“KAIST-də elmi və texnoloji inkişafa çox üstünlük verilir”

Son illər dünyada baş verən sürətli dəyişikliklər yüksəkixtisaslı mütəxəssis hazırlığı məsələsini bütün ölkələr üçün eyni dərəcədə prioritet hədəfə çevirib.  Ölkəmizdə hər il keçirilən fənn olimpiadaları, bilik müsabiqələri neçə-neçə istedadlı gəncin üzə çıxmasına imkan yaradır. Sevindirici haldır ki, aparılan məqsədyönlü işlər azərbaycanlı gənclər arasında yeni ixtisaslara, elmi tədqiqatlara marağın artması ilə müşahidə olunur. Bu isə ölkəmizin gələcək elmi potensialının gücləndirilməsində əhəmiyyətli faktordur. Bilik müsabiqələrinin qalibi kimi xaricdə nüfuzlu universitetlərdə ali təhsil həyatına başlayan gənclərin sıraları genişlənməkdədir. Onlardan biri də Rəfsan Həbibullayevdir.

 

Tanıtım: 15 may 2005-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilinə Şəki şəhər 18 nömrəli orta məktəbdə başlayıb, daha sonra təhsilini Bakı şəhər 248  nömrəli orta məktəbdə və 299 saylı liseydə davam etdirib. BDU  nəzdində "Gənc istedadlar” liseyinin məzunudur. İlk dəfə 2018-ci ildə IV Respublika fənn olimpiadasında  iştirak edərək  bürünc medala layiq görülüb. 2019-cu ildə IX  sinifdə oxuyarkən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasından (İJSO) ilk olimpiada mükafatı olaraq bürünc medal qazanıb. Daha sonra 9,10 və 11-ci siniflərdə oxuyarkən Respublika fənn olimpiadarından fizika fənni üzrə 3 qızıl medal əldə edib. 2021-ci ildə "Sabahın alimləri" müsabiqəsində qızıl, 2022-ci ildə bürünc medallara layiq görülüb. Beynəlxalq Jautikov Olimpiadasında bürünc,  Beynəlxalq Avropa Olimpiadasında bürünc, Beynəlxalq Fizika olimpiadasında  “Həvəsləndirici”  medallara,  Beynəlxalq  “İSEF sərgisi”ndə  “Finalçı” mükafatına layiq görülüb.

 

 - Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz?

- Beynəlxalq olimpiadalara qatılmağımın mənə böyük təsirləri oldu. Olimpiadalar sayəsində fizikanı daha çox sevməyə başladım və bu sahəni özümə ixtisas kimi seçdim. Bundan əlavə,  beynəlxalq olimpiadalardan qazandığım uğurlar sayəsində mən bir çox nüfuzlu universitetlərdən qəbul aldım.
 2022-ci ildə  orta məktəbi  bitirdikdən sonra  Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST)  ali təhsil almağa qərar verdim. Hazırda  KAIST-də “Fizika və kompüter elmləri”  üzrə ali təhsilimi davam etdirirəm.

 

- Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz? Kimlərinsə məsləhəti, yoxsa özünüz seçmisiniz. Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir?

- Sözsüz ki, Koreya texnoloji inkişaf, elmi araşdırmalar sahəsində dünyada qabaqcıl ölkələrdən biridir. Hazırda təhsil aldığım ali təhsil müəssisəsi isə Koreyanın ən nüfuzlu universiteti kimi tanınır. Burada elmi və texnoloji inkişafa çox üstünlük verilir. Məsələn, bu universitetin istənilən laboratoriyasında siz möhtəşəm bir proyekt, araşdırma və kəşflər görə bilərsiniz. Mənim isə xəyalım bir gün öz ixtisasım üzrə sensasion bir yenilik yaratmaqdır, hansı ki, həm Azərbaycanın adını dünyada məşhurlaşdırsın, həm də insanlığa böyük köməyi olsun.



- İxtisasınız barədə nə deyə bilərsiniz? Elektrik mühəndisliyi sizin üçün nə dərəcədə maraqlı sahədir? Bu sahədə əldə etdiyiniz biliklərlə gələcəkdə Qarabağımızda aparılan bərpa-quruculuq işlərinə öz töhfələrinizi vermək istərdinizmu?

