Dünya universitetlərinin fənn reytinqi

"Times Higher Education” (THE) nəşri dünya universitetlərinin fənlər (ixtisas hazırlığı istiqamətləri)  üzrə reytinqini təqdim edib. Tədqiqata əsasən, ABŞ universitetləri  bəzi akademik fənlər üzrə üstünlüyünü itirir. İlk 10-luqdakı Amerika universitetlərinin sayı biznes, klinik tibb və sağlamlıq da daxil olmaqla, 11 fənn üzrə reytinqlərin bir neçəsində azalıb.

 

Cədvəllərin ilk 10-luğunda hələ də əsasən, ABŞ və Böyük Britaniya universitetləri üstünlük təşkil etsə də, Böyük Britaniya bir neçə fənn üzrə cədvəllərin yuxarı hissəsində öz təmsilçiliyini artırıb. Bu arada Səudiyyə Ərəbistanı universitetləri də  bir sıra fənlər üzrə uğur qazanıblar.

 

Klinik tibb və sağlamlıq

 

Klinik və sağlamlıq tədqiqatlarında ABŞ-ın  Con Hopkins Universiteti keçənilki  9-cu yerdən 11-ci yerə enərək, ilk 10-luqdakı ABŞ universitetlərinin sayını 3-ə çatdırıb. Böyük Britaniya bu ixtisas istiqamətində təmsilçiliyini ötənilki 4 universitetlə müqayisədə daha 5 ali təhsil müəssisəsi ilə artıra bilib.
 

London Kral Kolleci isə 10-cu yeri tutub.
Cədvələ daha geniş nəzər salsaq, ABŞ-ın ilk 300-lükdə ötənilki 60 universitetlə müqayisədə indi 52 universiteti var. İran da reytinqdə xeyli irəliləyib, bu ölkənin beş universiteti indi ilk 300-lükdə yer alıb - keçənilki bir universitetlə müqayisədə. Səudiyyə Ərəbistanı təmsilçiliyini 2-dən 5-ə, İtaliya isə 6-dan 9-ya çatdırıb.

 

Biznes və iqtisadiyyat

 

ABŞ biznes cədvəlinin ilk 10-luğunda bir universitetini itirdiyi halda, Çinin bir ali məktəbi  ilk dəfə ilk 10-luğa daxil olub: Çinin   Tsinxhua Universiteti bu il 11-ci yerdən 8-ci yerə yüksəlib.
Ötən il Çinin ilk 300- lükdə 21 universiteti yer alsa da, bu il onların sayı 24-ə çatıb. Çin indi ilk 300-lükdə ən çox təmsil olunan üçüncü ölkədir. Ən çox təmsil olunan ölkə hələ də ABŞ-dır, lakin indi ilk 300-lükdə ABŞ-ın 63 ali məktəbi  var, keçən il isə onların sayı 69 olub.

 

Kompüter elmləri

 

ABŞ-dan kompüter elmləri üzrə ilk 10-luqda beş universitet var ki, bu da keçən ildəkindən bir ali məktəb  azdır. Almaniyanın Münhen Texniki Universiteti keçən ilki 14-cü yerlə müqayisədə indi 10-cu yerdədir. Bu, 2017-ci ildə doqquzuncu yeri tutan universitet üçün ilk 10-luğa yenidən daxil olmaqdır.
İlk 300-lükdə yer alan ABŞ universitetlərinin sayı keçən ildəki 72-dən 71-ə düşüb. Səudiyyə Ərəbistanı kompüter elmləri üzrə ilk 300-lükdə ən böyük uğura imza atıb, ötənilki 5 universitet sayını builki reytinqdə 7-yə çatdırıb. Çinin ilk 300-də 17 universiteti var ki, bu da keçən illə müqayisədə üç ali məktəb azdır.

Mühəndislik

Mühəndislik cədvəlinin zirvəsi əsasən dəyişməz olsa da, bir neçə ölkə ilk 300-lükdə təmsilçiliyini yaxşılaşdırıb. Səudiyyə Ərəbistanından ötənilki 4 universitetlə müqayisədə bu il 7 ali məktəb 300-lüyə düşüb. Böyük Britaniyada isə bu sahə üzrə universitetlərin sayı 34-dən 37 - yə yüksəlib.  İlk 300-lükdə bu fənn hazırlığı üzrə ABŞ-ın 76 universiteti yer alıb, ötən il isə onların sayı 85 olub.

