Sevgi, anlayış, qayğı...

Uşaqların cəmiyyətdə inteqrasiyası, sosial həyatın müxtəlif sahələrinə uyğunlaşma dövrü mərhələlər formasında olur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafına şərait yaradır. Xüsusilə uşaq haqlarının qorunması, hüquqlarının müdafiəsi bir çox qurumlar, beynəlxalq təşkilatlar və media orqanları tərəfindən müntəzəm olaraq diqqətdə saxlanılan mühüm məsələlərdəndir. Müasir dövrdə müxtəlif ölkələrdə milyonlarla uşaqların hüquqları ciddi şəkildə pozulur, təkzib olunur. Uşaqlar şiddətə, zorakılığa, cinsi və ya psixoloji istismara məruz qalır, eyni zamanda, aclıq kimi problemlərlə üz-üzə olurlar. Təhsil hüquqları əlindən alınan, yetkinlik yaşına çatmadan sənayedə uşaq əməyindən istifadə halları da baş verir, xüsusilə müharibələr nəticəsində hər il çoxlu sayda uşaqlar həlak olur. Bu məqsədlə bir çox qurumlar yaradılıb, beynəlxalq, eləcə də yerli təşkilatlar bu kimi hallara qarşı çoxlu sayda qanunlar qəbul edib, qətnamələr çıxarıb. Uşaqların hüquqlarını BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyası təmin edir. Həmçinin, Uşaq Hüquqları Günü hər ilin noyabrın 20-də qeyd olunur və bütün dünyada onların hüquqlarını, müdafiəsini müəyyən edir.

 

Ölkəmizdə uşaqların şəxsiyyət kimi yetişməsi, onların hüquqlarının müdafiəsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənilməsi dövlət siyasətinin əsas hədəflərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə uşaqlarla bağlı dövlət siyasətinin əsasını qoyması buna bariz nümunədir. Uşaqların haqlarının müdafiə olunması baxımından islahatlar keçirilib, beynəlxalq sazişlər imzalanıb, BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2006-cı ildə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Uşaqların üzləşdiyi problemlərə, onlara qarşı zorakılığın bütün formaları ilə mübarizə aparılmasına dair bir sıra tədbirlər haqqında həmsöhbətimiz Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva danışdı və bəzi suallara aydınlıq gətirdi:

 

- Cəmiyyətdə hansı formada uşaq problemləri ilə qarşılaşırsınız və bu problemləri yaradan səbəblər nələrdir?

- Əsasən uşaqların təhsil hüquqlarının pozulması halları ilə rastlaşırıq ki, bunun da əsas səbəblərindən biri ailədaxili münaqişələr və boşanma hallarıdır. Bununla yanaşı uşaqların küçə həyatına məruz qalması və dilənçiliyə sövq edilməsi halları da baş verir. Bu tip uşaqların natamam ailələrdən olduğu, məişət zorakılığına məruz qaldığı və evdə uyğun şəraitinin olmaması səbəbindən küçə həyatı yaşadıqları müəyyən edilmişdir. Nadir hallarda regionlarda erkən nigaha cəhd halları aşkar edilir ki, Komitə tərəfindən aparılan araşdırmalar zamanı valideynlərin hüquqi məlumatlılıq səviyyəsinin olmadığı üçün belə hallara yol verdiyi müəyyən edilir. Bu səbəbdən də bəzi profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılır.

 

- Uşaqlara qarşı zorakılığın bütün formaları ilə mübarizədə hansı istiqamətdə təbliğat işləri aparılır?

- Qeyd etmək istəyirəm ki, uşaqların cəmiyyətdə üzləşə biləcəyi zorakılıq hallarından müdafiəsi, onların öz hüquqlarını bilməsi barəsində ətraflı məlumat verilməsi məqsədilə “Qızlar müzakirəyə qoşulur”, “Oğlanlar müzakirəyə qoşulur” adlı maarifləndirici silsilə tədbirlər Komitə tərəfindən mütəmadi olaraq keçirilməkdədir. Uşaqların erkən yaşda zorakılığa məruz qalmasının aşkar edilməsi və bu zorakılığın qarşısının alınması istiqamətində təbliğat işləri aparılır. Erkən nikahların qarşısının alınması məqsədilə  “18 yaşadək evlilik - Uşaq evliliyidir!” adlı maarifləndirmə vəsaitləri hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. Bununla yanaşı Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib. Eyni zamanda, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda silsilə təlimlər keçirilməkdədir. Uşaq hüquqlarının müdafiəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilmiş “Erkən nigah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqların səsi ol”, “Qaynar xəttə zəng et! 116-111”,  “Uşaqlarımız üçün üç HƏ - Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə  aparaq!”, “Kiber  zorakılığa son!”, “Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - YOX! Xoşbəxt uşaqlığa - HƏ!” mövzularında elektron poster və stikerlər hazırlanaraq ictimailəşdirilir. Cəmiyyəti bu mübarizədə birlik olmağa çağırır, uşaqların sağlam təfəkkürlü böyüməsinə imkan yaratmalıyıq. Komitə olaraq əsas məqsədlərimizdən biri də budur.

 

- Qarabağ müharibəsi dövründə əziyyət çəkmiş uşaqların vəziyyətləri barəsində nə deyərdiniz?

- Xüsusi olaraq bildirim ki, Komitə tərəfindən şəhid və qazi övladları daim diqqət mərkəzində saxlanılır. Onlarla mütəmadi olaraq söhbətlər aparılır, psixoloji durumları yoxlanılır. Ümumrespublika uşaq forumu, müxtəlif istiqamətli maarifləndirici təlimlər, uşaqların asudə vaxtlarının səmərəli və yeniyetmələr üçün yay tətili müddətində düşərgələrin təşkili zamanı şəhid və qazi övladlarının bu qəbildən olan tədbirlərə cəlb edilməsi prioritet olaraq nəzarətdə saxlanılır.

 

Bildiyimiz kimi, uşaqlar bu dünyanın, cəmiyyətin təməlidir. Onları yaxşı  şəkildə yetişdirmək, tərbiyə etmək, hüquqlarını qorumaq, özgüvənli   şəxsiyyətlər kimi formalaşdırmağa çalışmalıyıq ki, xoşbəxt uşaqların sayı cəmiyyətdə artsın.

 

Tünzalə QULİYEVA

 



06.11.2022 | 10:38