"Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi keçiriləcək | |
Noyabrın 25-də Minsk şəhərində "Avroviziya-2018" uşaq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqədə Azərbaycanı 13 yaşlı Fidan Hüseynova təmsil edəcək. Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində mətbuat konfransı keçirilib. Mətbuat konfransında televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, Azərbaycanı "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində təmsil edəcək Fidan Hüseynova istedadlı ifaçıdır. Fidan Hüseynova 2005-ci ildə anadan olub. Bir çox müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib. Fidan hazırda Bakıdakı "Oksford" məktəbinin 6-cı sinif şagirdidir. O, eyni zamanda T. Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində təhsil alır. 2017-ci ilin martında İtaliyanın "Testene Art Baku" beynəlxalq incəsənət festivalında qatılaraq 9-12 yaşlı uşaqlar arasında vokal ifaçılığı üzrə I yeri tutub. Həmçinin "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. Fidan Hüseynova fransalı müğənni Lara Fabianın Bakı və İstanbul konsertlərində eyni səhnəni bölüşərək hər kəsdə xoş ovqat yaradıb.
Leyla Quliyeva qeyd edib ki, təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı hələlik məlum deyil: “Yarışmanın qaydalarına əsasən mahnı ifaçının bilavasitə iştirakı ilə yazılmalıdır. Yaxın zamanlarda təmsilçimizin ifa edəcəyi mahnı ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, beynəlxalq müsabiqələr qalibi Fidan Hüseynovanın adı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.
Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.
Sifai SƏFƏROVA |
|
19.09.2018 | 18:11 | |
|
|
|