“Ətrafımdakı şagirdlərə olimpiadaları sevdirməyə çalışıram”

Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin  28 fevral 2022-ci il tarixli 2931 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın da əsas hədəfi dünyadakı əsas inkişaf meyilləri nəzərə alınmaqla yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.  Ölkəmizin gələcək inkişaf  prioritetlərini özündə əks etdirən  bu proqram çərçivəsində artıq neçə-neçə istedadlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil alır. Onlardan biri də ölkəmizdə keçirilən fənn olimpiadalarından yüksək mükafatlar qazanaraq Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) təhsili almaq imkanı qazanan Fərid Rəhimlidir.

 

Tanıtım: 9 fevral 2005-ci ildə Sumqayıt şəhərində anadan olub. IV sinfə qədər 1 və 18,  V sinifdən isə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alıb və həmin məktəbdən məzun olub.Olimpiada həyatı boyunca ölkə səviyyəli müxtəlif yarışlarda riyaziyyat və fizika fənləri üzrə 2 qızıl, 2 gümüş, 3 bürünc, Respublika fənn olimpiadalarından isə riyaziyyat fənni üzrə 2 bürünc medal qazanıb (2019 və 2021-ci illərdə). Tam orta təhsilini qızıl nişanla və xüsusi nümunəli attestatla bitirib.

 

- Həyatınızda beynəlxalq olimpiadaların rolunu necə qiymətləndirərdiniz? 

- Olimpiada hazırlığına 7-ci sinifdə başlamışam, 8-ci sinifdən Təhsil İnstitutunun təşkil etdiyi beynəlxalq olimpiadalara hazırlıq qruplarına qatılmışam. Bu qruplar mənim həyatımda böyük dəyişikliklərə səbəb oldu. Belə ki, xaricdə təhsil planım bu qruplarda dərslərə qoşulduğum müddətdə yarandı. Əlavə olaraq bu qruplarda ölkədə və dünyada tanınmış müəllimlərdən dərs alıb riyaziyyat fənni üzrə biliklərimi yüksək səviyyədə inkişaf etdirdim. Burada əldə etdiyim təcrübə və biliklər müxtəlif yarışlarda və olimpiadalarda, həmçinin xarici universitetlərə  qəbul ala bilməyimdə həlledici rol oynadı.

 

-  Ali təhsil üçün Koreyanı seçmisiniz. Bunu necə izah edərdiniz? Kimlərinsə məsləhəti, yoxsa özünüz seçmisiniz.  Bu ölkədə təhsil sizin üçün nə dərəcədə cəlbedicidir? 

- Koreyada təhsil almaq fikri məndə uşaq yaşlarından var idi. KAIST dünya reytinqində top 50-liyə daxildir və kompüter elmləri sahəsi üzrə yüksək təhsil verən ali təhsil müəssisəsidir. Buna görə də KAIST-da təhsil almaq fikri məni hamişə özünə cəlb edib. Həmçinin Koreyanın texnoloji cəhətdən çox inkişaf etmiş bir dövlət olması da qərarıma böyük təsir elədi. Məncə, Koreya kompüter elmləri üzrə təhsil  almaq üçün ən ideal ölkələrdən biridir.

 

- İxtisasınız barədə nə deyə bilərsiniz? Kompüter elmləri sizin üçün nə dərəcədə maraqlı sahədir?

-Riyaziyyət fənni ilə yaxından məşğul olmağa başladıqdan sonra məndə kompüter sahəsinə böyük maraq yarandı. Bu sahəni dərindən öyrənmək və mütəxəssisi olmaq qərarına gəldim. Hamımıza məlum olduğu kimi, kompüterler və yüksək texnoloji cihazlar getdikcə həyatımızda  daha böyük yer tutur. Və mən də bu yeniliklərlə ayaqlaşmaq, bu sahəni  ölkəmizdə inkişaf etdirmək məqsədilə təhsilimi bu istiqamətdə  davam etdirməyi seçdim.

