100 yaşlı məktəb | |
Göyçə mahalı qədimliyi, zəngin tarixi, Oğuzların tarixi vətənləri olaraq Azərbaycan tarixinin ayrıca bir şərəfli səhifəsini təşkil edir. Tarixin bütün dönəmlərində Göyçə mahalında azərbaycanlılar ermənilərdən üstünlük təşkil etmişdir. Hətta yaşayış məntəqələrinin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Bu da Qərbi Azərbaycanın digər bölgələri kimi, Göyçə mahalının da köklü sakinlərinin azərbaycanlılar olduğunun aydın şəkildə təsdiqidir. Göyçə mahalının həm əhalisinin sayına, həm də ərazisinə görə böyük kəndlərindən biri Toxluca kəndi idi.
Haşiyə: Toxluca İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, keçmiş Çəmbərək (Krasnoselo) rayonunda, indi Qeqarkunik vilayətində kənd. Çəmbərək qəsəbəsindən 24 km cənub-şərqdə, Göyçə gölünün sahilində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
1831-ci ildə burada 296, 1873-cü ildə 466, 1886-cı ildə 681, 1897-ci ildə 935, 1914-cü ildə 1373, 1916-cı ildə 1330, 1919-cu ildə isə 1199 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin mart ayının ortalarında ermənilər tərəfindən azərbaycanlılar vəhşicəsinə qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin keçmiş sakinləri öz doğma evlərinə dönə bilmişlər. 1922-ci ildə kənddə 1176, 1926-cı ildə 1403, 1931-ci ildə 1723, 1970-ci ildə 2415, 1979-cu ildə 2632, 1987-ci ildə isə 2985 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri bir daha ermənilərin təcavüzünə məruz qalmış və Ermənistan dövləti tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Toxluca kəndinin adı Azərbaycan dilində dağlıq yer mənasını ifadə edən “dağlıqca” sözünün fonetik forması əsasında əmələ gəlmişdir. Toponimin birinci komponenti tox türk dillərində “dağ” mənasında işlənən to, toğ sözlərinin fonetik formasıdır. Eyni zamanda qədim türk dilində toğ (tuğ) sözü “bənd”, “sədd”, “çəpər” mənalarında işlənir. Toponimin ikinci komponenti -lu (əsli -luq) və -ca şəkilçilərindən ibarətdir. “Dağlıq ərazi” mənasını ifadə edir. Erm. SSR AS RH-nin 19.04.1991-ci il tarixli qərarı ilə kəndin adı dəyişdirilib Draxtik (Cənnət dərəsi) qoyulmuşdur.
Qərbi Azərbaycanın digər bölgələrində olduğu kimi, Göyçə mahalında, eləcə də Göyçə mahalının ən böyük azərbaycanlıların yaşadığı Toxluca kəndində də təhsilə diqqət göstərilmişdir. Toxluca kəndində ilk təhsil dini təhsil olmuşdur. Dini təhsil əsasən kəndin ən qədim tarixi abidəsi olan məsciddə təşkil edilmişdir. Bununla yanaşı, evlərdə də dini təhsil verilmişdir. İstər məsciddə, istərsə də evlərdə ilk olaraq əbcəd üsulu ilə ərəb əlifbası, daha sonra Qurani-Kərim öyrədilərdi. Məsciddə keçilən dərslər sistemli xarakter daşıyırmış. Burada Qurani-Kərimin öyrədilməsi ilə yanaşı hesab, coğrafiya, tarix dərsləri də keçilirmiş. Kənddə dini təhsil verənlərdən Qara Molla kimi tanınmış Molla Əhmədin, Məşədi Əlinin, Məşədi Mir İsmayıl Ağanın adlarını çəkmək olar.
İndi Ermənistan Respublikası adlanan Qərbi Azərbaycanda 29 noyabr 1920-ci ildə sovet hökuməti qurulandan sonra azərbaycanlıların dünyəvi təhsil almaları xüsusi olaraq diqqətdə dayanmışdır. Azərbaycanlıların yaşadığı kəndlərdə dünyəvi məktəblərin açılmasını Ermənistan SSR-in rəhbərləri əngəlləmiş, yeni tipli məktəblərin açılmasının qarşısını almağa çalışmışlar. Lakin bu məsələnin həllində Qərbi Azərbaycanda yaşamış dövrün qabaqcıl azərbaycanlı ziyalıları fəallıq göstərmişlər. Bu baxımdan, 1922-1924-cü illər Ermənistan SSR Daxili İşlər Xalq Komissarının müavini, 1924-1927-ci illər Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin millətlər şöbəsinin müdiri vəzifələrində işləmiş Bala Əfəndiyevin, 1922-ci ildə Ermənistan SSR Xalq Maarif Komissarlığının nəzdində yaradılmış Azsaylı xalqlar şöbəsinin müdiri Mehdi Kazımovun xüsusi əməyi olmuşdur. Elə Toxluca kəndində dünyəvi məktəbin açılmasında da Bala Əfəndiyev və Mehdi Kazımov öz səyini əsirgəməmişdir.
