Rektor:”Ali təhsil ocağında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim önəm kəsb edir” | |
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının iclası keçirilib. Şura üzvləri əvvəlcə Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər xatirə abidə kompleksini ziyarət ediblər.
Elmi Şuranın sədri, Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov I və II Qarabağ savaşında vətən oğullarının göstərdiyi şucaətdən danışıb, erməni qəsbkarlarının üzərindəki böyük qələbəyə, Zəfər bayramına görə şəhidlərin müqəddəs ruhuna və qazilərə minnətdar olduğumuzu dilə gətirib. LDU-nun 11 tələbə və məzununun II Qarabağ savaşında mətanətlə vuruşaraq qəhrəmanlıqla şəhid olduğunu deyən universitet rəsmisi ali təhsil ocağında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin daim önəm kəsb etdiyini, bu istiqamətin aparıcı xətt olduğunu Şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra Elmi Şura gündəlikdə duran məsələləri müzakirə edib. “2022/2023-cü tədris ilinin payız semestrinin I kollokviumların nəticələri və tədrisin gedişinin vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent İdrak Əsgərov məlumat verib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə tədrisin gedişi. Qış mövsümunə hazırlığın vəziyyəti” haqqında məlumatı kollecin direktoru Leyla İbrahimova təqdim edib və bu sahədə hər hansı problemin yaranmadığını deyib.
Elmi katib Allahşükür Quliyev Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi haqqında hesabatında çapa gedəcək elmi əsərlər barədə məlumat verib.
Elmi Şurada digər cari məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
|
|
03.11.2022 | 19:19 | |
|
|
|