 

Fizika elmləri

 

Səudiyyə Ərəbistanı fiziki elmlər cədvəlinin ilk 300-lüyində təmsilçiliyini ötən ilki 2 universitetlə müqayisədə bu il  6 universitetə çatdırıb.
Kral Əbdüləziz Universiteti  ilk 50-liliyə daxil olub, keçən ilki 90-cı yerdən 47-ci yerə yüksəlib. İlk 300-lükdə ABŞ-ın 74 universiteti var ki, bu da keçən ilki 78-dən aşağıdır. Ən yüksək pillələrdə qərarlaşan ABŞ universitetlərinin sayının azalması bu ayın əvvəlində açıqlanan Dünya Universitetləri Reytinqində (World University Rankings 2023) də müşahidə olunan  durğunluğu əks etdirir.
 

ABŞ-ın beynəlxalq ali təhsil və tədqiqatda ənənəvi üstünlüyü zəifləyir

 

THE -nin baş elmi redaktoru Phil Baty qeyd edir: “The World University Rankings by Subjects”  bu ayın əvvəlində ümumi dünya reytinqlərində gördüyümüz aydın tendensiyanın daha bir sübutunu təqdim edir: ABŞ-ın beynəlxalq ali təhsil və tədqiqatda ənənəvi üstünlüyü zəifləyir. ABŞ-da tədqiqat və inkişafa federal xərclərin ümumi xərclərin bir hissəsi olaraq, yeddi onillikdə ən aşağı səviyyədə olduğunu görürük və biz Amerikanın böyük dövlət universitetlərinin narahatedici maliyyəsizləşdirilməsinin şahidi olduq. Görünür, bütün bunlar ABŞ-ın tədqiqat və innovasiya sahəsində qlobal rəqabət qabiliyyətinə zərbə vurmağa başlayır”.

 

Oksford Universitetinin ali təhsil professoru Saymon Marginson ABŞ-ın fəaliyyəti haqqında deyir: “Bizim müşahidə etdiyimiz şey nisbi azalmadır, çünki sonradan gələcək digər ölkələr indi ABŞ-dan daha sürətli öz göstəricilərini yaxşılaşdırır. Biz artıq ABŞ-ın həyatın bütün sahələrində mütləq dominant olduğu bir dünyada yaşamırıq. 1960-cı ildə ABŞ dünya üzrə elmi-tədqiqat işlərinin 70 faizini həyata keçirirdi. Siz deyə bilərsiniz ki, o vaxtdan bəri ABŞ-ın ali təhsil və elm sistemləri “tənəzzülə uğrayıb”, çünki nisbi mövqe zəifləyir. İndi biz çoxqütblü dünyada yaşayırıq və bu iddia edilən tənəzzül, əgər tənəzzüldürsə, davam edəcək”.

 

"ABŞ-ın mütləq və həmişə bir nömrəli olduğu dövr üçün bir az nostalji olsalar da, ABŞ universitetlərində çox az adam digər ölkələrin ali təhsildə yüksəlişinin pis bir şey olduğunu söyləyəcək", -deyə Saymon Marginson qeyd edir.

 

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman tərəfindən 2016-cı ildə təqdim edilən “Vizyon 2030 ” milli strategiyası beynəlxalq reytinqlərdə ilk 200-lük arasında ən azı beş Səudiyyə Universitetinin olmasını hədəfləyir. Plan Səudiyyə iqtisadiyyatını neft gəlirlərinə həddən artıq asılılıqdan daha balanslaşdırılmış maliyyə modelinə köçürməyi hədəfləyir və ali təhsil bunun ayrılmaz hissəsi kimi görülür.

 

Professor Marginsona görə Səudiyyə Ərəbistanının tədqiqat potensialına “meqa investisiyası” öz bəhrəsini verir və “ölkənin və onun ali təhsil müəssisələrinin qlobal mövqeyini yüksəltmək məqsədinə çatmağa başlayır”.

 

Professor Marginson qeyd edir ki, daha çətin tapşırıq, aydındır ki, daha güclü ali təhsil sistemini iqtisadiyyat və cəmiyyətlə effektiv şəkildə birləşdirməkdir.

 

Əlavə edək ki, fənn reytinqləri, həmçinin təhsil, hüquq, həyat elmləri, psixologiya və sosial elmləri əhatə edir.

 

Oruc MUSTAFAYEV

 



29.10.2022 | 11:34