Bizim sevimli MÜƏLLİM | |
Həyatda müxtəlif peşələr və peşə sahibləri var, ancaq onların heç biri müəllim peşəsi qədər müqəddəs, müəllim peşəsi qədər şərəfli deyil. Müəllim yeganə peşə sahibidir ki, təkcə dərin biliyi, əqli, zəkası ilə seçilmir. O, ilk növbədə öz şəxsi nümunəsində uşaq, yeniyetmə və gənclərə sağlam düşüncə, mənəvi ruh verir və paralel olaraq pedaqogika elminin verdiyi imkanlardan maksimum bəhrələnərək bilik və bacarığını onlara təmkinlə ötürür. Bax, elə buna görə də müəllim hamıdan çox hörmət və ehtiram sahibi olur və haqlı olaraq böyük düha sahibləri, söz xiridarları müəllim ömrünü şama bənzədirlər, yanan, yandıqca əriyən və əridikcə ətrafına nur saçan ilahi bir şam ömrünə... Yetirmələrinin dilindən eşitdiklərimi təqdim edəcəyim müəllim də bu şərəfli adı qürurla daşıyır. Bu şəxs orta və ali musiqi məktəblərində milli varlığımızın dərin fəlsəfəsi ifadə olunan xalq mahnılarımızın və canımız, qanımız qədər bizə doğma olan muğamlarımızın sirlərini öz yetirmələrinə həvəslə mənimsədən ustad xanəndə Aytən Məhərrəmovadır.
TANITIM.
Aytən Məhərrəmova 1987-ci ildə Bakı şəhərində anadan olub. Təhsilini öncə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra Asəf Zeynallı adına Musiqi Kollecində alaraq Azərbaycan Milli Konservatoriyasının bakalavr, eləcə də magistr pilləsini bitirib. Hazırda doktorantura pilləsində təhsilini davam etdirən istedadlı gənc 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyinə həsr olunan I Televiziya Muğam Müsabiqəsinin laureatı, 2011-ci ildə keçirilən II Respublika Muğam Müsabiqəsinin və 2015-ci ildə IV Beynəlxalq Muğam müsabiqəsinin qalibi olub. 2007-ci ildən Aytən Məhərrəmova pedaqoji fəaliyyətə başlayıb. Hazırda Respublika İncəsənət Gimnaziyasında və Sumqayıt Musiqi Kollecində muğam ifaçılığı ixtisasını tədris edir. Muğamımızı Amerika, Almaniya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa,Tacikistan, İran, Rusiya və digər ölkələrdə keçirilən festivallarda layiqincə təmsil edib. O, həm də Akademik Opera və Balet Teatrının solistidir. Z.Hacıbəylinin “Aşıq Qərib” operasında “Şahsənəm”, M.Maqomayevin “Şah İsmayıl” operasında “Ərəbzəngi”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında “Leylinin anası” və sair obrazları canlandırıb. İstedadlı muğam ifaçısı Sumqayıt Muğam Mərkəzinin direktoru vəzifəsini də icra edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə muğamımızın mahir bilicisi olan Aytən Məhərrəmova “Tərəqqi” medalı ilə təltif edilib. Peşəsinə olan hədsiz məhəbbətini və çalışqanlığını sevimli tələbələrinə də mənimsədə bilib. Buna görə də yetirmələrinin demək olar ki, hamısı beynəlxalq müsabiqə qalibləri və laureatlarıdır.
