“Müasir qəzetlərin məzmununun yeni formatlara uyğunlaşdırılması” | |
“JW Marriot Abşeron hoteli”ndə Medianın İnkişafı Agentliyi tərəfindən təşkil edilən peşəkar inkişaf layihələrinin davamı olaraq çap mediası nümayəndələri üçün Türkiyənin ”Hürriyyət” qəzetinin əməkdaşı Fırat Karadeniz tərəfindən “Müasir qəzetlərin məzmununun yeni formatlara uyğunlaşdırılması” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi çap media formatının müasir dövrün standartlarına uyğunlaşdırılması, müasir oxucunun tələblərinə uyğun məzmunun təqdim edilməsi, qəzetlərin yeni əsrin online media vasitələrinin tələblərinə cavab verməsi, eləcə də qəzet nümayəndələrinin bu sahədə yeniliklərlə tanış olması, təcrübələrinin artırılması istiqamətində məlumatların təqdim olunmasıdır.
Təlimdə Fırat Karadeniz çap məhsullarının sosial platformaya inteqrasiya olunmasından, bu üsulla öz oxucu kütləsini, auditoriyasını genişləndirə bilmə imkanından danışıb. Eyni zamanda, əməkdaşlıq etdiyi “Hürriyyət” qəzetinin sosial mediaya uyğunlaşdırılması məqsədi ilə qəzetin 4 əlavəsinin yaradıldığını bildirib. Belə ki, “Hürriyyət”də sosial platformada uğur qazandığı qısa formatdan ibarət olan hər əlavəyə uyğun videoçarxlar təqdim edilir və bu yolla həm oxucu kütləsi qazanılır, həm də əlavə vəsait ayırmadan çoxlu sayda materiallar yerləşdirilir.
Fırat Karadeniz əlavələrin buraxıldığı səhifələrdə sosial həyatın bütün sahələrini əhatə edən xəbərlərin, reportaj və müsahibələrin verildiyini müxtəlif videogörüntülər vasitəsilə nümayiş etdirib və onlayn media səhifələrində oxucu kütləsinin necə artdığını rəqəmlərlə açıqlayıb.
Təlim qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Tünzalə QULİYEVA
|
|
25.11.2022 | 15:04 | |
|
|
|