Yaponiyada Azərbaycan Multikulturalizmi fənninin tədrisi davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi BMT, UNESCO, İSESCO və digər strukturlar da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Mərkəzin uğurlu layihələrindən biri Azərbaycan Multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi ilə bağlıdır. Mərkəzdən bildirilib ki, hazırda sözügedən layihə çərçivəsində dünyanın 24 aparıcı universitetində bu fənn uğurla tədris olunur. 

    

Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam etdirilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində Konfliktalogiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir. Hər il ən fəal tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində  iştirak etmək, Azərbaycana səyahət etmək hüququ qazanırlar. Onu da qeyd edək ki, Ə.Məmmədov Hokkaydo Universitetindən başqa, Tokionun Seyco və Keyyo universitetlərində də azərbaycançılıq, Azərbaycan mədəniyyəti, tolerantlıq və multikulturalizm ilə bağlı dərsləri müntəzəm tədris edir.

 



15.11.2022 | 16:33