“Beynəlxalq kosmik hava təşəbbüsü: Günəş, kosmik hava və geosfer” mövzusunda tədbir | |
Oktyabrın 31-də “Beynəlxalq kosmik hava təşəbbüsü: Günəş, kosmik hava və geosfer” mövzusunda beynəlxalq tədbirin açılış mərasimi keçirilib.
Tədbir Birləşmiş Millətlər Təşkilatının Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə təşkil olunub.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, son illər Azərbaycanda kosmik tədqiqatlar və kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir. Bu sahə ölkə iqtisadiyyatının aparıcı istiqamətlərindən birinə çevrilib. 2018-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Hazırda “Azərkosmos”un idarə etdiyi “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri yüksək keyfiyyətli və etibarlı telekommunikasiya, eləcə də Yerin müşahidəsi üzrə xidmət və həllər təqdim edir. Bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətlərini göstərir.
Rektor bildirib ki, hazırda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Aerokosmik və Atmosfer Tədqiqatları elmi-tədqiqat laboratoriyasında, həmçinin Fizika fakültəsinin Astrofizika kafedrasında müvafiq tədqiqat və tədris layihələri yerinə yetirilir.
Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın əhəmiyyətini və gələcəkdə ölkələrarası elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib. Nazir qeyd edib ki, son illər Azərbaycan yüksək sürətlə inkişaf edir, ənənəvi tədqiqat institutları, milli akademiya formatında fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqələrinin qurulması istiqamətində işlər görülür. “Qara qızılın insan kapitalına çevrilməsi” devizinin gənclər üçün böyük fürsətlər yaratdığını deyən nazir vurğulayıb ki, xaricdə təhsil proqramı ilə artıq 3 mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb. Hazırda onlar ölkəmizə töhfə verməkdədirlər.
ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov, BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisinin nümayəndəsi Luc St-Pierre, Qlobal Naviqasiya Peyk Sistemləri üzrə Beynəlxalq Komitənin nümayəndəsi Şərafət Qədimova, NASA-nın nümayəndəsi Nat Gopalsvami, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov çıxışlarında qeyd ediblər ki, beynəlxalq tədbir kosmosun fəthi ilə bağlı tədqiqatlara öz töhfəsini verəcək, ölkələr arasında elmi əlaqələri daha da genişləndirəcək.
Çıxışlarda həmçinin diqqətə çatdırılıb ki, Azərbaycanın 2030-cu ilə qədər kosmik sahədəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır. Hazırda Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur. Gələn il isə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
Seminarın gözlənilən nəticələrinə kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə, proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlılığının artırılması üçün tövsiyələrin hazırlanması daxildir.
Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar iştirak edir, xeyli sayda alim isə onlayn olaraq qoşulub.
Tədbir noyabrın 5-dək davam edəcək.
|
|
31.10.2022 | 21:41 | |
|
|
|