Toxluca kəndində dünyəvi məktəbin açılmasında kəndin tanınmış adamları da çalışmışlar. Ən nəhayət, toxlucalılar öz arzularına çatmış, 1922-1923-cü tədris ilində Toxluca kəndində yeddiillik məktəb açılmışdır. İlk zamanlarda kənddə dünyəvi təhsillə yanaşı, dini təhsil də fəaliyyət göstərmişdir. Dini təhsil kənddə 1930-cu illərdə tam dayandırılmışdır.
Toxluca kəndində açılan ibtidai məktəb üçün xüsusi bina olmadığından dərslər məsciddə keçilmişdir. Şagirdləri yerləşdirməkdə çətinlik olduğundan dərslər həm də ayrı-ayrı evlərdə də təşkil edilmişdir. Məktəbin müəllimləri əsasən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun məzunları olmuşdur. Şagirdlərin sayı artdığı üçün Toxluca kənd məktəbi 1926-27-ci illərdə səkkizillik məktəbə, 1930-cu illərdə orta məktəbə çevrilmişdir.
Toxluca kənd orta məktəbi üçün ilk məktəb binası 1930-cu illərdə Ermənistanın Dilican və Krasnoselo rayonlarında məsul vəzifədə işləmiş İdris Sadıqovun rəhbərliyi altında inşa edilmişdir. Toxluca kənd orta məktəbi şagirdlərinin sayına görə Krasnoselo rayonunun ən böyük məktəbi idi. Məhz 1938-ci ildə tikilmiş məktəb binası artıq mövcud tələblərə cavab vermirdi. 1000 nəfər şagirdi olan Toxluca kənd orta məktəbi üçün yeni məktəb binasının tikilməsi məsələsi dəfələrlə Krasnoselo Rayon Partiya Komitəsinin, Ermənistan SSR Maarif Nazirliyinin qarşısında qaldırılsa da, erməni millətçiliyinin, ayrı-seçkiliyinin nəticəsində yeni məktəb binasının tikilməsi həllini tapmırdı. Çox çətinlikdən sonra erməni kəndlərində, hətta 5 şagirdi olan məktəb üçün belə yeni məktəb binası tikiləndən sonra 1984-cü ildə Toxluca kəndində üçmərtəbəli yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Toxluca kənd orta məktəbi 1988-ci ilin 24 noyabrına qədər fəaliyyət göstərmişdir. Əlavə olaraq onu da qeyd etmək yerinə düşər ki, məktəbin nəzdində ayrıca olaraq azkomplektli siniflər də fəaliyyət göstərmişdir. Azkomplektli siniflər Toxluca kəndinin ərazisinə daxil olan “Sovxoz” deyilən yaşayış məntəqəsində yerləşirdi.
24 noyabr 1988-ci ildə kəndin köklü sakinləri - azərbaycanlılar Ermənistan dövlətinin milli ayrı-seçkiliyinin qurbanı olmuş, tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Bununla da Toxluca kənd orta məktəbi öz fəaliyyətini dayandırmışdır.
Toxluca kənd orta məktəbinin direktoru vəzifəsində Alma Muğanlinski (1929-1934), Əli M.Həkimov (1934), Müslüm Cəfərov (1935), İdris Sadıqov (1935), Aydaş İsmayılov (1937), Abbasqulu (soyadı müəyyənləşdirilmədi, 1938), Cəlal Əsgərov (1938-1945), Həmid Əliyev (1945-1948), Şirəli Hacıyev (1948-1952), Məmmədqulu Abbasov (1952-1956), Qurban Süleymanov (1956-1958), İsa Əhmədov (1958-1964), Qəmət Əliyev (1964-1977), Xalıqverdi Novruzov (1977-1983), Fərman Kərimov (1983-1987), İbrahim Bayramov (1987-1988) işləmişlər.
