“44 günlük dastan” layihəsi çərçivəsində qazilərlə tələbələrin görüşü keçirilib

Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş “44 günlük dastan” layihəsi çərçivəsində görüş keçirilib.

 

SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən bəhs edib. 44 günlük Vətən müharibəsi haqqında belə maarifləndirici görüşlərin keçirilməsinin təqdirəlayiq olduğunu bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük Zəfərini xalqımıza yaşatmış qəhrəman oğulların tanıdılması, gənc nəslə örnək olmasının vacibliyini vurğulayıb. Universitetin məzunlarının da Vətən müharibəsində böyük şücaət göstərdiyini qeyd edən prorektor universitetdə müharibə qəhrəmanları ilə mütəmadi görüşlərin keçirilməsinə xüsusi diqqət ayrıldığını bildirib.

 

ATGTİ-nin təlimlər üzrə meneceri Eldar Qurbanov,  layihələr üzrə menecer Ülvi Quluzadə  çıxış edərək, layihənin məqsədinin Vətən müharibəsi qəhrəmanlarını tələbələrə tanıtmaq, Zəfər tariximizi daha yaxından öyrənməyə dəstək vermək olduğunu söyləyiblər.

 

Tarixi Zəfərin kadrlarını özündə əks etdirən videoçarxın nümayişindən sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Elməddin Novruzov, Elvin Vəliyev,Vətən Süleymanov, Həsən Yaqubov döyüş yollarından danışıb, 44 günlük savaşla bağlı təəssüratlarını bölüşüb və tələbələrin suallarını cavablandırıblar. 

 

 



04.11.2022 | 13:20