Türkiyənin TED Universiteti ilə BDU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub | |
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu ilə görüşüb.
Rektor Elçin Babayev qonağa BDU-nun tarixi, strukturu, burada tədris və elm fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, ölkənin ən qədim və böyük universiteti olan BDU-nun bazasında indiyədək 4 universitet yaradılıb:”25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir”.
Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, dünyanın müxtəlif ölkələri ilə ikili diplom proqramları və əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib. Vurğulayıb ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi BDU üçün prioritet təşkil edir.
TED Universitetinin rektoru İhsan Sabuncuoğlu rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Dünyanın 35 ölkəsindən tələbələrin təhsil aldığı TED Universitetində tədrisin ingilis dilində təşkil olunduğunu bildirib. O, BDU ilə kompüter elmləri, informasiya texnologiyaları, dəqiq elmlərin digər sahələri üzrə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
|
|
25.11.2022 | 19:32 | |
|
|
|