Toxluca kənd orta məktəbinin ilk məzunları pedaqoji sahəyə meyil göstərmiş, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda, Qazax Pedaqoji Texnikumunda, Gəncə Pedaqoji Texnikumunda təhsil alaraq öz doğma kəndlərinə - Toxluca kəndinə dönmüş, pedaqoji fəaliyyətlə məşğul olmuşlar. M.C.Bağırov adına Qazax Dövlət Müəllimlər İnstitutunu bitirmiş Abbas Bayramov, Əziz Bayramov, Ələsgər Ələsgərov, Moruq Əhmədova, Məhəmməd Budaqov, Qəmət Əliyev (sonradan Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir), Bafta Əhmədova, Səməd Həsənov (sonradan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təbiyyət fakültəsini bitirmişdir), İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmiş Eyyub Məmmədov, Əmirvar Hüseynov, Rza İsmayılov, İsmayıl Allahverdiyev, Cabbar Əhmədov, H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun Nuxa (Şəki) filialını bitirmiş Səfər Aslanov, Gəncə şəhərində Bədən tərbiyəsi və İdman Texnikumunu bitirmiş Məhəmməd Muradov (sonradan Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir), Ermənistan Dövlət Pedaqoji İnstitutunu tarix-filologiya ixtisası üzrə bitirmiş İsa Əhmədov, Behbud Əliyev ilk pedaqoji kadrlar olaraq həm Toxluca kəndinə, həm də Toxluca kənd orta məktəbinə şöhrət gətirmiş, ilk əmək fəaliyyətinə Toxluca kənd orta məktəbində başlamışlar.
Ceyran Rzayeva qədim Azərbaycan şəhəri İrəvanda anadan olmuş, 1942-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirərək taleyini əbədilik Toxluca kəndinə bağlamışdır. Toxluca kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. C.Rzayeva 1988-ci ildə ermənilər tərəfindən doğma yurdundan deportasiya olunmuş, Bakı şəhərində məskunlaşmışdır.
Toxluca kənd orta məktəbi öz məzunları ilə həmişə fəxr etmiş, məzunlar doğma məktəblərinə baş ucalığı gətirmişlər. Orta məktəbdə təhsil illərində çalışqanlıqları, dərsə davamiyyətləri, tədris olunan fənləri tam mənimsəmələri ilə həmişə adları fəxrlə çəkilmiş, pedaqoji kollektivin dərin hörmətini qazanmış, şagird yoldaşlarına örnək olmuş Fərman Kərimov (1966), Vaqif Həsənov (1967), Fərhad Əliyev (1986) və Vaqif Qələndərov (1987) Toxluca kənd orta məktəbini medalla bitirmişlər. F.Kərimov BDU-nun, V.Həsənov ADPU-nun kimya fakültəsini, F.Əliyev ATU-nun müalicə-profilaktika fakültəsini, V.Qələndərov Türkiyənin İstanbul Cərrahpaşa Tibb fakültəsini bitirmişlər.
Azərbaycanda elmin inkişafında Toxluca kənd orta məktəbinin məzunları da öz töhfələrini vermişlər. Akademik Hüseyn Əhmədov Toxluca kəndi, eləcə də Toxluca kənd orta məktəbi üçün bir örnək, obrazlı şəkildə ifadə etsək, “etalon” olmuşdur. Doğma kəndində Hüseyn Əhmədov həm də “alim Hüseyn” kimi də xatırlanırdı. Onunla müntəzəm görüşlər, söhbətlər öz təsirini göstərməyə bilməzdi. Məhz fəxrlə qeyd edə bilərik ki, tarix elmləri namizədi Şövqi Həbullah oğlu Əhmədov, coğrafiya elmləri namizədi Akif Həbullah oğlu Əhmədov, kimya üzrə fəlsəfə doktoru, dosent Vaqif Səməd oğlu Həsənov, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim İbrahim Məhəmməd oğlu Bayramov, fəlsəfə elmləri doktoru, professor Zakir Qurban oğlu Məmmədalıyev, pedaqogika üzrə elmlər doktoru, professor Həsən Bayram oğlu Bayramov, kimya elmləri namizədi İntizar Köçəri oğlu Sərdarov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyənnaqi Məhəmmədtağı oğlu Məhərrəmov, tibb üzrə elmlər doktoru, professor Vaqif Məhərrəm oğlu Qələndərov, tibb üzrə elmlər doktoru, professor, Əməkdar həkim Yusif Qəmət oğlu Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Aslan qızı Hacıyeva, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Firdovsi Nəbi oğlu İbrahimov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fazil Əsgər oğlu İsmayılov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhəmməd Abbas oğlu Məmmədov, pedaqogika üzrə fəlsəfə doktoru Sara Məhəmmədtağı qızı Bayramova, iqtisadiyyat üzrə fəlsəfə doktoru Həbibə Məhəmmədtağı qızı Qələndərova, pedaqogika üzrə fəlsəfə doktoru Firudin Zirəddin oğlu Məmmədov Toxluca kənd orta məktəbinin məzunları olmuşlar. Bununla yanaşı tibb üzrə fəlsəfə doktoru Ramin Baba oğlu Bayramov, pedaqogika üzrə fəlsəfə doktoru Qüdsi Həsən oğlu Bayramov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vilayət Zahid oğlu Ramazanov, filologiya üzrə fəlsəfə doktoru Şəhanə Əliyənnaqi qızı Məhərrəmova ilk təhsillərini Toxluca kənd orta məktəbində almış, lakin 1988-ci ildə doğma yurdlarından ermənilər tərəfindən qovulduqları üçün təhsillərini Azərbaycanda davam etdirməli olmuşlar.