-  Fizika ilk dəfə bu elm sahəsini öyrənməyə başladığım andan  mənə maraqlı gəlib. Fizika məncə, elə bir sahədir ki, haqqında öyrəndikcə anlayırıq ki, yaşadığımız kainat nə dərəcədə maraqlı və çox sayda qanunlar əsasında qurulub. Bu sahədə aparılan kəşflər də, yeni tapılan qanunlar da gündəlik həyata applikasiya olub, böyük texnoloji inkişafa yol açır. Mənim fikrimcə,  bu texnoloji kəşflərin Azərbaycanımıza, xüsusən də, işğaldan azad olunan Qarabağımızın bərpa quruculuğu dövründə böyük faydası olacaq.

- Seçdiyiniz ixtisas sahəsi ölkəmiz üçün nə dərəcədə prioritet və perspektiv sahədir? 

- Fikrimcə, elmi yeniliklərin hər zaman kəşf edildiyi ölkəyə böyük köməyi dəyir. Dünya miqyasında tanınmaqdan əlavə, elmi yeniliklərin applikasiyasının ölkəmizdə bir çox sahələrdə, xüsusən də indiki dövrdə çox vacib sayılan texnologiya sahələrinin inkişafında böyük rolu olacaqdır.

 

- Universitetdə daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir? Hansı texnologiya və resurslardan istifadə olunur...

- Universitetdə dərslər hibrid formatda keçirilir. Pandemiyadan qorunmağa qarşı ciddi tədbirlər alındığından, dərslərdə iştirak edən bir tələbədə belə, virus aşkarlanarsa,  dərslər onlayn formatına keçirilir. Bəzi dərslər isə virus aşkarlanmasa belə, qorunma məqsədi ilə online olaraq təşkil olunur.  Universitetdə dərsləri yüksək dərəcədə keçmək üçün kifayət qədər texnologiya və resurslar var. Və biz bunlardan çox geniş istifadə edirik.
 

- KAIST-də əcnəbi tələbələrə münasibət necədir?

- Burada professorlar və universitet heyəti bütün tələbələrə ədalətli yanaşmağa və hamıya eyni cür münasibət göstərməyə diqqət edirlər. Yerli əhali də universitetdə təhsil alan əcnəbi tələbələrin varlığına alışıb, normal qəbul edirlər.
 

- Olimpiada qalibi kimi uğurlarınızın sirrini necə izah edərdiniz? Uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

- Olimpiadalarda uğur qazanmağımın sirri mənim fizika fənninə olan sevgim və rəqabətlə güclənən əzmim olub. Nəticəmdən asılı olmadan həmişə fizikaya böyük marağım olub. Amma daha yaxşı nəticələr əldə etməm üçün digər olimpiadaçılarla rəqabət aparırdım və rəqabət mənə stimul verirdi. Nə qədər fərdi olaraq çalışsam da,  uğurlarımda müəllimlərimin rolu danılmazdır. Xüsusən fizika fənninə məndə maraq oyadan fizika müəllimim Kərəm Səfərov olub. Daha sonra isə mənə fizikanın daha qəliz və məncə, daha maraqlı sahələrini öyrədən, olimpiadalarda uğur əldə etməyimdə böyük rolu olan Rəşadət Qədməliyev olub. Uğurlarıma görə  müəllimlərimə hər zaman minnətdar olacağam.


- Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? Bu sahədə təcrübə və biliklərinizi bölüşürsünüzmü?

- Fikrimcə, olimpiadalara hazırlıq nə qədər tez başlayarsa, daha yaxşı nəticələr əldə etmək olar. Olimpiadaya kiçik yaşlardan, hətta ibtidai sinifdən belə hazırlaşmaq olar, demək olar ki, bütün olimpiadaların kökündə riyaziyyat durur. Aşağı yaşlardan riyazi bacarıqların inkişafı gələcəkdə güclü nəticələrlə sonlanır. Olimpiadaya hazırlaşanlara isə ən böyük məsləhətim güclü motivasiyanı qoruyub saxlamaqdır. Əgər siz hər gün davamlı olaraq hazırlaşsanız, yaxşı bir nəticə qazanmağınız mütləqdir. Bu sahədə təcrübələrimi mümkün qədər hər kəslə bölüşürəm və inanıram ki, Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil edəcək gənclərin sayı günü-gündən artacaq.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz? Gələcəkdə özünüzü harada görürsünüz?

- Mən gələcəkdə fizika sahəsi üzrə yeniliklər kəşf edib dünyanı yaxşı yöndə dəyişdirəcək inkişaflara səbəb olmaq istəyirəm. Beləcə həm ölkəmizin adını dünyada daha da tanıtmaq, həm də ölkəmizi bu yeniliklərlə inkişaf etdirmək istəyirəm.

 

- Bol uğurlar Rəfsan!

 

Oruc MUSTAFAYEV



14.11.2022 | 10:00