ADPU-da “Şuşa – Zəfərin təntənəsi” kitabının təqdimat mərasimi | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində "Şuşa İli" münasibətilə hazırlanan “Şuşa – Zəfərin təntənəsi” kitabının təqdimat mərasimi keçirilib. Əsərin ideya müəllifi filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, müəllifləri isə Filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Nazilə Abdullazadədir.
Kitabda Azərbaycan, rus və ingilis dillərində Şuşa şəhərinin yaranması, tarixi, Şuşa toponiminin xalq ədəbiyyatı nümunələrində, yazılı ədəbiyyatda yeri, Şuşanın işğal dövrü, Şuşanın məktəbşünaslıq tarixi, musiqisi, ədibləri, həmçinin Şuşa ədəbi mühitinin qadın şairləri, şuşalı ziyalı şəxsiyyətlər haqqında araşdırmalara geniş yer verilib. Kitabın səciyyəvi xüsusiyyətlərindən biri də əsərdə arxivlərdən toplanmış şuşalı şair və ədiblərin, mədəniyyət və incəsənət xadimlərinin, musiqiçilərin fotoşəkillərinin verilməsidir. Bütün bunlar bir daha sübut edir ki, Şuşa mədəniyyətimizin beşiyidir.
ADPU rəhbərliyi və Filologiya fakültəsinin müəllim-professor heyətinin iştirakı ilə baş tutan təqdimat mərasimində açılış nitqi ilə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynova müəllifləri təbrik edib, kitabın nəşrinin Azərbaycan elmi ictimaiyyəti üçün önəmli hadisə olduğunu vurğulayıb.
M.Hüseynova bildirib ki, Şuşa qələbəsi Azərbaycanın Zəfər tarixinin ən önəmli zirvələrindən biri kimi bütün dünyaya tanıdılmalıdır:”Kitabın üç dildə hazırlanması da bu yolda ADPU-nun Filologiya fakültəsinin uğurlu xidmətlərindən biridir.”
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov kitab haqqında danışaraq deyib ki, hazırda əsas vəzifəmiz bütün dünyaya qələbəmizi, Şuşa Zəfərimizi çatdırmaqdır:”Bu kitab da məhz bu nöqteyi-nəzərdən çox böyük əhəmiyyət daşıyır.”
Tədbirdə Filologiya fakültəsinin müəllimləri ingilis, rus və fransız dillərində çıxış edərək kitab haqqında geniş məlumat veriblər.
Tədbir "Meh" ədəbi dərnəyinin üzvlərinin təqdimatında ədəbi hissə ilə davam etdirilib və Əməkdar artist Elnur Zeynalovun ifasında Mahirə Nağıqızının "Görünür" şeirinə bəstələnmiş mahnının ifası ilə yekunlaşıb.
|
|
25.11.2022 | 16:11 | |
|
|
|