Böyük istiqlal şairi

Azərbaycan xalqının tarixində xüsusi xidmətləri olan görkəmli şəxsiyyət, böyük şair, tanınmış maarifçi və ictimai xadimlərdən biri də Əhməd Cavaddır. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istiqlal şairi kimi müstəsna mövqeyə malik olan bu böyük söz ustasının anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında 20 aprel 2022-ci ildə sərəncam imzalamış və onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Zəngin yaradıcılığı nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

 

Əhməd Cavad – Cavad Məmmədli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlmişdir.

 

Cavad ilk təhsilini kənddə, molla yanında (üç il) almışdır. Hələ uşaq yaşlarından bir sıra əcnəbi dillərə – ərəb və fars, sonralar isə rus dilinə dərindən yiyələnmişdir.

 

Araşdırmalardan məlum olur ki, kiçik yaşlarında ikən atası vəfat etmiş, anası Yaxşı xanım Cavadı götürüb Gəncəyə gəlmiş, burada xalça sexində işə düzəlmişdir. 1906-cı ildə Ə.Cavad Gəncədə Müsəlman Ruhani Seminariyasında təhsilini davam etdirmişdir. Əla qiymətlərlə oxuduğuna görə ona “Xeyriyyə” cəmiyyəti tərəfindən hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilmişdir. Seminariyada Abdulla Şaiq, Hüseyn Cavid, İdris Axundzadə kimi ziyalılar Əhməd Cavadın müəllimi olmuşlar. O, Seminariyada 6 il oxumuş, 1912-ci ildə təhsilini başa vurmuşdur.

 

Ə.Cavad 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan vermiş, “Şərəfli türk və fars dilləri müəllimi” adını almışdır. Sonra müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

 

O, 1912-1913-cü illərdə Balkan müharibəsində, könüllü olaraq Türkiyə tərəfində bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Birinci Dünya müharibəsi illərində Ə.Cavad bir çox qəzetlərdə xüsusi müxbir kimi fəaliyyət göstərmiş, “İqbal”, “Yeni iqbal”, “Şəlalə”, “Açıq söz”, “Azərbaycan”, “Maarif və mədəniyyət”, “Maarif işçisi” kimi mətbuat orqanlarında xəbərlər, reportajlar, oçerklər, sənədli hekayələr, felyetonlar, tarixi əsərlər, etnoqrafik etüdlər və s. dərc etdirmişdir. Müharibə illərində xeyriyyəçilik fəaliyyətini də davam etdirmiş, zərərçəkənlərə əməli kömək göstərmiş, bu barədə silsilə yazılar çap etdirmişdir. Bu dövrdə onun yaradıcılığında müharibə mövzusu əsas yer tutmuş, eyni zamanda milli istiqlala çağırış mövzusunda şeirlər yazmışdır.

 

Ə.Cavad türk ellərini gəzərək bayatılar, folklor nümunələri toplayır, türk uşaqları üçün məktəblərin, uşaq evlərinin açılmasında təşəbbüs göstərir, xalqı maarifləndirməyə səsləyirdi. Ə.Cavad türk xalqını, onun qəhrəmanlığını tərənnüm edən dəyərli şeirlərin müəllifidir.

 

Təsadüfi deyil ki, Ə.Cavad təkcə Azərbaycanda deyil, bütün türk dünyasında böyük şair, fədakar, qəhrəman türk oğlu kimi tanınır. Azərbaycan Xalq Cümhuriyyətinə qədər, AXC  dövründə və AXC-dən sonrakı illərdə onun yaradıcılığının ana xəttini türkçülük, vətənpərvərlik, dövlətçilik, millilik ideyaları təşkil edir.

 

Ə.Cavadın 1918-1920-ci və sonrakı illərdəki yaradıcılığı xüsusi mərhələ təşkil edir. AXC dövründə Ə.Cavadın yaradıcılığı daha çox milli azadlıq mübarizəsinə həsr olunmuşdur. “Ey əsgər” (1918), “Bismillah”(1918), “Qalx”(1919), “Nədən yarandın”, “Marş” (1918), “Türk ordusuna” (1918) və s. bu dövrdə yazılmışdır.

 

Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan türk əsgərlərinə Bakıda Şəhidlər abidəsinin təməlqoyma mərasimində iştirak edən şair Ə.Cavad “Qalx” şeirini oxumuşdur:

 

Qalx, qalx sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə qızlar, gəlinlər,

Ey karvan keçidi,  yollar üstündə,

Hər gələn yolçuya yol salan əsgər.