“Uğurlarımda müəllimimin xidməti böyükdür”
Yusif Sadıqov 2011-ci ildə Bakıda anadan olub. 8 yaşından xanəndəlik ixtisası ilə məşğul olub. Ustadım istedadlı xanəndə, mahir sənətkar Aytən Məhərrəmovadan dərs alıram, - deyir. Onunla ilk tanışlığımız Beynəlxalq Muğam Mərkəzində olub. Muğamın sirlərini bizə həvəslə öyrədən müəllimimizin köməkliyi ilə dərslərimizi də onun tələblərinə cavab verəcək tərzdə hazırlayırıq. Ötən bu illər ərzində çoxlu müsabiqələrin, istedad yarışmalarının qalibi olmuşam. Bunların içərisində mənim üçün ən yaddaqalanı Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Könlüm keçir Qarabağdan” müsabiqəsi olub. Bu müsabiqədə III yerə layiq görülərək Elm və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla mükafatlandırıldım. Nəhayət, “Milli dəyərlərimiz muğam” məktəblilərin gözü ilə” müsabiqəsində sevimli müəllimimin ümidlərini doğruldaraq I yeri qazandım. Və bu qələbəmə görə də elə üzərimdə əməyi olan Aytən Məhərrəmovaya özümü borclu sayıram. Bu gün muğam sahəsində qazandığım bütün uğurlarda sevimli müəllimimin zəhməti böyükdür. Tez-tez televiziya kanallarına dəvətlər alıram, “Şuşa İli” nə həsr olunmuş ifalarım tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb. Səmimi deyəcəyəm, mən öz xoşbəxtliyimi musiqidə tapmışam və məndən soruşsalar ki, musiqiçi üçün əsil xoşbəxtlik nədir, düşünmədən belə cavab verərəm: Aytən Məhərrəmova kimi müəllimin tələbəsi olmaq.
“Mənə olan ümidləri doğrultdum”
Həzrət Əzizli: Təhsilimi Bakıdakı 24 nömrəli onbirillik musiqi məktəbində almışam. Haqqında çox eşitdiyim mahir muğam ifaçısı və bilicisi olan Aytən Məhərrəmovanın sinfində təhsil alıb xanəndəlik ixtisasına yiyələnməyi arzulayırdım. Elə bu arzu ilə də Respublika İncəsənət Gimnaziyasına daxil oldum. Həmin gün mənim sevincimin həddi-hüdudu yox idi, çünki artıq çoxdankı arzuma qovuşmuşdum. Mən muğamı hədsiz dərəcədə çox sevirəm. İlk uğuru “Mənim atam qəhrəmandır” adlı tədbirdə qazandım. “Xudayar təsnifi”ni konsertlərdə məharətlə ifa etdim. Həmin mahnını ifa edəndə bir anlıq da olsun belə şəhid qardaşımız Xudayar gözlərimin önündən getmirdi. “Gənclərə dəstək” layihəsi çərçivəsində “Qələbə bizimdir! Qarabağ Azərbaycandır!” adlı onlayn konsertdə də muğama olan sevgimi məharətlə nümayiş etdirdim. Sonrakı illərdə Avstriyanın Vyana şəhərində keçirilən beynəlxalq müsabiqəyə qatıldım və uğur qazandım. Cəbrayıl rayonunda Xudafərin körpüsündə “Qarabağ Azərbaycandır!” adlı mahnını xüsusi şövqlə və qürur hissi ilə ifa etdim. VIII Muğam Televiziya Müsabiqəsinə qatılmaq çoxdankı arzum idi. Bu qismətə məni qovuşduran da elə sevimli müəllimim Aytən Məhərrəmova oldu. Əmin idi ki, mən bu istedad yarışmasında onun ümidlərini doğruldacağam. Nə yaxşı ki, mənə olan ümidləri doğrultdum. I yeri qazandım. Şagird üçün bundan böyük xoşbəxtlik nə ola bilər?
“Uğurlarımıza işıq salan mənəvi anamız”
Ədilə Əliyeva: 2007-ci ildə Bakıda anadan olmuşam. Bir çox həmyaşıdlarım kimi mənim də musiqiyə həvəsim uşaq vaxtlarından yaranıb. Bunu ilk dəfə hiss edən isə atam olub və o, 2020 -ci ildə məni bu istiqamətə yönəldərək sənədlərimi Respublika İncəsənət Gimnaziyasına verib. Hazırda ustadım Aytən Məhərrəmovadır. İlk və ən uğurlu çıxışlarımdan biri 2013 -cü ildə Türkiyədə keçirilən 23 Nisan Çocuk festivalındakı ifam olub. Və “World Harmony” müsabiqəsində 2 il ardıcıl olaraq II yerin qalibi olmuşam. Beynəlxalq müsabiqələr qalibiyəm və 2021 -ci ildə “Pöhrə” müsabiqəsində I yeri qazanmışam. VIII Muğam Televiziya Müsabiqəsinin diplomantıyam. 2022-ci ildə beynəlxalq müsabiqədə “Qran-pri” mükafatı almışam. Müəllimimiz Aytən Məhərrəmova muğamın sirlərini bizə səbrlə, təmkinlə başa salır, gələcəkdə mahir ifaçılar olacağımıza ümidlərimizi artırır, bütun istedad yarışmalarında birincilik qazanacağımıza əminliyimizi artırır. Mənim təkcə muğam sahəsində deyil, ümumiyyətlə, bir gənc olaraq sağlam ruhda inkişaf etməyimdə müstəsna rolu, payı olan sevimli müəllimimiz Aytən Məhərrəmovaya borclu olduğumu qürur hissi ilə ifadə edərək deyirəm: - Muğam sahəsində qazandığımız bütün nailiyyətlərə işıq salan bu istedad sahibi, bu mahir muğam bilicisi, mənəvi anamız Aytən Məhərrəmovadır.
