“Cizgi filmləri və nağılların 3-5 yaşlı uşaqların inkişafında rolu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Səadət Feyzullayevanın təşkilatçılığı ilə maraqlı layihə həyata keçirilib. Layihə çərçivəsində “Cizgi filmləri və nağılların 3-5 yaşlı uşaqların inkişafında rolu” mövzusunda tələbə elmi-praktik konfransı  təşkil edilib. Filialın müəllim və tələbələrinin iştirak etdiyi konfransı elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev açaraq, mövzunun aktuallığını qeyd edib. O, cizgi filmləri və nağılların psixoloji tərəflərinin elmi əsaslarla, yaşa müvafiq qaydada seçilməsinin vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

 

S.Feyzullayeva cizgi filmləri, nağıl qəhrəmanları və oyuncaqlara verilən müasir tələblərdən danışıb, onların uşaqların təfəkkürünün, intellektinin formalaşmasında böyük rola malik olduğunu qeyd edib.

         

Sonra Məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri- Rəvanə Bayramovanın  ““Tıq-tıq xanım” nağılının müasir baxışdan təhlili”, Aişəgül Pirimovanın “Cizgi filmlərinin 3-5 yaşlı uşaqların inkişafına təsiri”, Səbinə Mustafabəylinin “Uşaqların inkişafında əmək tərbiyəsinin və yaradıcılıq işlərinin rolu”, Fəridə Hüseynovanın “Kukla teatrı”, Fərqanə Hacı-XəlilovanınOyuncaqlar” mövzusunda çıxışları dinlənilib. Çıxışlar başa çatdıqdan sonra həmin ixtisasın tələbələri oyuncaqların müxtəlif texnikalarla hazırlanma qaydalarını nümayiş etdiriblər.

 

Konfransın sonunda Pedaqoji fakültənin dekanı  Xalidə Abdullayeva yekun nitqlə çıxış edərək, konfransın praktik əhəmiyyətini vurğulayıb, təşkilatçılara və tələbələrə təşəkkürünü bildirib.

 

Konfrans başa çatdıqdan sonra layihənin davamı olaraq, filialın Məktəbəqədər təlim və tərbiyə ixtisasının tələbələri tərəfindən hazırlanan “Şəngülüm, şüngülüm, məngülüm” kukla teatrı nümayiş etdirilib.

 

Layihə çərçivəsində təşkil olunan  “İkici həyat” - oyuncaqlar sərgisi böyük marağa səbəb olub. Sərgidə tələbələrin yumşaq, aplikasiya və təbii materiallardan hazırladıqları əl işləri - oyuncaqlar nümayiş etdirlib.

 

Sərgi noyabrın 1-nə kimi davam edəcək. Sonda sərgiyə  ən yaxşı iş təqdim edən tələbələrin mükafatlandırılması və konfrans iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.

 



31.10.2022 | 11:15