“Uğurlarımın səbəbini çox çalışmaqda görürəm”

Son illər ölkəmizdə keçirilən Respublika fənn olimpiadaları,  müxtəlif səviyyəli bilik yarışları, eləcə də dünyanın ayrı-ayrı ölkələrində təşkil olunan  beynəlxalq olimpiadalar neçə-neçə istedadlı gəncin gələcək elm və təhsil yolunu müəyyən etmişdir. Mötəbər bilik olimpiadalarında əldə olunan uğurlar sayəsində gənclərimizin sorağı artıq  dünyanın nüfuzlu  ali təhsil müəssisələrindən gəlir. Onlardan biri də hazırda Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) “Kompüter elmləri” ixtisası üzrə təhsil alan Cavad İsmayılzadədir. 

 

TANITIM. Cavad İsmayılzadə 10 dekabr 2004-cü ildə anadan olub. Bakıdakı  Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyi bitirib. Riyaziyyata hər zaman marağı olub. VIII sinfin əvvəllərindən olimpiada  hazırlıqlarına başlayıb. Respublika fənn, eləcə də Beynəlxalq Riyaziyyat, Balkan riyaziyyat,  Beynəlxalq Jautıkov olimpiadalarında iştirak edib, bürünc, gümüş, qızıl  medallara layiq görülüb.

 

- Həyatınızda bilik müsabiqələrinin, olimpiadaların rolunu necə qiymətləndirirsiniz?

- Məni olimpiadalara sövq edən riyaziyyata olan böyük marağım idi. Digər tərəfdən, həm özümə, həm də yaşıdlarıma kifayət qədər çalışmaqla ən çətin məqsədlərə çatmağın mümkünlüyünü göstərmək idi. Olimpiada məni ilkin olaraq yüksək elmi və eyni zamanda, insani keyfiyyətlərə sahib olan bir cəmiyyətə təqdim etdi. Olimpiada mənə davamlı oxumağı öyrətdi. Ümid edirəm ki, olimpiadada qazandığım uğurlarımın yalnız akademik həyatıma yox, həm də ətrafımdakıların uğur hekayələrini izləməyimə təsiri olacaq.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz?

- Xaricdə təhsil almaq üçün Koreya, Amerika Birləşmiş Ştatları, Türkiyə  və Çexiyada yerləşən universitetlərə müraciət etmişdim. Amma son  qərar olaraq Koreyada yerləşən Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunu  (KAIST)  seçdim. Buna səbəb adıçəkilən  ali təhsil müəssisəsinin dünya reytinqlərində  digərlərinə nisbətən daha yüksək sırada yerləşməsi və Koreyanın texnologiyalar ölkəsi olmasıdır.

 

- Kompüter elmləri sizin üçün nə dərəcədə maraqlı sahədir?

- Kompüter elmlərinin mənə bu qədər cəlbedici olmasının əsas səbəbi kreativ ideyalarımı praktiki formaya gətirə bilməyim və kompüter elmləri sayəsində bu ideyalarla bəşəriyyətə xeyir verə biləcəyimi bilməyimdir. Kompüter elmləri və riyaziyyat, əslində, bir- birlərinə sıx bağlıdır. Nəticə etibarı ilə riyaziyyatdan kompüter elmlərinə inteqrasiya etmək o qədər də çətin deyil. Bu, mənə sahəmi daha əminliklə seçməyə kömək oldu. Kompüter elmlərinə marağı olan şəxslərə demək istərdim ki, bu sahəni seçməkdə heç bir şübhələri olmasın, özlərini bu istiqamətdə inkişaf etdirsinlər. Bu elmin yetərincə maraqlı  bölmələri var  və gələcəyin ən çox tələb olunan sahələrindən biridir.

 

- Seçdiyiniz ixtisas ölkəmiz üçün nə dərəcədə perspektiv sahədir?

- Kompüter elmləri təkcə Azərbaycanda yox,  həm də dünyanın istənilən yerində ən çox tələb olunan sahələrdən biridir. Fikrimcə, bu elmə dərindən yiyələnən mütəxəssislərin sayı  artdıqca ölkəmiz qarşısında duran bir çox hədəflərə çatmaq qat-qat asan olacaq.

 

- Universitetdə daha çox hansı formata – distant və ya hibrid modelə üstünlük verilir?

