Universitetlərin elmi-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsi

Ölkəmizdə həyata keçirilən təhsil islahatları daha geniş miqyasda aparılmaqla onun bütün pillə və səviyyələrini əhatə edir. Bir ölkə olaraq Azərbaycanın dünya təhsil məkanına inteqrasiya olunması məqsədini daşıyır. İstər təhsilin məzmun, istərsə də metodoloji cəhətdən mükəmməl olması, cəmiyyətin aparıcı qüvvəsi olan kadr potensialının müasir dövrün tələblərinə uyğun  gücləndirilməsi prioritet olaraq diqqət mərkəzində saxlanılır.

 

Təhsil sosial fenomen kimi dəyərləndirilir. Həmçinin təhsil dedikdə, insanın müxtəlif yaş dövrlərində  inkişafı və  formalaşması başa düşülür. Təhsilin pillələrindən biri kimi ali təhsilin kadr hazırlığı sahəsində rolu nəzərə alınmaqla onun yenidən qurulması, respublikamızda elmin dünya təcrübəsi müstəvisində inkişaf etdirilməsi bu gün xüsusi maraq doğuran məsələlərdən biri kimi gündəmdə dayanır. Ölkəmizdə təhsilin, o cümlədən ali təhsilin inkişafı ilə bağlı qəbul olunmuş proqramlar bilavasitə bu məsələnin son dərəcə aktual olmasından xəbər verir.

 

Universitetlərin  beynəlxalq reytinqinin yüksəldilməsi

 

Azərbaycanda elmin inkişaf etdirilməsi və onun bilavasitə təhsillə inteqrasiya olunmasının vacibliyi, eləcə də bu sahədə ilk addımların atılması hazırkı fəaliyyətimizin gündəmində dayanır. Artıq “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu işlərin ümumi siyasətini müəyyən etməklə fəaliyyətimizi tənzimləyən bir sənədə çevrilmişdir. İndi bilavasitə inteqrasiya prosesinin reallaşdırılması istiqamətində iş aparılır. Bu prosesdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda qeyd olunduğu kimi,“universitetlərin beynəlxalq reytinqinin yüksəldilməsinə və elmi-tədqiqat profilli təhsil müəssisəsinə çevrilməsinə nail olunması”na gözlənilən nəticələrdən biri kimi yanaşılır. Daha doğrusu, universitetlərin elmi-tədqiqat müəssisələrinə çevrilməsi, yeni, həm də fərqli elmi-tədqiqat strukturunun yaradılması kimi anlaşılır. Belə olan təqdirdə elmi araşdırmaların səmərəliliyini, effektivliyini təmin etmək üçün onların universitetin strukturunda xüsusi laboratoriya, mərkəz və ya institut kimi formalaşdırılması məqbul hesab edilə bilər. Kafedralar, yaxud müəllimləri birləşdirən hər hansı qurum həmin elmi qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində yalnız tədris yükünü yerinə yetirməklə fəaliyyət göstərər. Beləliklə, elmi-tədqiqatların nəticələri həm universitetdən kənarda, həm də universitetdəki tədris prosesində maneəsiz tətbiq olunmaqla faydalı ola bilər.

 

Elmi-tədqiqatların qabaqlayıcı funksiyası

 

Hazırkı şəraitdə universitetlərin fəaliyyətində elmi araşdırmaların aparılması istiqamətlərdən biri olsa da, onun indiki formada təşkili bir sıra cəhətlərdən müasir tələblərə cavab vermir. Başqa sözlə, aparılan araşdırmaların tematikası cəmiyyətin inkişaf dinamikasını izləmək və onu istiqamətləndirməklə dəstəkləmək baxımından müasir tələblərə lazımınca uyğun gəlmir. Xüsusilə bu, pedaqoji, psixoloji sahələrdə aparılan elmi-tədqiqatlarda daha çox diqqəti cəlb edir. Belə ki, elmi-pedaqoji tədqiqatlar təhsil sisteminin qarşısında getməklə qabaqlayıcı funksiyanı yerinə yetirməkdə yubanır. Sistemli olaraq ardıcıl və davamlı şəkildə təhsil prosesinin özülünə çevrilməkdə daha təkmil diskussiyalar yaradılmasına ehtiyac duyulur. Aparılan ilkin araşdırmalar bilavasitə bu mülahizələri təsdiqləməklə, həm də onun universitetlərin strukturuna inteqrasiya edilməsini, daha böyük elmi potensialla reallaşdırılmasını zəruri edir.

