Tvinninq layihəsi çərçivəsində görüş

Sentyabrın 18-də Sumqayıt Dövlət Universitetində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə görüş keçirilib. 

 

Görüşdə Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorunun müavini, Fizika fakültəsinin dekan müavini, UFAZ Elmi Şurasının həmsədri Filip Turek, layihənin rezident koordinatoru Liza Baydanova və b. iştirak ediblər.

 

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov universitetin fəaliyyəti, struktur və tədris proqramları, o cümlədən Tvinninq layihəsi çərçivəsində həyata keçirilən təlimlər barədə ətraflı məlumat verib. Bildirib ki,  SDU-nun Avropa İttifaqı tərəfindən maliyələşən proqramlarda iştirak etməsi artıq ənənənyə çevrilib. Dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə universitet müxtəlif universitetlərarası assosiasiyalara üzv olub. Prorektor universitetin inkişafına verdikləri dəstəyə görə layihənin iştirakçılarına təşəkkürünü bildirib, əminliklə vurğulayıb ki,  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən,  Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq  layihəsi Azərbaycan ali təhsil sisteminin inkişafına töhfələr verəcək.

 

Strasburq Universitetinin beynəlxalq əlaqələr üzrə prorektorunun müavini, Fizika fakültəsinin dekan müavini, UFAZ Elmi Şurasının həmsədri Filip Turek layihənin ali təhsilin keyfiyyətinin yüksəldilməsinə səmərəli təsir edəcəyini bildirib. Qeyd edib ki, layihə Azərbaycan ali təhsil sisteminin Avropa ali təhsil məkanının  tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinə dəstək verən bir layihədir. Layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. Qeyd edək ki,  layihənin icrasına 2018-ci ilin aprel ayında start verilib. Layihənin icrası üçün Fransa, Latviya və Litvanın təmsil olunduğu konsorsium qalib seçilib.

 

Sonra qonaqlar Fizika və elektroenergetika fakültəsində olublar. Dekan, dosent Tamella Əhmədova  fakültənin fəaliyyətindən,  tədris prosesinin təşkilindən və layihənin əhəmiyyətindən söz açaraq maraqlı təkliflər irəli sürüb. Müzakirələr zamanı layihənin Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, həmçinin SDU-da təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Avropalı ekspertlər laboratoriyalarda əyani vasitələr və avadanlıqlarla yaxından tanış olublar.



18.09.2018 | 17:57