Naxçıvan Dövlət Universitetində “9 Noyabr - Dövlət Bayrağı Günü” | |
Naxçıvan Dövlət Universitetində (NDU) 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev Dövlət Bayrağı Gününün tarixindən bəhs edib. Bildirib ki, Azərbaycan bayrağı ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda dalğalanıb. Rektor dövlət bayrağının respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldığını, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, böyük ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırıldığını diqqətə çatdırıb.
“Üçrəngli bayrağımız müstəqilliyimizin simvoludur” mövzusunda çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədov Azərbaycan Respublikasının bayrağı, gerbi və himninin dövlətin müstəqilliyini təcəssüm etdirən rəmzlər olduğunu söyləyib.
Sonra universitetin İncəsənət fakültəsi tələbələrinin iştirakı ilə Tələbə teatr studiyasının hazırladığı “Vətən göylərinin sönməz işığı” adlı tamaşa-kompozisiya izlənilib. Tamaşada Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin döyüşlərdən iki gün öncə “Vətən yaxşıdır” təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya alması səhnəsinin canlandırılması izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan film nümayiş etdirilib.
Nəzrin Ələsgərova, NDU-nun Jurnalistika ixtisası üzrə II kurs tələbəsi
|
|
09.11.2022 | 11:26 | |
|
|
|