafiyasında ümumtəhsil məktəblərinin simasının dəyişməsi, maddi-texniki bazasının gücləndirilməsi, “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsi, şəffaf və açıq işə qəbul sisteminin tətbiqi nəticəsində müəllimliyin nüfuzu yüksəlib. Bu da özünü builki qəbul kampaniyasının nəticələrində göstərib. Məsələn, bu il ali məktəblərə qəbul imtahanlarında 500-692 bal toplayaraq yüksək nəticə göstərən 2090 nəfər müəllimlik ixtisasını seçib. Əgər 4 il əvvəl ADPU-ya cəmi 20 nəfər 500-dən yüksək nəticə göstərən abituriyent qəbul olunmuşdusa, bu il onların sayı 527 nəfərdir. Bu isə o deməkdir ki, təhsildə keyfiyyət 20 ilə 527 arasındakı fərq qədərdir.
Ali təhsil pilləsində də vəziyyət ümidverici sayıla bilər. Azərbaycanın 6 ali təhsil müəssisəsi Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinq siyahısına daxil olub. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlində BDU (95-ci) ilə yanaşı, Xəzər Universiteti (100-cü) də ən yaxşı 100 universitet siyahısına düşə bilib.
Uzun illər diqqətdən kənarda qalmış peşə təhsili sahəsində görülən işlər islahatların bütün sahələri əhatə etdiyini göstərir və bu yanaşma beynəlxalq hesabatlarda əksini tapır. Avropa İttifaqının 2018-ci il üçün Azərbaycan üzrə tərtib etdiyi biznes mühiti hesabatında Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılmasını, habelə peşə təhsili və təlimin müsbət nəticələrini qeyd ediblər.
Amma ən əsas məqam ondan ibarətdir ki, keyfiyyətin artması üçün yalnız müəllim-şagird yox, prosesin üçüncü iştirakçısı olan valideynlər də çalışır.
Beləliklə, təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Təhsildə bütün istiqamətlər və parametrlər üzrə müsbət dəyişiklik nəzərə çarpır. Bunu isə həm daxili, həm də beynəlxalq qiymətləndirmələrin nəticələri təsdiq edir.
Ruhiyyə DAŞSALAHLI
|
|
21.09.2018 | 09:25 | |
|
|
|