 

İlkin araşdırmalar onu göstərir ki, elmi-tədqiqat müəssisələrinin universitetlərə inteqrasiya olunması, ilk növbədə, onların fəaliyyətində tədqiqatçılığı gücləndirməklə elmi-tədqiqat müəssisələrinə xas olan bir keyfiyyətin yaranmasına gətirib çıxaracaqdır. Bununla indiki kafedra sisteminə xas olan formal tədqiqatçılıq fəaliyyətindən imtina etmək mümkün olacaqdır.

 

Universitetlərdə yaradılacaq elmi laboratoriya, mərkəz və institutlar əslində araşdırmaların aparılması işini yeni müstəvidə mərkəzləşdirməklə onun daha keyfiyyətli təşkili məqsədi daşıyaraq tədqiqatların uğurla idarə olunmasına imkan yarada bilər. Həmçinin universitet daxilində və universitetdən kənarda ehtiyacların öyrənilməsi və nəzərə alınmasını asanlaşdırar. Belə bir yanaşmanı həyata keçirməklə elmi-tədqiqatların məhz rentabelli olması, onun nəticələrinin faydalı iş əmsalına çevrilməsi də mümkün ola bilər.

 

Tədqiqatların mobilliyinin artırılması

 

Bu gün sürətlə dəyişən və inkişaf edən cəmiyyət hadisələri, prosesləri qarşılayan gələcəyə yönəlmiş proqnoz xarakterli fəaliyyətlərin olmasını daha çox tələb edir. Belə fəaliyyət həm də gələcəyin perspektivlərini müəyyən etmək baxımından əhəmiyyət daşıyır.  İnkarolunmaz bir həqiqətdir ki, gələcəyin eskizini vermək, onun proqnozlarını təqdim etmək, ilk növbədə, aparılacaq elmi-tədqiqatların vəzifəsidir. Həm də bu tədqiqatlar ciddi nəzəri fundamental xarakteri ilə yanaşı, praqmatik xüsusiyyətləri ilə təcrübi əhəmiyyət kəsb edir. Əslində, müasir cəmiyyət özünün texnoloji ehtiyacları ilə daha çox tələblər irəli sürür və bu tələblərin yerinə yetirilməsində elmi-tədqiqatlar əsaslandırılmış müddəaları ilə məsuliyyət daşıyır. Ona görə də elmi-tədqiqatlar müasir zamanın çağırışına uyğun olaraq vacib bir keyfiyyət kimi mobillik tələb edir. Yəni, zaman kəsiyində ehtiyaclara uyğun tələbatları ödəmək, fəaliyyət istiqamətində addımları tənzimləyən müddəalarla gündəmə gəlmək və konkret qərarların verilməsini təsdiqləməklə dəstək olmağı şərtləndirir.