 

AXC dövründə Ə.Cavad 100-dən çox şair və yazıçını öz ətrafında birləşdirən “Yaşıl qələmlər” dərnəyinin üzvü idi. Dərnək üzvləri yeni dövrdə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafı naminə yeni məzmunlu əsərlər yazır, xalqın milli özünüdərki istiqamətində səylər göstərirdilər. Sonralar isə Ə.Cavad həm də Proletar Yazıçıları Cəmiyyətinin üzvü olmuşdur. Ə.Cavad AXC-nin Gürcüstanda və Dağıstanda fövqəladə və səlahiyyətli nümayəndəsi kimi də xeyli işlər görmüşdür. 

 

Əhməd Cavad 1920-1922-ci illərdə Quba qəzasının Xuluq kəndində müəllim işləmiş, türk və rus dillərindən dərs demişdir. 1922-ci ildə Bakıya gələrək, Ali Pedaqoji İnstituta daxil olmuş, 1926-cı ildə institutu müvəffəqiyyətlə bitirmişdir. N.Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim,  dosent, professor və kafedra müdiri vəzifələrində işləmişdir. O, AXC dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi kimi də tanınır.

 

Əhməd Cavad 1920-1922-ci illərdə siyasi görüşlərinə, yazılarına görə 3 dəfə həbs olunub. O, birinci dəfə Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçırılmasında günahlandırılmış və 1923-cü ildə (bir neçə aylıq), ikinci dəfə 1925-ci ildə (5-6 ay həbsdə saxlanılmış – “Göy göl” şeirinə görə), 3-cü dəfə isə 4 iyun 1937-ci ildə Hüseyn Cavid, Mikayıl Müşfiq və Vəli Xuluflu ilə birgə həbs edilmişdir. 1937-ci ilin oktyabrın 12-də Ə.Cavada hökm oxunmuş (məhkəmə cəmi 15 dəqiqə davam etmişdi), oktyabrın 12-dən 13-nə keçən gecə güllələnmişdir.

 

Xalqımızın sevdiyi, həmişə böyük hörmət və ehtiramla yad etdiyi şəxsiyyətlər sırasında Əhməd Cavadın xüsusi yeri vardır. Əhməd Cavadın çoxşaxəli fəaliyyəti böyüyən nəsillərimiz üçün örnəkdir. O, milli-azadlıq mübarizəsində əməli işi, xeyriyyəçiliyi, çalışdığı sahələrdə vətənə, xalqa xidməti, o cümlədən yazdığı əsərləri ilə xalqımızın yaddaşında dərin iz buraxmışdır. O, zülmə, istibdada, əsarətə heç zaman boyun əyməmiş, öz cəsarəti, alovlu çıxışları ilə xalqda milli azadlıq, dövlətçilik şüurunun inkişafına güclü təsir göstərmişdir. Öz əsərlərində milli müstəqillik, istiqlalçılıq ideyalarını tərənnüm etməklə xalqın milli ruhunun inkişafında mühüm rol oynamışdır. Sovet dövründə uzun müddət Əhməd Cavad yaradıcılığını öyrənmək, təbliğ etmək qadağan olunsa da, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun həyat və yaradıcılığını tədqiq və tədris etmək üçün geniş imkanlar yaradılmış və bu istiqamətdə təqdirəlayiq işlər görülmüşdür. Əhməd Cavad irsi ilə bağlı ciddi araşdırmalar aparılmış, onun həyat və yaradıcılığının haqlı olaraq tədris proqramlarına daxil edilməsi məqsədəuyğun bilinmişdir. Dövlət Himnimizin sözləri isə məhz  böyük şairimiz Ə.Cavada (musiqisi Ü.Hacıbəyli) məxsusdur. Bu gün məktəbəqədər təhsil müəssisələrindən başlayaraq təhsilin bütün pillə və səviyyələrində Ə.Cavad şəxsiyyəti, onun həyat və yaradıcılığı ilə tanış olmaq imkanları vardır. Hər bir dərsliyin əvvəlinci səhifəsində Azərbaycan Respublikasının Dövlət Himni təqdim olunur. Dövlət Himninin sözləri hər bir azərbaycanlıda fərəh, qürur hissi doğurur. Bu sözlər insanı vətən, torpaq, dövlətin müdafiəsi uğrunda hər zaman mübarizəyə hazır olmağa səsləyir. Bu sözlər düşmənə aman verməməyə, doğma yurd uğrunda öz canını qurban verməyə hazır olmağa bir çağırışdır:

 

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

 

- misraları, həqiqətən, əzəmətli səslənir, bu çağırış gənclərimizin müstəqil dövlətimizin möhkəmləndirilməsi uğrunda mübarizə əzmini daha da gücləndirir.

