ADNSU-da şəhid məzunların adına auditoriyalar açılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr - Zəfər Günü qeyd olunub və bayram günündə universitetin 23 şəhid məzununun hər birinin adına auditoriyaların açılışı olub.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Zəfər Gününün 2-ci ildönümü münasibətilə hər kəsi təbrik edib və xalqımızın ən şanlı qələbəsi olan 8 Noyabr Zəfərinin tariximizə qızıl hərflərlə yazıldığını deyib. Qələbəni şərtləndirən əsas amillərdən söz açan rektor 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa müddətdə torpaqlarımızı düşmən tapdağından azad etdiyini bildirib.

 

M.Babanlı bizə öz canları bahasına bu qələbə sevincini yaşadan şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb və onların xatirəsinin hər zaman uca tutulacağını deyib. O, universitetdə şəhid məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində 23 şəhid məzunun hər birinin adına auditoriyalar yaradıldığını iştırakçıların diqqətinə çatdırıb.

 

Sonra şəhidlərin valideynlərinin və yaxınlarının iştirakı ilə auditoriyaların açılışı olub. Auditoriyalarda şəhidlərin həyat və döyüş yolundan bəhs edən stendlər quraşdırılıb.

 

Şəhidlərin ailə üzvləri və yaxınları çıxışlarında övladları ilə bağlı xatirələrini bölüşüb, şəhidlərə göstərilən diqqət və ehtirama görə, dövlətimizə, universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 



08.11.2022 | 16:48