Qarabağda təhsilin yenidən qurulması: insan kapitalının inkişaf etdirilməsi prizmasında | |
44 günlük Zəfər savaşı xeyirin şər, sivilizasiyanın barbarlıq, mədəniyyətin vəhşilik üzərində qələbəsidir. Azərbaycan sivil dövlət kimi təcavüzkarı məğlub edərək bütövlükdə insanlığa, bəşəriliyə, mədəniyyətə xidmət etmiş oldu. II Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi proqramların məzmunu bunu bir daha sübut etdi. Torpaqları işğaldan azad etmək əməliyyatının başa çatmasından sonra cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Sərəncam imzaladı. Əlaqələndirmə Qərargahı işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə yaradılmışdır.
Azərbaycan sistemli, davamlı və vahid mövqedən yanaşaraq işğaldan azad olunmuş ərazilərdə bərpa işləri aparmağa start verib. Bura cəmiyyətin bütün əsas sferalarında fəaliyyət göstərən sosial, siyasi, iqtisadi, mədəni təsisatlar və təşkilatların yenidən qurulması daxildir. Onların sırasında təhsil ayrıca yer tutur və bunun böyük əhəmiyyəti vardır.
Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş sistemli layihələrin həyata keçirilməsi vasitəsi ilə baş verəcək və burada intellekt, təhsil, mədəniyyət və mənəvi-əxlaqi dəyərlər aparıcı rol oynayacaq.
Azərbaycanın dövlət başçısının məsələyə yüksək dərəcədə həssaslıq və ən müasir layihələri reallaşdırmaq əzmi ilə yanaşmasının ciddi əsasları vardır. Məsələ ondan ibarətdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında mədəniyyət, təhsil və dini obyektləri vəhşicəsinə dağıtmışlar. Dağıntıların statistikası olduqca faciəvi mənzərəni ortaya qoyur.
Rəsmi məlumatlara görə, erməni işğalçıları və separatçıları 1107 təhsil müəssisəsini tamamilə dağıtmış, 855 uşaq bağçasını vəhşicəsinə məhv etmişlər. Bundan başqa, 74 məscid və 800-dən çox qəbiristanlığı yerlə-yeksan etmişlər.
Dini məbədlərimizdə heyvanlar saxlamışlar, bəzi məscidləri silah anbarına çevirmişlər. Dağıdılan məktəblərin və qəbiristanlıqların materiallarını ya özləri üçün aparmış, ya da satmışlar. Bir sözlə, təhsilə və mədəniyyətə qarşı böyük vəhşiliklər törətmiş, sivil, mədəni tarixə hörmətsizlik etmişlər.
İşğalçılar tarixi Şuşa Real Məktəbini dağıtmışlar. Zəngəzurda ilk dünyəvi məktəb (rus-tatar məktəbi) 1882-ci ildə Qubadlıda yaradılmışdı. Bütövlükdə işğaldan əvvəl Qubadlıda 61 ümumtəhsil məktəbi mövcud olmuşdur. İndi orada həm tarixi rus-tatar məktəbindən, həm də başqa məktəblərdən əsər-əlamət qalmamışdır.
Bunlardan başqa, Cəbrayıl rayonunun Soltanlı kəndində 1912-ci ilə kimi rus-tatar məktəbi kimi fəaliyyətə başlayan və sonralar həmin kəndin orta məktəbi olan tarixi təhsil müəssisəsini tamamilə dağıtmışlar. Kəlbəcərdə də işğaldan əvvəl mövcud olan 96 ümumtəhsil məktəbi məhv edilmişdir.
Onu da vurğulayaq ki, təhsil obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsini də işğalçılar dağıtmışlar. Məsələn, 4,6 milyon kitab fondu olan 927 kitabxana yox edilmişdir. 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi dağıdılmışdır. 85 musiqi və rəssamlıq məktəbi yerlə-yeksan olunmuşdur. 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı məhv edilmişdir. Münaqişədən öncə dövlət qeydiyyatına alınmış 700-dən artıq tarix və mədəniyyət abidəsi işğalçıların qurbanı olmuşdur.
İşğalçı Ermənistan 30 il müddətində Azərbaycanın qədim Qarabağ bölgəsində tarixi-mədəni və dini abidələrə, təhsil müəssisələrinə qarşı böyük vəhşiliklər etmişlər, onları dağıtmışlar.
Bu səbəbdən, cənab Prezidentin Qarabağda yenidənqurma işləri, o cümlədən təhsilin bərpası ilə bağlı ardıcıl və sistemli siyasət yeritməsi dövlətçilik və cəmiyyətin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir. Artıq bu istiqamətdə konkret nəticələr də alınır.
Əvvəlcə, onu vurğulayaq ki, Azərbaycanın təhsil işçiləri Prezident İlham Əliyevin bu sahədə bir fikrini rəhbər tuturlar. Dövlət başçısı ifadə etmişdi: “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.