Ə.Cavad Vətəni qorumaq hissini insanın şərəf, namus işi kimi yüksək dəyərləndirir. Vətən, bayraq anlayışlarını müqəddəs anlayışlar kimi qiymətləndirir, Vətən, dövlət bayrağını uca tutmağı övlad borcu hesab edir:

 

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

Azərbaycan! Azərbaycan!

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Himni müvafiq qaydalara uyğun olaraq rəsmi dövlət tədbirlərində, toplantı və yığıncaqlarda səsləndirilir. Bu himnin sözləri və musiqisi insanın qəlbini böyük fərəh və qürur hissi ilə coşdurur, bu himni oxuyarkən Vətənimizin keçmişi, bu günü və gələcəyi möhtəşəmliyi, əzəməti, vüqarı ilə göz önündə canlanır:

 

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu

 

- misralarında xalqımızın haqq səsi, Azərbaycanın müstəqil dövlətçiliyi uğrunda mübarizəsi, sinələrini hərbə meydan etmiş oğul və qızlarımızın qəhrəmanlıqları əksini tapmışdır. Bu misralar Azərbaycanın müstəqilliyinin nə qədər mürəkkəb şəraitdə əldə olunduğunu, çətin yollardan, sınaqlardan keçdiyini bir daha təsdiqləyir.

 

Məktəb dərsliklərini ələ alan şagird, ilk növbədə, məhz Ə.Cavadın bu şeiri ilə tanış olmaq imkanı qazanır, şairin aşıladığı milli ruhu, ifadə etdiyi duyğuları hiss edir və onda milli mənlik hissinin formalaşması və inkişafı üçün zəmin yaranır.

 

Ümumtəhsil məktəblərində ədəbiyyat və Azərbaycan tarixi fənlərinin tədrisində, həmçinin dərsdənkənar tədbirlərdə Ə.Cavad irsinin öyrənilməsi və təbliği imkanları daha genişdir. Məsələn, ədəbiyyat fənnindən 5-ci sinifdə dərsliyin “Yurd sevgisi, ana məhəbbəti” bölməsində (səh.44-45.) Ə.Cavadın “Azərbaycan! Azərbaycan!” (ixtisarla) şeiri verilmiş və bu şeirin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün geniş təsir imkanları vardır. Şeirdə yurd yeri, Vətən kimi,  Azərbaycanın əzəməti, ərazisinin təbiəti, bol nemətləri təsvir olunur.

 

Şeirdən aşağıdakı misralara diqqət edək:

 

Laçının var, tərlanın var,

Çoxlu şirin dastanın var,

Qorxun yoxdur, düşmanın var,

Azərbaycan, Azərbaycan! (səh.45)

 

Ə.Cavad Azərbaycanın qüdrətini, əzəmətini, heç nədən qorxmadığını göstərməklə, həm də düşməni unutmamağa, döyüşə hazır olmağa səsləyir. Bu fikirlər və bütövlükdə şeirdəki ideyalar şagirdlərin vətənpərvərlik hissinin formalaşmasına istiqamətlənmişdir.

 

9-cu sinifdə ədəbiyyat fənni üzrə “Azərbaycan bayrağına” şeiri (səh.13.) verilmiş və bu şeirdə şairin Vətənə, dövlətə, millətə olan sevgisi aydın və sadə dildə qələmə alınmış, türk tarixinin şanlı səhifələri dilə gətirilmişdir. Bu şeirin məzmunu şagirdlərdə dövlətə, dövlət bayrağına, Vətənə, millətə hörmət və məhəbbət aşılamaq, bütövlükdə vətənpərvərlik hissi formalaşdırmaq üçün geniş imkanlara malikdir. Əsərdə adıçəkilən Türküstan, üçrəngli bayraq, Turan, Qayı xan soyu və s. ifadələr şeirin milli ruha qida verən təsir gücünün göstəricisi kimi qeyd edilə bilər.

 

Ümumiyyətlə, Ə.Cavad yaradıcılığında bayrağa hörmət və sevgi hissi çox güclüdür.

 

Tarixdən məlumdur ki, Balkan müharibələrində, daha sonra I Dünya müharibəsində türk ordusu və donanması düşmən üzərində parlaq qələbələr çalmış, türk sərkərdələri, əsgərləri, qəhrəmanlıqları ilə tarix yazmışlar. Məhz həmin qəhrəmanlıqları tərənnüm edən şeirlərdən biri Ə.Cavadın 1914-cü ildə yazdığı  “Çırpınırdı Qara dəniz” şeiridir. Mətbuatda bu şeir bəzən “Yol ver türkün bayrağına” adı ilə qeyd edilir. Şeirdən bir parçaya diqqət edək:

 

Çırpınırdı Qara dəniz,

Baxıb türkün bayrağına

Ah! ... deyirdim, heç ölməzdim,

Düşə bilsəm ayağına!

