Çində sonuncu kosmonavt qrupu orbitə göndərilib

Çinin kosmik stansiyasının quraşdırılması üçün sonuncu missiya olan “Şencou-15”ə (“Shenzhou-15”) start verilib.

 

Çinin Kosmos Agentliyi xəbər verir ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F Y15” (Long March-2F Y15) raketdaşıyıcısının buraxılışı yerli vaxtla axşam saat 23:08-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.

 

“Şencou-15” kosmik gəmisində daha əvvəl kosmosda olmuş Fey Cunlon (heyətin komandiri), habelə debütant kosmonavt Den Çinmin və Can Lu orbitə göndərilib. “Şencou-15” kosmik stansiya ilə birləşəndən sonra kosmonavtlar (Çində onları taykonaut adlandırırlar) stansiyaya keçəcəklər. Onlar hazırda stansiyada olan digər 3 kosmonavtla birgə müəyyən tapşırıqları yerinə yetirəcəklər. Bununla da ilk dəfə olaraq Çin kosmonavtları kosmosda yerdəyişmə edəcək və “Şenco-14”ün 3 nəfərlik heyəti 6 aylıq fəaliyyətdən sonra Yerə qayıdacaq. Elə “Şencou-15” missiyasının da təxminən 6 ay kosmosda qalması planlaşdırılıb. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda bir neçə əməliyyat icra etmələri də planlaşdırılıb.

 

Bu, Çinin orbitə göndərdiyi 11-ci, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə 4-cü insan missiyasıdır.

 

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və iki laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması cari ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçirilib ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu baş tutub.

 

Stansiyasının quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) 2021-ci ilin iyununda, 2-ci missiya (“Şencou-13”) ötən ilin oktyabrında, 3-cü missiya (“Şencou-14”) isə cari ilin iyununda orbitə göndərilib.

 

Azərtac

 



30.11.2022 | 13:40