AzMİU-nun şəhid məzunlarının baralyefinin açılışı olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyası fakültəsinin şəhid məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış kompleksin açılışı olub. Açılış mərasimində şəhid məzunların valideynləri, qazi məzunlar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 


Tədbiri AzMİU-nun Mexanika və informasiya texnologiyası fakültəsinin dekanı, dosent Sabir Məmmədov açaraq fakültənin şəhid məzunları haqqında məlumat verib. 

 

Sonra rektor, professor Gülçöhrə Məmmədova çıxış edərək, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi adlandırıb. Qeyd edib ki, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amil ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla və müdirikliklə davam etdirilməsi oldu:”Aparılan düzgün siyasi xətt nəticəsində Azərbaycan xalqının, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsi torpaqlarımızın qısa müddətdə azad olunmasını təmin etdi”. 

 

G.Məmmədova döyüş meydanında qəhrəmanlıq göstərən AzMİU Professor məzunlarını, I Qarabağ müharibəsində şəhid olan onlarla məzun və tələbəni, Vətən müharibəsində şəhid olan 25 məzunu xatırladaraq tələbələri milli məsələlərdə ayıq-sayıq olmağa, mübarizliyə səsləyib: “Universitetimizdə milli-vətənpərvər ruhun aşılanması və inkişafı hər zaman bizim üçün prioritetdir. AzMİU-nun xalqımız, dövlətimiz qarşısında vəzifəsi yüksək ixtisaslı kadr potensialı formalaşdırmaqla yanaşı, həm də layiqli, vətənpərvər vətəndaş yetişdirməkdir. I və II Qarabağ müharibələrində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda etmiş məzunlarımızın əziz xatirələrini əbədiləşdirmək üçün universitetdə abidə-kompleksi yaradılıb. Onların adlarını, keçdikləri qəhrəmanlıq yollarını bilmək hər birimizin, o cümlədən tələbələrimizin borcudur. Hesab edirəm ki, ümumi abidə-kompleksindən əlavə olaraq hər fakültədə xatirə komplekslərinin, baralyeflərin yaradılması tələbələrin milli-vətənpərvər ruhda tərbiyəsinə böyük töhfə verəcək”.  


Çıxışlardan sonra fakültənin Vətən müharibəsində şəhid olan məzunları – Elnur Şirinzadə, Qoşqar Ömərov, Emin Qədirov, Kənan Həsənov və Rəfael Mailovun baralyeflərinin və onların adları verilmiş tədris laboratoriyalarının açılışı olub. 

 



17.11.2022 | 11:33