UNEC-də differensial əmək haqqı sisteminə dəyişiklik edildi

Azərbaycan universitetləri arasında ilk dəfə  müəllimlər üçün differensial əmək haqqı sistemini tətbiq etmiş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) sistemin təkmilləşdirilməsi üçün yeni dəyişikliklər edib. 

 

Təhsil müəssisəsindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, UNEC Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiq edilib.

 

Qaydalara edilən dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.

 

Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən, qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40 faizdən 70 faizə yüksəldilib. “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

 



18.09.2018 | 12:02