 

Optimal şəraitin olması

 

Bütün bunlar elmi-tədqiqatların həm dünən, həm də bu gün üçün inkarolunmaz vəzifələri olsa da, onların daha uğurla yerinə yetirilməsində optimal mühitin, şəraitin olmasını  zəruri hesab edir. Belə bir mühit bu gün daha çox təhsil prosesi ilə əlaqələrin olması kimi xarakterizə olunur. Müəllim və tələbə çoxluğu ilə təmsil olunan təhsil mühitində araşdırmaların aparılması, müzakirə edilməsi, öyrənilməsi, nəticələrin maneəsiz tətbiqi kimi anlaşılır. Belə olan tərzdə araşdırmaların qrup şəklində, eləcə də kollektiv aparılmasına şərait yaranır. Aparılan elmi-tədqiqatların nəticələrindən istifadə etmək üçün onun yeni təhsil alan kadrlar tərəfindən öyrənilməsi imkanları genişlənir. Heç şübhəsiz, belə bir tədqiqat mühiti yalnız ali təhsil məktəblərində formalaşa bilər ki, bu gün elmi-tədqiqatlara yeni yanaşma müstəvisində universitetlərə inteqrasiya olunma bu baxımdan daha çox əhəmiyyət daşıyır.

 

Məlum olduğu kimi, müasir təhsil prosesində ali məktəb tələbələrinin peşəkar kadr kimi yetişdirilməsi üçün onların, ilk növbədə, axtarışlar apara bilmək, fakt və hadisələrə yaradıcı yanaşmaq bacarıqlarını inkişaf etdirmək zəruri hesab edilir. Bu günün tələbələri hadisələri seyr etmək, sadəcə öyrənməklə kifayətlənə bilməzlər. Onlar təqdim olunan mövzu ətrafında araşdırmalar aparmaqla öyrəndiklərini ümumiləşdirməyi, analiz, sintez etməyi, qənaətlərini arqumentlərlə sübuta yetirməyi bacarmalıdırlar. Bu isə istər-istəməz müxtəlif mənbələr üzərində araşdırmalar aparmağı, kiminsə nəticələrini deyil, məhz özlərinin fikirlərini meydana qoymağı tələb edir. Belə bir nəticəyə isə sadəcə bir dərslik və ya bir vəsait üzərində işləməklə nail olmaq mümkün deyildir. Hökmən problem üzrə müxtəlif mənbələr üzərində işləmək, araşdırmalar aparmaq tələb olunur. Müxtəlif  fikirlərə standart olaraq ehkam kimi deyil, yaradıcı yanaşmaq, təhlil-tərkib süzgəcindən keçirərək münasibət bildirmək lazım gəlir. Odur ki, tədqiqatçılıq fəaliyyətindəki addımları və əldə olunan nəticələri daha geniş  müzakirə etməklə onun cəmiyyətimiz üçün faydalılığı əsaslandırılmalıdır.  Təbii ki, belə bir situasiyanın yaradılması elmi-tədqiqatları universitetlərə inteqrasiya etməklə mümkündür.

 

İlkin təcrübələr onu göstərir ki, elmin təhsilə inteqrasiya olunması universitetlərdə təhsil mühiti ilə yanaşı, elmi mühitin də güclənməsinə gətirib çıxarır. Bu isə müasir tələbələrin öyrənmə fəaliyyətinə müsbət  təsir göstərməklə  onların marağını daha da artıra bilər. Adətən yeni yanaşmalarla işləyən müasir müəllimlər, ilk növbədə, tələbələrini müsbət mənada təəccübləndirməklə onların marağına səbəb olmağa çalışırlar. Dərs prosesinə problem həlli kimi yanaşırlar. Hər dərs üçün zəruri mənbələri, onların elektron və ya qeyri-elektron variantlarını, eləcə də mümkün resursları əvvəlcədən tələbələrinə təqdim edirlər. Həmçinin tələbələrini mövzu üzrə əlavə mənbələri toplamağa istiqamətləndirirlər. Bununla dərsin fəal tədqiqatçılıq bazasında qurulmasına imkan yaradırlar. Əslində belə metodologiyaya söykənən fəaliyyətin əsasında, başlıca olaraq, məsələlərə tənqidi yanaşmaq və özünün mövqeyini müəyyənləşdirmək dayanır. Belə öyrənmə mühitinin iştirakçısı olan tələbələr diskussiyalara çıxaraq, özlərinin qənaətlərini axtarmağa başlayırlar.

