Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü  ildönümü münasibətilə tədbir keçirilib.

 

Dahi bəstəkarın ev muzeyində təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, Mərkəzin “Məktəb teatrı” dərnəyinin üzvləri və şagirdlər iştirak ediblər.

 

Çıxış edənlər Azərbaycan musiqisinin tarixi, Milli Musiqi Günü, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat veriblər. Bildirilib ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Milli musiqimizin dərin köklərə söykəndiyi, Üzeyir Hacıbəylinin Azərbaycan musiqinin inkişafında əvəzsiz rol oynadığı şagirdlərin diqqətinə çatdırılıb. Dahi bəstəkarın, Şərqdə ilk operanın banisi, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xidmətlərindən danışılıb.

 

Daha sonra 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

 

Sonda tədbir iştirakçıları Üzeyir Hacıbəylinin ev muzeyi ilə tanış olublar.

 



19.09.2018 | 16:56