ŞANLI ZƏFƏRİN iki ili

Şagird və tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin və qəhrəmanlarımızın göstərdikləri misilsiz şücaətlərin gənclərə ötürülməsi təhsil işçiləri qarşısında mühüm vəzifə kimi durur

 

Azərbaycan öz tarixinin ən şərəfli, ən qürurlu günlərini yaşayır. İki il öncə torpaqlarımız Ermənistan işğalından azad olundu. Azərbaycan Böyük Zəfərə imza atdı.

 

Hər ötən gün 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin miqyasını, tarixi əzəmətini bizlərə daha dərindən anladır. Xalqımız tarixi Zəfər yolunda şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarını daim dərin ehtiram və minnətdarlıq hissi ilə yad edir. Çünki bu qələbə onların qanı ilə qazanıldı.

 

Vətən müharibəsinin hər bir günü yaddaşımıza əbədi həkk olundu. Yaxşı bilirik ki, bu müharibə Ermənistanın növbəti təcavüzkar hərəkətləri ilə başladı. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin cəbhə boyu mövqelərində təxribatlar törətdi. Bu, sadəcə təxribat deyildi, daha yeni ərazilər ələ keçirmək, yurdumuzdan yeni torpaq qoparmaq niyyəti idi.  Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 30 il öncə itirdiyimiz əraziləri bir-bir geri aldıq. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu, Azərbaycan böyük Qələbəyə imza atdı. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat  imzaladılar. Üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü.

 

Xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, düşmənin silahlı qüvvələrinin darmadağın edilməsi 2020/2021-ci tədris ilinə Zəfər ili kimi daxil oldu. Böyük Zəfərlə  başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərdi. 20 təhsil işçisi şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə  hər biri Şəhid təhsil işçilərindən 19-u “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfər “İgidliyə görə”, 1 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edildi.

 

Bu gün Azərbaycan məktəbində, ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin və qəhrəmanlarımızın göstərdikləri misilsiz şücaətlərin gənclərə ötürülməsi təhsil işçiləri qarşısında mühüm vəzifə kimi durur.

 

Bir müəllim olaraq tədris prosesində təhsilanlara xalqımız üçün taleyüklü məsələlərə tarixilik prizmasından yanaşaraq böyük Zəfərə aparan qətiyyətin, iradənin, xalq-hakimiyyət birliyinin, ölkəmizdə bərqərar olmuş vətəndaş həmrəyliyinin ən yüksək şəkildə öz təsdiqini tapdığını izah edərək, qələbəmizi şərtləndirən amillərin təhlilini verməyə çalışıram. Şanlı Zəfərə qədər olan böyük yola  qiymət verərkən, ölkəmiz üçün çox ağır, taleyüklü dönəmlərdə ulu öndər Heydər Əliyevin bir fikrini tələbələrə çatdırmağa çalışıram. Ulu Öndər qeyd edirdi ki, “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”.

 

Hesab edirəm ki, son onilliklər ərzində böyük Zəfərə gedən yolda bu sözlər xalqımız üçün, ölkəmizin müdafiəsinə hər zaman hazır olan bugünkü gənclik üçün güclü bir inam mənbəyi olmuşdur. Digər tərəfdən, qəhrəmanlıqlarla zəngin olan keçmişimiz gənclərin mübarizə əzmini, qətiyyətini, torpaqlarımızın azadlığı yolunda hər cür fədakarlıqlara hazır olduğunu dəqiq ifadə edir.

 

Tələbələrin diqqətinə çatdırıram ki, tarixi torpaqlarımızın düşməndən azad edilməsi ulu öndər Heydər Əliyevin ən ümdə arzusu idi. Ümummilli Liderin 1998-ci il martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən şənlikdə dediyi bu sözlər qüdrətli dövlət başçısının möhkəm daxili inamının ifadəsi idi: “Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.

 

Bu gün tam əminliklə deyə bilərik ki, Ulu Öndərin illər öncə ifadə etdiyi bu  möhkəm inam, əminlik hissi böyük Zəfərə aparan yolda haqq işimizin qələbə təntənəsi ilə başa çatmasında misilsiz rol oynadı.

 

Şanlı Zəfərin qürur dolu anları

 

Şanlı Zəfərin ikinci ilində Azərbaycan təhsili üçün qürurverici anlar yaşandı.  Qarabağ və Şərqi Zəngəzurun ilk təhsil zəngi doğma torpaqlarımıza Böyük Qayıdışın ilk ünvanı olan Ağalıda çalındı. Bu əlamətdar gündə ağalılı müəllim və şagirdlər öz doğma məktəblərinə sevinclə, qürurla, inamla qədəm basdı, unudulmaz gün yaşandı... 29 ildən sonra Ağalı kənd tam orta məktəbində dərs zənginin çalınması məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi iştirakçılarının sayəsində gerçəkləşdi.

 

Böyük Zəfər, şübhəsiz yeni reallıqlar yaratdığı kimi, təhsil sistemi, biz müəllimlər qarşısında da yeni prioritetlər qoyur. Bu baxımdan  gənclərin vətənpərvər ruhda  tərbiyəsi sahəsində öhdəmizə düşən vəzifələri yerinə yetirməkdə davam etməliyik. Təsadüfi deyildir ki, ölkə başçısı, Ali Baş Komandan  İlham Əliyev gənc nəslin vətənpərvər ruhda tərbiyəsi ilə bağlı məktəblərimiz qarşısında aydın hədəf qoyub: “Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə vətənpərvərlik, Vətənə olan bağlılıq, milli-mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar”.

 

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, müstəqillik illərində ölkəmizdə güclü vətənpərvərlik ruhuna sahib, milli ruhda tərbiyə almış, milli-mənəvi dəyərlərə bağlı gənclik formalaşıb. Bizi qürurlandıran məhz bu gənclik oldu! Bu gənclik bizim fəxrimiz oldu!  İnanırıq ki, Azərbaycanın yeni-yeni nəsilləri də ürəyində torpaq eşqi, yurd sevgisi, vətən təəssübünü yaşadan bir nəsil olacaq. Bunun üçün isə Azərbaycan məktəblərində, ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin və qəhrəmanlarımızın göstərdikləri misilsiz şücaətlərin gənclərə ötürülməsi siyasəti uğurla davam etdirilməlidir. Bu missiya biz müəllimlərə aiddir. Təkcə vətənpərvərliyin təbliğatı yox, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng layihələrin, işğaldan azad olunmuş torpaqlarımızın keçdiyi yeni inkişaf mərhələsinin gərəkli təbliğatı, aydın şəkildə anladılması da bizim əsas vəzifələrimizdəndir. İnanırıq ki, gənclərimizə dövlətimizin iqtisadi gücünü, bölgəni dirçəltmək üçün prinsipial addımlarını anlatmaq borcumuzu layiqli şəkildə yerinə yetirə biləcəyik.

 

Gülnarə SADIQOVA, 

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tarix müəllimi

 

 



04.11.2022 | 10:35