Vaxtı ilə türkəçaraların və ya digər millətlərdən olan həkimlərin ümidinə qalan Toxluca kəndinin sakinləri bu gün toxlucalı həkimlər ordusu ilə fəxr edirlər desək, səhv etmərik. Toxluca kənd orta məktəbində tədrisin yüksək səviyyədə aparılması öz səmərəli nəticəsini verməyə başlamışdır. 1940-cı illərə kimi məktəbin məzunları, əsasən müəllimlik peşəsinə yiyələnmək arzusunda olurdular. Bu məqsədlə pedaqojiyönümlü orta ixtisas və ya ali təhsil müəssisələrinə üz tutaraq qəbul olunmaqla öz arzularına çatırdılar. Yazılmamış bu ənənəni Məhərrəm Qələndərov qırmışdı. Orta məktəbi bitirən Məhərrəm Qələndərov qəbul imtahanlarını uğurla verərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. O, ATU-nu bitirərək doğulub boya-başa çatdığı Toxluca kəndinə dönmüş, neçə-neçə xəstələrə şəfa vermişdir. 1988-ci ildə ata-baba yurdundan didərgin düşən M.Qələndərov Bakı şəhərində öz peşəsindən ayrılmamış, 6 nömrəli xəstəxananın baş həkimi kimi Hippokrat andına sadiq qalaraq xəstələrin ümid yeri olmuşdur. M.Qələndərov dövlətimiz tərəfindən “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.
Sonra Toxluca kənd orta məktəbinin məzunlarından Səyyarə Məmmədova, Tofiq Məmmədov, Mürsəl Haqverdiyev, Vahid İbrahimov, Qurban Ramazanov, Mehriban Qəhrəmanova, Vidadi Əliyev, Kamil Əliyev, Qədir Həsənov, Yusif Əliyev, Əbülfət Həsənov, Fərhad Alıyev, Kamil Bəhmənov, Şəhrəbanı Məmmədova Azərbaycanda, Vaqif Qələndərli, Firdovsi İbrahimov, Elbəyi Daşdəmirov, Ələkbər Haqverdiyev, Faiq Alıyev qardaş Türkiyədə müxtəlif ixtisaslar üzrə tibb universitetlərini bitirmişlər.
Azərbaycanın tarixi torpaqlarının-Qarabağın və Şərqi Zəngəzurun Ermənistan Respublikasının işğalından azad olunması üçün minlərlə Azərbaycan igidləri ilə yanaşı, Toxluca məktəbinin məzunları da canlarını doğma Azərbaycanımız üçün qurban vermiş, Birinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə yüksəlmişlər. İndi biz Toxluca məktəbində igidlik dərsi almış və Şəhidlik zirvəsinə yüksəlmiş Əliyev Kamil Qəmət oğlu (həkim), Ələkbərov Nizami Xıdır oğlu, Bəhmənov Zakir Yusif oğlu, Məmmədov Şahin Səməd oğlu, İsgəndərov Hüsaməddin Mehfalı oğlu (leytenant), İsmayılov Arif Sadıq oğlu, Aslanov Vüqar Əmiraslan oğlu, Məmmədov Məhəmməd Müzəffər oğlu, Ələsgərov Fərhad Məhəmməd oğlu və Mansırov Rafiq Bayram oğlu ilə fəxr duyuruq. Bununla yanaşı I Qarabağ müharibəsində itkin düşmüş Mansırov Rafiq Bayram oğlu, Mansırov Zakir Xıdır oğlu, Hacıyev Bəxtiyar Yunis oğlu, Hüseynov Zülfüqar Hüseyn oğlu, Qasımov Yolçu Mehralı oğlu və Bayramov Məhərrəm Hüseyn oğlunun adı həmişə qürurla anılır, iftixarla xatırlanırlar.
İnanırıq ki, biz doğma Azərbaycanımızın tarixi torpaqlarına- Qərbi Azərbaycana, o cümlədən Göyçə mahalının Toxluca kəndinə qayıdacağıq. Yenə Toxluca kənd orta məktəbində balalarımıza öz doğma dilimizi- Azərbaycan dilini, ədəbiyyatımızı, tariximizi öyrədəcəyik. İlk dəfə məktəbə gələnlərə sevə-sevə Ana, Vətən, Azərbaycan sözlərini öyrədəcək, bu sözlərin işığında bütöv Azərbaycanın layiqli vətəndaşlarını yetişdirəcək, sönmüş ocaqlarımızı yenidən yandıracağıq.
İbrahim BAYRAMOV, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim |
|
18.11.2022 | 17:26 | |
|
|
|