 

- Seçdiyiniz ixtisas sahəsi ölkəmiz üçün nə dərəcədə prioritetdir?  

- Bütün digər ölkələr kimi, Azərbaycanda da başda xidmət sahələri olmaq üzrə bir çox sahədə kompüter sistemlərinin rolu artır. Ölkəmiz də bu sahədəki trendlərlə ayaqlaşır və innovativ addımlar atmağa çalışır. Son dövrdə bu sahəyə ayrılan diqqət də artıb və gələcəkdə də önəmli sahələrdən biri olacağı şübhəsizdir. Süni intellekt və ağıllı sistemlər hazırda ölkəmizdə ən populyar istiqamətlərdir.

 

- Hazırda dərslərdə daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir?

- Bəzi fənlər istisna olmaqla, dərslərimiz əsasən ənənəvi formada davam edir. Dərslərin interaktiv təşkil olunması üçün hər növ onlayn resurslardan və vasitələrdən istifadə olunur və  bu ənənəvi resurslara nisbətən üstünlük təşkil edir.

 

- KAIST-də əcnəbi tələbələrə münasibət necədir? Universitetdə diqqətinizi ən çox nələr çəkdi? 

- Koreyada əcnəbilərə  münasibət, ümumilikdə çox yaxşıdır. Xüsusilə, KAIST-də dünyanın bir müxtəlif  ölkələrindən çox sayda tələbə təhsil alır və onların rahat yaşaması, təhsil alması üçün universitet tərəfindən hər bir şərait təmin olunur. Burada müxtəlif regionlar və dövlətlərdən olan tələbələr öz ölkələrinin cəmiyyətlərini yaradırlar. Və universitet müxtəlif ölkələri təmsil edən, ali məktəbin  ictimai həyatında böyük rol oynayan bu cəmiyyətlərin öz üzvləri arasında və digər ölkələrin cəmiyyətləri ilə əlaqələrin güclənməsi üçün dəstək verir.

 

- Olimpiada qalibi kimi  dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz? Uğurlarınızda müəllimlərinizin rolunu necə qiymətləndirərdiniz?

- Olimpiada qalibi olmaq və dünya üzrə yüksək reytinqli universitetlərə qəbul olmanın sirri çox və davamlı çalışmaqdır. Xüsusilə riyaziyyat fənni üzrə olimpiadalarda nailiyyət əldə etmək üçün hədəfli, istəkli və yorulmadan çalışmaq lazımdır, çünki bu fənn xüsusən də  öz çətinliyi ilə seçilir. Bu nailiyyətləri əldə etməyimdə orta məktəb rəhbərliyi və olimpiada müəllimlərim Elsevər Vəliyev,  Nazim Kərimov və İsmet Ağayev əvəzsiz rol oynayıblar.

 

-Sizcə, olimpiadalara hazırlıq hansı yaşdan başlanmalıdır? Bu barədə şagirdlərə nə kimi tövsiyələriniz var? 

- Ətrafımda olan bütün şagirdlərə riyaziyyatı və olimpiadaları sevdirməyə çalışıram. Məsləhətim odur ki,  hansı fənni və istiqaməti seçməklərindan asılı olmayaraq yorulmadan və ruhdan düşmədən çalışsınlar. Olimpiada işinin təşkilinə gəldikdə isə onu deyə bilərəm ki, bir çox uğurlu ölkələrin təcrübəsindən də göründüyü kimi, olimpiada hazırlıqlarının mümkün qədər  kiçik yaşlardan başlanılması böyük miqyaslı uğurların əldə  olunması şansını artırır.

 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Qarşıdakı məqsədlərim KAIST-də təhsilimi bitirdikdan sonra xarici ölkələrin nüfuzlu universitetlərinin birində magistr təhsili alıb, daha sonra əldə etdiyim bilikləri və təcrübəni ölkəmizdə tətbiq etməkdir.

 

Oruc MUSTAFAYEV

 



04.11.2022 | 11:24