Artıq Prezidentin göstərdiyi istiqamətdə yeni konkret işlər görülür. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qısa müddət ərzində məktəb və uşaq bağçası inşa edilmişdir. Hər iki müəssisə müasir avadanlıqlarla tam təmin edilmişdir.
Eyni sürət və keyfiyyətlə işğal dövründə zərər görmüş bütün təhsil ocaqları bərpa edilir. Bu zaman Azərbaycan təhsil işçilərinin başlıca hədəfi BMT-nin 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömürboyu təhsili təşviq etmək” proqramına tam uyğun işləri aparmaqdan ibarətdir.
Həmin istiqamətdə aparılan işlərlə bağlı rəsmi informasiyalara görə, Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin yeni tədris ilində təhvil verilməsi nəzərdə tutulub. Bu məktəbdə 960 şagird təhsil alacaq. Bundan başqa, artıq Şuşa Real Məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri ilə bağlı konsept layihəsi hazırdır. Şuşa Real Məktəbinin layihələndirmə işləri başlanmışdır.
Ağdam şəhərində yenə də 960 şagirdin təhsil ala biləcəyi 1 saylı şəhər tam orta məktəbinin tikinti işlərinə başlanılıb. 2022-ci ilin sonunda həmin məktəbin təhvil verilməsi planlaşdırılmışdır.
Füzuli şəhərində də 960 şagird yerlik tam orta məktəbinin layihələndirilməsi və tikintisi ilə əlaqədar layihə-smeta sənədləri hazırlanır. Bundan başqa, Füzulidə 700 yerlik peşə liseyinin təməli qoyulub.
Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin tikilməsi planlaşdırılmışdır. Həmin məktəbdə də 960 şagird təhsil almalıdır. Rayonun Yuxarı Mərcanlı kənd məktəbinin təməli isə artıq qoyulmuşdur. Orada da 960 şagird təhsil alacaq.
Tərtər rayonunun Suqovuşan qəsəbəsində isə 144 şagirdin oxumasının mümkün ola biləcəyi tam orta məktəb tikiləcək. Məktəbin layihələndirilməsi başa çatmışdır. Onun layihə-smeta sənədləri də hazırdır.
Gətirilən faktlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları artıq müəyyənləşdirilmiş, onların qiymətləndirilməsi aparılmışdır. Bununla bütövlükdə Qarabağda optimal təhsil ocaqlarının yaradılmasına nail olmaq mümkündür. Həm də təhsilin müasir səviyyədə təşkili üçün geniş imkanlar yaranır.
Qarabağda təhsilin yenidən təşkil edilməsi istiqamətində görülən bu işlər, əlbəttə, təqdirəlayiqdir. Çünki qısa bir müddətdə xeyli işlər görülmüşdür və o, intensiv olaraq davam edir. Aydın görünür ki, dövlətimiz ardıcıl olaraq, düşünülmüş şəkildə prosesləri davam etdirməkdə tam qərarlıdır.
Azərbaycan dövləti, o cümlədən, Elm və Təhsil Nazirliyi bütün bu işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə tam uyğun həyata keçirir. Bu isə həm təhsilə müasir yanaşmanı, həm də keyfiyyətli tədrisə nail olmağı təmin edən mühüm şərtlərdəndir.
Qarabağda təhsilin yenidən qurulması istiqamətində işlər konkret olaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun aparılır. Məlumdur ki, bu strategiyanın məqsədi Azərbaycanın modernləşdirilməsi üçün lazım olan insan kapitalının inkişaf etdirilməsi prinsipini reallaşdırmaqdan ibarətdir. Bu, müasir təhsil baxımından olduqca vacib məqamdır. Çünki tarixin indiki mərhələsində insan kapitalı hər bir cəmiyyət üçün strateji əhəmiyyət kəsb edir.
Bundan başqa, həmin strategiya Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməyə xidmət edir. Hazırda təhsil hər bir xalq üçün ciddi strateji məna daşıyır. Keyfiyyətli təhsil insan kapitalının başlıca inkişaf şərtlərindəndir.
Azərbaycanda təhsil sahəsində mükəmməl dövlət proqramları və islahatlar həyata keçirilir. Onun bariz nümunəsi kimi Qarabağda təhsilin yenidən təşkilini göstərmək mümkündür. Bütövlükdə isə təhsilin sistem olaraq müasir tələblərə uyğun inkişafı həm müstəqil dövlətçiliyin möhkəmlənməsində, həm də Azərbaycanın gələcək təhsil tərəqqisində əhəmiyyətli rol oynayacaq.
Ramil ALLAHVERƏNOV, Qubadlı rayon Hafis Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin tədris işləri üzrə direktor müavini
|
|
08.11.2022 | 12:22 | |
|
|
|