Naxçıvan Dövlət Universitetində “Müasir dövrdə media etikası və hüquq” adlı beynəlxalq simpozium

Naxçıvan Dövlət Universiteti (NDU) və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən NDU-nun rektoru Elbrus İsayev bildirib ki, universitetdə Jurnalistika və Hüquqşünaslıq ixtisasları üzrə  20 ildən artıq müddət ərzində kadr hazırlandığı nəzərə alınaraq bu sahə üzrə perspektivlərin dəyərləndirilməsi labüddür. Media etikasını jurnalist peşəkarlığının əsas prinsipi hesab edən rektor birgə keçirilən  simpoziumun əhəmiyyətindən bəhs edib, plenar iclasın işinə uğurlar arzulayıb.

 

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri” adlı çıxışında qeyd edib ki, “Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri, onu zorla xarici dillərlə əvəz etməyə çalışanları həmişə tənqid edib. Jurnal hər zaman həqiqətə xidmət, dəqiqlik və obyektivlik prinsiplərini əlində rəhbər tutub.

 

“Beynəlxalq media sistemində diffamasiya anlayışı” adlı çıxışında Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva bildirib ki, KİV-də diffamasiya hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məh­kəmə iddia­larının əksəriyyəti məhz belə hallarla əla­qədardır. Artıq bir çox ölkələrin qanun­ve­riciliyində diffamasiya cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir. Diqqətə çatdırılıb ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır; jurnalist öz peşəsinə sadiq olmalı, faktları təhrif etməməlidir.

 

Simpoziumda onlayn çıxış edən Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professoru Nazira Taşpulatova “Özbəkistanın milli jurnalistikasının qanunvericilik sistemi” mövzusunda çıxış edərək öz ölkəsində jurnalistin etik qaydaları barədə danışıb. Professor bu mövzuda nəşr etdirdiyi “Media hüququ” adlı kitabı haqda məlumat verərək vurğulayıb ki, gələcəkdə bu sahə ilə bağlı birgə əməkdaşlıq aparıla bilər. 

 

Tədbirə onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin məzunu olmuş Türkiyənin Atılım Universitetinin dosenti, ictimaiyyətlə əlaqələr və reklamçılıq bölməsinin rəhbəri  İlqar Seyidov “Rəqəmsal etikada nəzəri müzakirə: problemlər və təkliflər” adlı çıxışında rəqəmsal medianın müasir cəmiyyətimizdə formalaşdırdığı müsbət və mənfi tendensiyalara nəzər salıb.

 

Türkiyənin Milli Media Qrupunun Xarici siyasət departamentinin redaktoru, siyasi analitik Kazım Kazımov isə “Qloballaşma və mediada etika” mövzusundan bəhs edib,  müasir dünyanın qlobal informasiya cəmiyyətinin başlanğıcında dayandığını söyləyib.

 

Simpozium ənənəvi və onlayn bölmədə 25 çıxışla yekunlaşıb.

 

Səadət ƏLİYEVA

 



18.11.2022 | 16:10