“ŞUŞA-dünən, bu gün, sabah” | |
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında elmi konfrans keçirilib. Filial rəhbərliyinin və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin, Gəncə Dövlət Universitetinin, BDU-nun və digər ali təhsil ocaqlarının professor-müəllim, tələbə heyəti iştirak edib.
Tədbirdə əvvəlcə Şuşanın 270 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonra filialın direktoru Arif Rüstəmov çıxış edərək konfransa 13 müxtəlif elmi-tədqiqat mərkəzi və ali təhsil müəssisəsindən 133 elmi məqalənin təqdim olunduğunu, həmin elmi işlərin gələcəkdə kitab şəklində çap ediləcəyini, toplunun gənc tədqiqatçılar, tələbə və magistrantlara töhfə olacağını bildirib.
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov isə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi qələbədən, Şuşanın azad olunması ilə 8 noyabr tarixinin xalqımızın yaddaşına Zəfər Günü kimi yazılmasından, həmçinin dövlət başçısının imzaladığı “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” sərəncamlarının əhəmiyyətindən söz açıb.
Elmi konfransda iştirak edən ali təhsil ocaqlarının rəhbərlərinin, professor-müəllim heyətinin çıxışları da dinlənilib.
Tədbir öz işini “Şuşa: 270 ilə tarixi ekskursiya. Azərbaycanın ictimai-siyasi həyatında Şuşanın rolu”, “Şuşanın təhsil və maarifçilik ənənələri”, “Şuşanın Azərbaycanın ədəbi irsində yeri” və “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa multikultural dəyərlərin daşıyıcısı kimi” mövzularında bölmə iclasları ilə davam etdirib.
Sifai SƏFƏROVA
|
|
28.11.2022 | 15:11 | |
|
|
|