“Arzum tanınmış xanəndə kimi yetişməkdir”
Sevil Abdullayeva: Əslən Qarabağlı olsam da 2007-ci ildə Bakı şəhərində anadan olmuşam. 2019-cu ildə AMK tərkibində İncəsənət Gimnaziyasına qəbul olunmuşam. Həmin il mənim həyatım üçün ən şanslı il olub. “Ümid - 2019” müsabiqəsində qızıl medala layiq görülmüşəm. Qazaxıstanda keçirilən ölkələr üzrə “Art Planet” beynəlxalq müsabiqəsində birinci yerin qalibi olmuşam. 2020- ci ildə keçirilən “World Harmony” müsabiqəsində üçüncü, Dünya Türkdilli Dövlətlər arasında keçirilən “Pöhrə - 2022” istedad müsabiqəsində isə “Qran pri” mükafatçısı olmuşam. Əldə etdiyim bütün uğurlarıma görə öncə ustadım, mənəvi anam Aytən Məhərrəmovaya borcluyam.
Ən böyük arzum Qarabağın gözü olan Şuşada olmaq idi, o da baş tutdu. Biz Şuşada Cıdır düzündə “Mənim atam Qəhrəmandır” layihəsi çərçivəsində Xudayar təsnifini ifa etdik. Bu, mənim üçün çox qürurverici idi. 2021-2022-ci illərdə ustadımız Aytən Məhərrəmovayla birlikdə Xudafərin körpüsündə Azərbaycan televiziyasının təşəbbüsü ilə “Qarabağ Azərbaycandır!” mahnısını ifa etdik. Həmin gün biz çox sevincli anlar yaşadıq.
Gələcəkdə arzum Aytən Məhərrəmova kimi sevilməyə layiq olan muğam bilicisi olmaq, xalq tərəfindən sevilən, dünyanın hər bir ölkəsində milli muğamlarımızı təqdim etməyə qadir xanəndə kimi yetişməkdir.
“Nailiyyətlərimə görə ustadıma borcluyam”
Murad İsayev: 2009-cu ildə Bakıda anadan olmuşam. Respublika İncəsənət Gimnaziyasının şagirdiyəm. Dünya Türkdilli dövlətlər arasında keçirilən “Pohrə -2022” müsabiqəsində fəal iştirak etdiyimə görə II yerə layiq görüldüm. XIII Beynəlxalq Muğam müsabiqəsində isə III yeri qazana bildim. Müsabiqələr zamanı həyəcanlı hisslər keçirirdim. Əldə etdiyim bütün nailiyyətlərimə görə ustadım Aytən Məhərrəmovaya borcluyam. Mənim muğama olan sevgimi, istedadımı Aytən xanım kəşf edib. Muğamın bütün incəliklərini, səhnə mədəniyyətini müsabiqələrə necə hazırlaşmağı mənə o öyrədib. Müsabiqələr zamanı bizimlə sevinib, bizimlə kövrəlib. Aytən xanım hər zaman mənə bir müəllim kimi ana qayğısı göstərir. Bütün televiziya kanalları üzümüzə açıqdır. Bir sıra dövlət tədbirlərində ustadımızla birgə çıxış etmişik. Televiziya çıxışlarımız arasında qürur hissi keçirdiyimiz Xudafərin körpüsündə olan ifamızdır. Gələcəkdə arzum sevimli müəllimim kimi sevilən xanəndə olmaqdır.
Sifai SƏFƏROVA
|
|
18.11.2022 | 14:19 | |
|
|
|