Qala məktəbliləri Azərbaycan Dövlət Pedaqoji Universitetində

Xəzər rayonu Qala qəsəbəsi 185 nömrəli tam orta məktəbin 40 nəfərədək şagirdi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

Ali məktəbi ziyarət Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi üzrə həyata keçirilib.

 

Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, GRQM İB-nin sədri Məleykə Əlizadə, gender və siyasi məsələlər üzrə ekspert Vüsalə Hüseynli, 185 nömrəli tam orta məktəbin direktoru Fuad Mirzəyev, həmçinin məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

 

Şagirdlər universitetlə yaxından tanış olub, Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, müasir Kitabxana-İnformasiya Mərkəzi və tədris auditoriyalarına baxıblar.  

 

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar nəslin yetişdirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Bakıətrafı məktəblərin şagirdlərinin ADPU-ya silsilə səfərləri təşkil olunur.

 

 



28.11.2022 | 18:04