- Demək olar  ki, əksər dərslər ənənəvi formatda canlı şəkildə keçilir. Resurslara gəldikdə, KAIST məni təəccübləndirdi. Buranın öz email, tələbə və digər portalları var və bildiyimiz “gmail”, “Whatsapp” kimi resurslarından demək olar ki, istifadə olunmur.

 

- KAIST-də əcnəbi tələbələrə münasibət necədir? Universitetdə ən çox diqqətinizi nələr çəkdi?

- Açığı, Koreyaya ilk dəfə gələndə buradakı  həyat mənə bir az çətin gəlmişdi. Çünki adətlərimiz,  yeməklərimiz, dillərimiz tamam fərqlidir. Amma vaxt keçdikcə, bu ölkəni sevməyə başladım və indi də peşman deyiləm. Əcnəbi tələbələrə gəldikdə, koreyalı tələbələrə baxdıqda onlar azlıq təşkil edir. Amma azərbaycanlısınızsa, narahat olmayın, burada özünüzü tənha hiss etməyəcəksiniz. Əcnəbi tələbələr arasında azərbaycanlılar,  qazaxlar, efiopiyalılar çoxluq təşkil edir. Çindən, Venesueladan, İtaliyadan, Türkiyədən və bir sıra digər ölkələrdən olan tələbələrlə tanışam. Yeni tanışlıqlar mənim üçün çox sevindirici haldır və dünyagörüşümü genişləndirməkdə böyük rolu var. Əcnəbi tələbələrin özlərini həm elmi, həm də fiziki cəhətdən inkişaf etdirmələri üçün fərqli dərnəklər, idman kompleksləri var.

 

- Olimpiada qalibi kimi  dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz?

- İlkin olaraq valideynlərimə və müəllimlərimə sonsuz minnətdaram. Onların dəstəyi və köməyi mənim uğurlarımın ən böyük səbəblərindən biridir. Elvin Məmmədov və Cəfər Cəfərov mənə olimpiada hazırlıqlarında çox dəstək olublar.  Digər tərəfdən uğurlarımın səbəbini çox çalışmaqda və sevdiyim işi görməkdə görürəm. Son olaraq isə, uğurumun sirrini fərqli təcrübələr qazanmağa, yeni insanlar tanımağa və davamlı öyrənməyə can atmaqda, bunun üçün öz vaxtımı və enerjimi ayırmaqdan çəkinməməkdə görürəm. Təcrübəm və müşahidələrim göstərir ki, zəhmət heç vaxt itmir və gec-tez bar verir. Sadəcə səbirli olmaq lazımdır.

 

- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? 

- Fikrimcə, olimpiadalara VI sinifdə başlamaq ən ideal nəticə verər.  Əgər kimsə, olimpiadalara  7-8-ci siniflərdə başlasa belə, yenə də beynəlxalq olimpiadalarda iştirak şansı və nəticə qazana bilər. Daha yuxarı sinif şagirdlərinə  isə olimpiadalara maraqları  varsa, yerli olimpiadalara fokuslanmağı  məsləhət görərdim. Şagirdlərə onu da çatdırmaq istərdim ki,  həyatlarını yalnız  olimpiadalarla məhdudlaşdırmasınlar. Olimpiadalarda yer sayının məhdud və rəqabətin yüksək olduğunu nəzərə alsaq, uğur əldə etmək hər zaman alınmır. Aktiv olmağa  çalışın və özünüzü digər sahələrdə də yoxlayın. Olimpiada qədər dəyərli və yararlı  ola biləcək bir çox fəaliyyət növü var.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Fikrimcə, vaxt keçdikcə bu suala verəcəyim cavab da dəyişəcək. Amma dəyişməyəcək planım, bol-bol oxumağım, səyahət etməyim, yeni insanlar tanıyıb, yeni təcrübələr əldə etməyim, cəmiyyətə müsbət təsir göstərməyim və həyatdan mümkün qədər zövq almağımdır. Məqsədlərimə gəldikdə, yəqin ki, onlar da dəyişəcək. Amma dəyişməyəcək an, yəqin ki, hamının istədiyi kimi, təhsil həyatımın sonunda özümü xoşbəxt hiss etməyimdir.

 

Oruc MUSTAFAYEV

 



25.11.2022 | 13:34