 

Elmi-tədqiqatların mobilliyinin təmin olunmasında əsas şərtlərdən biri onun  tələbatlara uyğun müəyyənləşdirilməsi və çevik xarakter daşıması ilə bağlıdır. Belə tədqiqatların qısamüddətli olması onun yararlılığını və effektivliyini təmin edir. Ənənəvi olaraq tədqiqatların müddəti müəyyən edilərkən ona bir neçə illik vaxtın ayrılması bir təcrübə kimi daha geniş yayılmışdır. Araşdırmalar onu göstərir ki, belə yanaşmalar zamanı çox hallarda tədqiqat tamamlanmamış aktuallığını itirir. Bu cür hallara, xüsusilə təhsil tədqiqatlarında, eləcə də digər tətbiqi sahələrdə rast gəlmək mümkün olur. Təhsil sahəsində inkişaf və dəyişikliklər sürətli olduğundan burada dəstəkləyici və istiqamətverici araşdırmalara daha çox ehtiyac yaranır. Çünki təhsil prosesi özünün müxtəlif yanaşmalar (praqmatik, sinergetik və s.) əsasında inkişafını təmin etmək üçün empirik və qismən də nəzəri araşdırmaların nəticələrinə istinad etməli olur. Müxtəlif zamanlarda vacib tədqiqatlar gecikdirildikdə və aparılmadıqda zəruri fəaliyyətlərin həyata keçirilməsində fərdi mülahizələrə əsaslanan subyektiv yanaşmalar meydana çıxır. Nəticə etibarı ilə fəaliyyətimizdə risklər artır. Ona görə də elmi-tədqiqatların cəmiyyətin ehtiyaclarını qarşılaması, tələbatlarına cavab verməsi səmərəlilik baxımından əhəmiyyətli hesab edilir. Bu işin uğurlu olmasında isə elmi-tədqiqat prosesinin təhsil mühitinə inteqrasiyası həlledici rol oynayır.

 

Elmi-tədqiqatların, xüsusən elmi-pedaqoji tədqiqatların layihə əsaslı təşkili də onun mobilliyini təmin edən şərtlərdən biri kimi dəyərləndirilir. Layihə əsaslı araşdırmalar, əsasən, qısamüddətli olmaqla ehtiyaclara uyğun müəyyənləşdirilir və layihə kimi elan olunur. Belə tədqiqatların özünəməxsus büdcəsinin olması və müəyyən qaydalar əsasında sərbəst həyata keçirilməsi onun daha keyfiyyətli təşkilini, həmçinin zəruri hallarda metodoloji cəhətdən çeviklik göstərməsini, mobil xarakter daşımasını şərtləndirir. Son illər bu sahədə həyata keçirilən tədbirlər onun səmərəliliyini nümayiş etdirir.

 

Ali məktəblər daha çox yüksəkixtisaslı elmi-pedaqoji kadrların, professor-müəllim heyətinin çalışdığı məkan olduğundan onun elmi potensialı digər təhsil müəssisələrindən fərqlənir. Buradakı alimlər özlərinin tədris fəaliyyəti sahəsində pedaqoji nüfuz qazanmaqla yanaşı, həm də məşğul olduqları sahələrin nümayəndələri kimi tanınırlar. Odur ki, dünyada ali məktəblərin reytinqinin müəyyən olunmasında bu cəhətə xüsusi əhəmiyyət verilir. Belə ki, ali məktəblərin reytinqinin müəyyən olunması zamanı elmi jurnallarda, nəşrlərdə ali məktəblərdə aparılan tədqiqatlardan gətirilmiş sitatların onun professor-müəllim heyətinin ümumi sayına olan nisbəti əsas götürülür. Bununla universitetlərdə təhsillə tədqiqatların inteqrasiya olunmasına keyfiyyətin inkişafına təkan verən stimullaşdırıcı bir sistem kimi yanaşılır.

