İlklərə imza atmış görkəmli alim, ictimai xadim

Heydər Əliyev: – Bu gün parçalanmış, övladları pərən-pərən düşmüş Azərbaycanın nə vaxtsa Böyük Azərbaycan kimi mövcud olacağına ümid edə bilərikmi?

 

Həsən Mirzəyev: – Biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Nəinki Dağlıq Qarabağı, Qərbi Azərbaycan torpaqlarını da geri qaytaracağıq. Bunun üçün danılmaz imkanlarımız var. Əvvəla, Azərbaycan xalqının sayı ermənilərin sayından qat-qat çoxdur. İkincisi, imperiyaların hökmranlıq dövrü getdikcə sona yetir. Üçüncüsü, ermənilər bu gün ələ keçirdikləri torpaqları əllərində uzun müddət saxlaya bilməyəcəklər, çünki torpağı qorumaq üçün onu əkib-becərmək lazımdır. Ermənilər isə torpaq adamı deyillər. Az bir müddətdən sonra bu gün Ermənistan deyilən ərazidə yaşayan ermənilərin çoxu qaçıb çıxıb gedəcəklər. Bir də dünyada getdikcə türk amili güclü rol oynamaqdadır. Türk dünyası gücləndikcə, bizim itkilərimiz də aradan qalxacaq.

 

Ulu öndər Heydər Əliyevin Həsən Mirzəyevlə söhbətindən

 

İctimai-siyasi fəaliyyətinin əsas qayəsini Azərbaycançılıq, türkçülük ideyaları təşkil edən Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Həsən Mirzəyev iki çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Təhsil, etika və toponimika komissiyasının, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü, Avropa Akademiyasının həqiqi üzvü olmuşdur. Həsən Mirzəyevin elmi, ictimai-siyasi fəaliyyətinin başlıca konsepsiyası Azərbaycançılıq, Türkçülük, milli-mənəvi dəyərlərin qorunması, Qərbi Azərbaycanın vaxtilə Azərbaycan əraziləri olduğunu mənbələr, elmi araşdırmalar, tarixi faktlara söykənərək sübut etmək olmuşdur. Onun çox geniş spektrli fəaliyyətinin ana xəttini isə dilçilik araşdırmaları təşkil edir.

 

Özünün həyat kredosuna çevrilmiş bu işlərin həyata keçməsi üçün o, bir çox ilklərə imza atmışdır.

        

Həsən Mirzəyevin çoxşaxəli əsərlərinin 14 cildlik külliyyatı müasir dövrümüzlə səsləşən, türkoloq və dialektoloqların diqqətini cəlb edən araşdırmalar kimi Azərbaycan xalqının qədim tarixinin, mənşəyinin, etnogenezinin Azərbaycançılıq kontekstində öyrənməyin yeni istiqamətlərini göstərir.

 

Alimin imzasını Azərbaycan və bütün türk dünyasında tanıdan ilk əsəri dilimizin tarixi qədər qədim, eyni zamanda Azərbaycan dilinin milli orijinallığını qoruyub saxlayan, çox güclü potensiala malik feillər haqqında monoqrafiyasıdır.

 

O, Azərbaycan xalqının milli dili, Azərbaycan Respublikasının rəsmi dövlət dili olan Azərbaycan dilinin qədim və müasir inkişaf tarixini ahəngdar şəkildə özündə birləşdirən Müasir Azərbaycan dili kafedrasının ilk yaradıcısı və rəhbəri kimi həmişə hörmətlə anılır.

 

Yaşadığı dövrün siyasi qadağaları və təhlükələrindən qorxmayaraq qədim türk-oğuz yurdu indiki Ermənistanı Qərbi Azərbaycan adı kimi elmi ictimaiyyətə çatdırmışdır.

 

Azərbaycanın Dərələyəz mahalına ermənilərin yerləşdirilməsi kimi tarixi ədalətsizlik iki yüz ildən çox davam etmişdir. Bu tarixi faktların unudulmaması üçün ictimai-siyasi xadim kimi  filologiya elmləri doktoru professor Həsən Mirzəyev yorulmaz mübarizə aparmışdır.

 

Qədim ozan sənətini yaşadan Aşıqlar Birliyinin üzvü kimi bir çox istedadlı gənclərin yetişməsinə dəstək vermiş, “Dərələyəz folkloru” adlı əsərində mahalın zəngin folklor nümunələrini toplamışdır.

 

Sürətli zaman axınında güclü sel kimi sonsuza axıb gedən, vaxtilə Azərbaycanın tərkib hissəsi olmuş Dərələyəz mahalının qədim Azərbaycan ərazisi olduğunu sübut edən nitq faktlarını amansız zaman selinin ağzından qopararaq toplayıb gələcək nəsillərə çatdırmışdır.

 

Həsən Mirzəyev Dərələyəz mahalının  şivələrini ilk dəfə tədqiqata cəlb etmiş,  onların arealını, şivə sözlərinin fonetik, leksik və qrammatik xüsusiyyətlərini araşdırmışdır.

 

Azərbaycanın tarixi sərhədlərinin müəyyənləşdirildiyi müasir dövrümüzdə “Qərbi Azərbaycanın Dərələyəz mahalı” əsəri Dərələyəz mahalının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut edən ilk qiymətli mənbədir.

 

Azərbaycanın siyasi mücadilələrin içində boğulduğu bir zamanda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə dəvət edilməsi üçün “91-lər” hərəkatının təşəbbüskarlarından və təşkilatçılarından biri  olmuşdur.

 

Elmi və ictimai-siyasi fəaliyyətinin əsasını Azərbaycançılıq konsepsiyası təşkil edən Həsən Mirzəyevin xalqına töhfəsi onun elmi yaradıcılığı, Vətən sevgisidir.

 



26.11.2022 | 10:10