Prinston Universitetinin mütəxəssisi ADPU-da fəaliyyətə başlayıb

Sentyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Fulbrayt ETA proqramı çərçivəsində universitetdə fəaliyyətə başlayan ABŞ-ın Prinston Universitetinin mütəxəssisi İan Dooley ilə görüşüb.

 

Universitetin tarixi, aparılan islahatlar haqqında ətraflı məlumat verən rektor Cəfər Cəfərov ali təhsil müəssisəsi kimi qarşıda duran məsələlərə də toxunub. Ekspertin tədris prosesinə cəlbi, ingilis dilində danışıq klublarının təşkil edilməsi, ingilis dilinin tədrisi prosesinin araşdırılması və onun təkmilləşdirilməsinin müzakirəsi, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətinin yenidən təşkili, ümumiyyətlə, universitetdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş işlərdə iştirakı barədə söhbət açılıb. Ölkəmizdə ilk dəfə səfərdə olan İan Dooley universitet haqqında daha ətraflı məlumat əldə etməyə, qeyd edilən sahələrdə öz bilik və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Fulbrayt ETA proqramının əsas məqsədi amerikalı universitet məzunlarının ana dili ingilis dili olmayan xaricilərə dərs demək üçün yerli ingilis dili müəllimlərinə kömək etməkdir.  

 



18.09.2018 | 11:41