 

Elmi-pedaqoji kadr hazırlığı

 

Universitetlərin elmi-tədqiqat müəssisələrinə çevrilməsi həm də yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlığı ilə şərtlənir. Bu sahədə müəyyən təcrübəyə sahib olsaq da, artıq dünya müstəvisində inteqrasiya, bütün sahələrdə olduğu kimi, təhsilin, o cümlədən ali təhsilin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılması strateji tələb kimi qarşıda durur. Elə bu səbəbdən də ölkə miqyasında müxtəlif vaxtlarda təhsil sahəsində siyasətimizi konkretləşdirən ayrı-ayrı  sənədlər qəbul olunaraq fəaliyyətimizin əsasına gətirilir. Xüsusi olaraq yeni mütəxəssislərin yetişdirilməsi başlıca istiqamət kimi vurğulanır. 2018-ci ildə qəbul olunmuş Dövlət Proqramında qeyd olunduğu kimi, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olmaq üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Odur ki, bu səbəbdən bir sıra tədbirlərlə yanaşı, həm də respublikamızda ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə tədbirlər müəyyənləşdirilir. Əsasən, bu tədbirlərin mərkəzində milli elmi kadrların inkişaf etdirilməsi, yetişdirilməsi durur. Bunun üçün ali təhsil müəssisələrində, o cümlədən universitetlərdə elmi kadrların hazırlanması məqsədilə bir sıra təşkilati işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Təcrübələr göstərir ki, elmi-tədqiqatların aparılmasında universitetlər, orada yaradılmış elmi-pedaqoji mühit xüsusi rol oynayır. Ona görə də dünya universitetlərində bu mühitin daha çox öyrədici, formalaşdırıcı xarakterdə yaranmasına səy göstərilir. Heç şübhəsiz, bu mühit universitet alimlərinin, tədqiqatcılarının gücü, imkanı hesabına yaranır. Ölkəmizdə ali təhsillə bağlı yuxarıda adı qeyd olunan Dövlət Proqramında bu məsələ xüsusi olaraq diqqət mərkəzində saxlanılır. İnkişaf etmiş xarici ölkələr, onların qabaqcıl universitetləri ilə əməkdaşlıq ön plana çəkilir. Eyni zamanda doktorantların seçiminin düzgün aparılmasına, onların ixtisasının müəyyənləşdirilməsinə, əlaqədar müəssisələrin cəlb olunmasına ciddi yanaşılır.

 

Elmi kadrların formalaşmasında elmi-tədqiqatların, onun aparılması üçün yaradılmış mühitin rolu xüsusilə böyükdür. Universitetlər ənənəvi olaraq tədris mühitinin güclü olması ilə fərqlənir. Əgər elmi-tədqiqat strukturları onların məzmununa inteqrasiya olunarsa, bu, istər-istəməz elmin, tədqiqatcılıq fəaliyyətinin daha da artması ilə nəticələnə bilər. Müzakirələr, diskussiyalar, elmi polemikalar və s. elmi-tədqiqatla məşğul olan insanlar, eləcə də təhsil alan doktorant və dissertantlar üçün nümunə məktəbinə çevrilər.

 

Nəticə

 

Belə qənaətə gəlmək olar ki, universitetlərin elmi-tədqiqat profilli təhsil  müəssisəsinə çevrilməsi istər-istəməz bu  müəssisələrin strukturuna yenidən baxılmasını tələb edir. Eyni zamanda yaradılmış yeni elmi strukturun peşəkar, həm də yüksək tədqiqatçılıq mədəniyyətinə malik olan elmi kadrlarla təmin olunmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Bu zaman tədqiqatların təhsil prosesi ilə inteqrasiyasına qarşılıqlı fəaliyyət müstəvisində yanaşmaq, onlardan birinin digərini zənginləşdirə bilməsi xüsusi pedaqoji tələb kimi qiymətləndirilir.

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



03.12.2022 | 11:41