Mingəçevir məktəbliləri İzmirdə keçirilən beynəlxalq elm müsabiqəsinin qalibi olublar

Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2022” beynəlxalq elm müsabiqəsinin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib.

 

Bu beynəlxalq elmi layihə müsabiqəsində final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət - Riyaziyyat Humanitar elmlər təmayüllü liseyin X sinif şagirdi Rəsul Həsənli və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Taleh Musayevin biologiya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülüb.

 

Dünyanın 19 ölkəsinin 912 layihə ilə qatıldığı müsabiqədən 108 təqdimat qalib olub ki, onlardan biri də Azərbaycandan yeganə qalib gələn layihədir.

 

Məktəblilərimiz müsabiqəyə təqdim etdikləri elmi layihəni Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Fizioloji fəal üzvi birləşmələr laboratoriyasında kimya elmləri doktoru Əfsun Sucayevin rəhbərliyi altında yerinə yetiriblər.

 

Qeyd edək ki, artıq üçüncü dəfə təşkil olunan “BUCA IMSEF” beynəlxalq müsabiqənin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirmək, dünyanın hər yerindən eyni yaş qrupundan olan gəncləri bir araya gətirmək, elmi və mədəni mübadilə etmək, onların bu sahədə inkişafına dəstək olmaqdır.

 

 



14.11.2022 | 14:05