“Mən bir Turan yolçusuyam”...

Lənkəran Dövlət Universitetində (LDU) böyük şair Əhməd Cavadın 130 illiyi ilə bağlı “Mən bir Turan yolçusuyam” adlı  elmi seminar keçirilib.

 

Seminarı universitetin Filologiya və ibtidai təhsil fakültəsinin dekanı, dosent Elman Mirzəyev açaraq, şair Əhməd Cavadın yaradıcılığından bəhs edib, onun istiqlal şairi kimi tanındığını, xalqının müstəqillik ideallarına həmişə sadiq qaldığını, poeziyasında azadlıq motivlərinin güclü olduğunu qeyd edib. E.Mirzəyev deyib ki, böyük söz ustadının adı və irsi Azərbaycan ədəbiyyatı tarixində daim yaşayacaq, əsərləri  hər zaman sevilə-sevilə oxunacaq.

 

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə seminarda “Əhməd Cavad istiqlal şairi kimi” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə Əhməd Cavadın keşməkeşli həyat və zəngin yaradıcılıq yolu ətraflı təhlil edilib, şairin bədii irsinin öz dövründə və hazırkı zamanda Azərbaycan ədəbiyyatında oynadığı böyük roldan danışılıb. Bildirilib ki, Əhməd Cavadın adı Azərbaycan ədəbiyyatı tarixinə azərbaycançılıq, turançılıq ideyasının, məfkurəsinin ən fəal təşəbbüskarlarından biri, azadlıq və istiqlal şairi kimi daxil olub. Professor Y. Ağazadə şairin bədii irsini bütün zamanlar üçün dəyərli və aktual adlandırıb, fikrini şairin əsərlərindən gətirdiyi bədii nümunələrlə əsaslandırıb.

 

Seminarda Azərbaycan dili və ədəbiyyatı kafedrasının  müdiri, dosent Qədim Rufullayev “Əhməd Cavad yaradıcılığında milli ruh və milli məfkurə” mövzusunda çıxış edib. Çıxışda Əhməd Cavadın yaradıcılığı müxtəlif rakurslardan ətraflı təhlil edilib, əsərlərinin bədii dəyərindən söz açılıb.

 

Elmi seminar tələbələrin ifasında Əhməd Cavadın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

 



23.11.2022 | 11:23