Elmin inkişafında təhsilin rolu

Müasir dünyada ölkələrin qlobal rəqabətdə mövqeyini gücləndirən mühüm faktorlardan biri elmi ekosistemin qurulması, elmi tədqiqatlara investisiyaların artırılması, tədqiqatçılıq fəaliyyətlərinin stimullaşdırılması ilə bağlıdır. Son illər bu sahədə aparılan işlərin səviyyəsi bir sıra ölkələr arasında rəqabəti daha da gücləndirmişdir.  Bu baxımdan, ölkəmizdə elmi tədqiqat işlərinin səmərəliliyinin artırılması ciddi məsələlərdən biridir. Artıq 25-ci dəfədir ki, keçirilən doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı da, ümid edirik ki, bu sahədə mövcud təşəbbüslərə növbəti töhfədir. Konfransın “Şuşa İli”nə həsr olunması həm təşkilatçılar, həm iştirakçılar, bütövlükdə isə təhsil və elmi ictimaiyyətimiz üçün qürurverici məqamdır. Konfrans elm və təhsil həyatımız üçün bir sıra əhəmiyyətli və aktual çağırışlarla yadda qaldı.

 

“Gənc alimlərin inkişafı üçün münbit şəraitin yaradılması çox təqdirəlayiqdir”

 

Günay KAZIMZADƏ,

Berlin Texniki Universitetinin doktorantı

 

- Elm və təhsil hər bir zaman iqtisadiyyatın başlıca drayveri, sosial inkişafın əsas  təkanverici qüvvəsi olmuşdur. Son 5 ildə Alman İnternet İnstitutunda apardığımız multikontinental, multidissiplinar, kollaborativ tədqiqatın nəticəsi olaraq bu gün həm istinad platformalarına, həm cəmiyyətə təsir, həm də tədqiqatların kommersiyalaşdırılması faktoruna əsasən deyə bilərik ki, təhsilə və elmə qoyulan investisiya hər zaman eksponensial olaraq ölkənin rifahına müsbət təsir göstərir.

Noyabrın 23-də Təhsil İnstitutu və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının (NASCO XXV) açılış mərasimində çıxış etmək imkanım oldu. Elm və təhsil nazirinin və digər çıxışçıların nitqlərindən yola çıxaraq deyə bilərəm ki, ölkəmizdə elmin inkişafı hazırda ən başlıca prioritetlərdən biridir. Ölkəmizin ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sayəsində  gənc alimlərin inkişafı üçün münbit şərait yaradılması çox təqdirəlayiq haldır və biz gənc tədqiqatçılar və doktorantlar bu yolda elm fədailəri olaraq hər zaman töhfələr verməyə, beynəlxalq təcrübələri paylaşmağa və uzunmüddətli perspektivlərdə bu ekosistemin inkişafı üçün əlimizdən gələni etməyə hazırıq.

 

“Konfransdan elmi fayda və ideyalar qazandım”

 

Könül QƏHRƏMANOVA,

akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı

 

- İngilis filosof və sosioloqu Herbert Spenserin dediyi kimi, elm təşkilatlanmış bilikdir. Əldə olunan bilik və bacarıqların düzgün istiqamətləndirilməsi üçün elmlə təhsilin vəhdətinə universitetlərlə yanaşı, orta məktəblərdə də nail olmaq lazımdır. Bunun üçün xüsusi istedadlı uşaqları axtarıb elmə yönləndirmək, məktəblərdə müxtəlif elmi müsabiqələrin, fənn gecələrinin, elm günlərinin və sair həvəsləndirmə tədbirlərinin keçirilməsi zəruridir. Eyni zamanda tədqiqat institutlarının əməkdaşlıq etdikləri ali təhsil müəssisələrində elmə böyük marağı olan istedadlı tələbələrlə müasir və aktual mövzularda birgə elmi seminarlar, interaktiv müzakirələr, konfrans, kitab sərgisi, “dəyirmi masa”lar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, master klasslar, məlumatlandırma sessiyaları, treninqlər təşkil edilməlidir.

 

Bütün bu məsələlərin həll və müzakirəsinin aparıldığı tədbirlərdən biri də  doktorant və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı oldu. Yüksək səviyyədə təşkil olunan konfransda bir çox elm və təhsil sahəsində fəaliyyət göstərən gənclərin, akademiklərin, alimlərin iştirakının gələcəkdə gənc alimlərin müştərək yerli və beynəlxalq tədqiqat qruplarına qoşulmalarında böyük köməyi ola bilər. Son illər ən mühüm elmi nailiyyətlərin, elmi kəşf və ixtiraların ayrı-ayrı elmlərin sərhədlərində baş verdiyini nəzərə alsaq, aparılacaq müştərək tədqiqatlar zamanı multidissiplinar (fənlərarası) mövzulara geniş yer vermək, aparılan işlərin, əldə olunan nailiyyətlərin tanıdılması üçün bu cür tədbirlərin keçirilməsi çox önəmlidir. Elm və təhsil sahəsində çalışan bu qədər insanın bir yerə toplanması, birgə fəaliyyətə doğru addımlaması, bölmə iclaslarında yüksək səviyyədə elmi diskussiyaların aparılması belə elmi tədbirlərin sayının çoxaldılması zərurətini ortaya çıxarır. Bir doktorant olaraq belə konfransda çıxış və iştirak etməkdən böyük zövq aldım, digər gənc tədqiqatçıların apardığı elmi işlərlə tanış oldum, elmi fayda və yeni ideyalar qazandım. 

 

Konfransda elm və təhsil naziri Emin Əmrullayevin maraqlı və fərqli çıxışı, elmdə olan çətinlik və problemlərə diqqət çəkməsi və bütün səylərin Azərbaycan elm və təhsilinin tərəqqisinə yönəldiyini vurğulaması yaxın gələcəkdə elmi nailiyyətlərimizin, təhsildəki uğurlarımızın dünya səviyyəsində yer tutacağına inamımızı daha da artırdı.

 

Oruc MUSTAFAYEV

 



02.12.2022 | 12:07