Məşhurları ilə tanınan idman məktəbi | |
Bədən tərbiyəsi və idmanın inkişafında, təcrübəli idmançıların, yüksək dərəcəli məşqçilərin hazırlanmasında idman məktəblərinin rolu böyükdür. Məhz onların yetişdirdiyi idmançılar daha sonra klub və cəmiyyətlərə, yığmalara cəlb olunaraq püxtələşirlər. Həmin idmançılar dünya, Avropa və olimpiya çemionatlarında ölkəmizi layiqli təmsil edərək vətənimizə saysız-hesabsız medallar gətirirlər. Azərbaycanın bütün şəhər və rayonlarında idman məktəbləri fəaliyyət göstərir. Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi də məhz belə qurumlardan biridir.
İdman məktəbi 1981-ci ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyev 1981-ci ildə Sumqayıt Şahmat məktəbinin açılışında iştirak etmişdir. Yarandığı gündən güclü idmançıların hazırlanmasında böyük rolu olan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində hazırda şahmat, cüdo, sambo, futbol, sərbəst güləş, karate bölmələri fəaliyyət göstərir. Məktəbdə 6 bölmə üzrə 110 qrupda 1300 idmançı məşğul olur.
İdman məktəbinin tarixi barədə “Azərbaycan müəllimi” qəzetinə geniş məlumat verən “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktor əvəzi Üzeyir Dadaşov məktəbin tanınmış yetirmələrindən söhbət açdı: “Bildiyimiz kimi, məktəb yarandığı gündən bir çox təcrübəli şahmatçılar yetişdirmişdir. Burada dünya miqyaslı şahmatçı Şəhriyar Məmmədyarov şahmatın ilk sirlərini öyrənmişdir. 1992-ci ildən Şəhriyar Məmmədyarov və onun bacıları Zeynəb və Türkan Məmmədyarovalar bizim məktəbdə şahmat dərslərini keçiblər. Onlar ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qrossmeysterlərdir. İlk milli usta – bu məktəbin yetirməsi Rauf Hacılını qeyd edə bilərəm. 1992-ci ildə Rauf Hacılı 20 yaşlılar arasında Avropa birinciliyində iştirak edib və V yerə layiq görülüb. 2016-cı ildə ölkəmizdə şahmat olimpiadası keçirildi. Həmin olimpiadada Azərbaycan 6 komanda ilə təmsil olunmuşdur. Komandaların kapitanı bizim məktəbin yetirmələri Şəhriyar Məmmədyarov, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova və Vasif Durarbəyli idilər. Bunun özü böyük bir qürurdur. Bundan başqa, müxtəlif illərdə məktəbin idmançıları yarışlarda iştirak edərək ölkəmizə medallar gətiriblər. Son vaxtlara nəzər salsaq, onu demək olar ki, pandemiya dövründə 2021-ci ilin may ayının 7-də onlayn Avropa çempionatında beynəlxalq usta Murad İbrahimli I yerə layiq görülüb.
2017-ci ildən məktəbə futbol, karate, sərbəst güləş, cüdo və sambo bölmələri birləşdirildi. Həmin vaxtdan bu bölmələr üzrə də kifayət qədər uğurlar var. Belə ki, Natiq Qurbanlı 2017-ci ildə cüdo üzrə keçirilən dünya çempionatında II yeri tutub. Karate bölməsi üzrə məşqçi-müəllim Azər Aslanovun yetirməsi Xədicə Mürsəlova 2021-ci ildə Avropa və dünya birinciliyində 58 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Sambo bölməsi üzrə İlham Məmmədov yetirməsi Əli Hacıyev 2021-ci ildə dünya çempionatında III yerə layiq görülüb. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında paracüdoçumuz Fərid Ağakişiyevin yetirməsi Şahanə Hacıyeva 48 kq çəki dərəcəsində həmin oyunların ilk qızıl medalını qazanıb. 2019-cu ildə Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində 60 kq çəki dərəcəsində Kamran Süleymanlı qızıl medal qazanaraq ölkəmizi layiqli təmsil etmişdir. Bundan başqa, Rövşən Səfərov 2016-cı ildə Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O həm də ikiqat Avropa çempionu, iki dəfə dünya üçüncüsü, “Tərəqqi” medallı və Əməkdar idman ustasıdır”.
“Sloveniyada çempion oldum”
İdman məktəbində olduğumuz zaman məktəbin yetirmələri ilə görüşüb, onların uğurları barədə məlumat aldıq. İlk olaraq cüdo bölməsinin yetirməsi Fidan Qasımova ilə uğurları barədə söhbət edib, bu idman növünə olan sevgisini öyrənməyə çalışdıq: “2006-cı ildə anadan olmuşam. İdmana həvəsim uşaq yaşlarımdan olub. Valideynlərimin dəstəyi ilə 8 yaşımdan təcrübəli müəllimlərdən cüdonun sirlərini öyrənməyə başladım. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin XI sinif şagirdiyəm. Yığma komandanın üzvüyəm. 2022-ci ildə İspaniyada keçirilən Avropa kubokunda bürünc medala sahib oldum. Bu ilin oktyabr ayında Sloveniyada keçirilən beynəlxalq turnirdə çempion oldum. Ən böyük arzum bu idman növü üzrə tanınmış və təcrübəli idmançı olmaqdır.
“Ermənini mat etdim”
Şahmat bölməsinin fəxri üzvlərindən olan Leyla Mirzəliyevanı şahmat dərsindən çıxanda gördük. Öyrəndik ki, dörd yaşından şahmatla məşğul olur. Onun da bu idman növünə sevgisi balacalıqdan başlayıb. Daha doğrusu, valideynlərinin Leylanın yanında şahmat oynaması fiqurlara olan sevgisini artırıb və onu buna həvəsləndirib: “2012-ci ildə Bakı şəhərində anadan olmuşam. Şahmatın sirlərini Könül müəllimdən öyrənmişəm. Daha sonra Rəşad Həsənov mənə şahmat dərslərini keçib. 7 yaşımdan şahmatda ilk uğurlarım başlayıb. Belə ki, 2018-ci ilin yanvar ayından zona və ölkədaxili yarışlarda, beynəlxalq turnirlərdə iştirak etmişəm. Ən böyük uğurlarımdan biri bu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində 46 ölkədən 1000-dən çox şahmatçının iştirakı ilə keçirilən Avropa çempionatında III yerə layiq görülməyim olub. Həmin çempionatda bizim yaşda 65 nəfər şahmatçı var idi. Bu yarışda ən çox ürəyimcə olan qarşılaşma erməni şahmatçı ilə oldu. Düşmən təmsilçisini mat edərək qalib gəldim. Hədəflərim şahmat üzrə tanınmış qrossmeyster olmaqla yanaşı, savadlı və sayılıb-seçilən həkim olmaqdır”.
Rəşad ZİYADOV |
|
04.12.2022 | 10:43 | |
|
|
|