 

Bu şeirdə türk bayrağına sevgi, məhəbbət ən yüksək səviyyədə ifadə olunmuşdur. Şair türk bayrağı, türk elləri ilə fəxr edir, nə qədər qürurlu olduğunu poetik dillə diqqətə çatdırır. Bu, əslində bir vətənpərvərlik nümunəsidir, böyüyən nəsillər üçün örnəkdir. Bu şeir hər türk övladının qəlbini Vətən eşqi ilə alovlandırır, onun ömür yoluna işıq  saçır. Nümunədən göründüyü kimi, Ə.Cavad irsində  vətənpərvərlik ideyaları başlıca yer tutur.

Şeirdən digər parçaya diqqət edək:

 

Dost elindən əsən yellər,

Mənə şeir, salam söylər!

Olsun Turan bütün ellər

Qurban Türkün bayrağına!

Yol ver Türkün bayrağına!

 

Qeyd edək ki, Əhməd Cavadın 14 avqust 1918-ci ildə “Gənclər yurdu”nda nəşr etdirdiyi “Marş” şeirində də bayraq tərənnüm olunur:

 

Bayrağıma xain baxan 

Xain gözə mən tikanam.

Vurulursam kölgəsində

Halal olsun ona qanım!

 

Göründüyü kimi, Ə.Cavad daim türk bayrağını ucalarda görməyi arzulamış, onun uğrunda mübarizəni o, Vətənin, millətin, dövlətin əbədi azadlığı, müstəqilliyinin qorunması, möhkəmləndirilməsi uğrunda mübarizə kimi anlatmışdır. Şair vətən, dövlət uğrunda mübarizədə həmişə ölümə hazır olduğunu da dilə gətirir, bu yolda həlak olarsa, qanını da halal edir. Türk bayrağına qurban olmağı özü üçün şərəf işi hesab edir.

 

Qeyd etdiyimiz şeir parçalarının məzmunu Ə.Cavadın yaradıcılığının milli koloritini, onun vətənpərvərlik tərbiyəsinin vasitəsi kimi təsir gücünü aydın şəkildə diqqətə çatdırır. Bu irslə şagirdlərin tanış edilməsi, onların diqqətinin başlıca məqamlara yönləndirilməsində, təbii ki, müəllimin də üzərinə böyük məsuliyyət düşür.

 

Ə.Cavad yaradıcılığının 11-ci sinifdə (Ədəbiyyat - s.55-64) daha dərindən öyrənilməsi imkanları vardır. Burada şairin həyatı ilə bağlı geniş məlumatlar verilir, həm də “Səsli qız” (ixtisarla) poemasının tədrisi nəzərdə tutulur.

 

Ə.Cavadın həyat və fəaliyyəti, onun yaratdığı irs barədə Azərbaycan tarixinin də geniş imkanları vardır. 5-ci, 9-cu və 11-ci sinfin Azərbaycan tarixi fənninin tədrisində Azərbaycanın istiqlal mübarizəsini, mədəniyyət məsələlərini, 1930-cu illərin repressiya tarixini tədris edərkən Ə.Cavad haqqında geniş məlumat əldə etmək, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, ədəbiyyatına, təhsilinə verdiyi töhfələrdən geniş bəhs etmək mümkündür.

 

Ə.Cavad irsinin öyrənilməsi vasitəsilə şagirdlərin vətənpərvərlik tərbiyəsi imkanları dərsdənkənar vaxtlarda daha genişdir. Tədris ili müddətində ayrı-ayrı vaxtlarda böyük istiqlal şairinin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif mövzularda tədbirlərin keçirilməsi də məqsədəuyğundur. Belə tədbirlərdə şagirdlər Ə.Cavad yaradıcılığını, onun həyat yolunu dərindən öyrənməklə bərabər, şairin əsərlərinin başlıca ideyasını təşkil edən vətənpərvərlik ruhunu mənimsəyir, onlarda milli özünüdərk hissinin daha da güclənməsinə zəmin yaranır.

 

Bu baxımdan, ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik tərbiyəsinin rəngarəng forma və metodlarının tətbiqi, Ə.Cavad irsinin ardıcıl və sistemli öyrənilməsi əhəmiyyətlidir.

 

İntiqam CƏBRAYILOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor

 



04.12.2022 | 12:39