İlk iştirak, yüksək nəticə

Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışmalarında qazandıqları uğurlar ilbəil artmaqdadır. Məktəbli qızlarımızın ilk dəfə olaraq “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında uğurlu iştirakı bu estafetin məntiqi davamıdır. Belə ki, 16-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində təşkil edilən beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub. 2 gün davam edən “EGOI 2022” Beynəlxalq Olimpiadasında iştirakçılar 5 saat ərzində 4 alqoritmik məsələ həll etməyə çalışıblar və bunun üçün daha öncə öyrəndikləri alqoritmləri tətbiq ediblər. Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 1 gümüş və 1 bürünc medal qazanıblar.

 

Məlumat üçün qeyd edək ki, bu olimpiadanın məqsədi həm informatika fənninə qarşı qızların marağının artırılması, həm də İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir. 2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 12 gümüş, 26 bürünc olmaqla, ümumilikdə 40 medal qazanıblar.

 

Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) gümüş, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə bürünc medal qazanıb.

 

“EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında medallar qazanaraq bizlərə qürur hissi yaşadan məktəbli qızlarımızı daha yaxından tanıyaq.

 

“Dünyanın nüfuzlu universitetlərindən birində kompüter elmləri sahəsi üzrə təhsilimi təkmilləşdirib ölkəmə faydalı bir mütəxəssis kimi geri qayıtmaq istəyirəm”

 


Fidan Hüseynova, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

 

“Mən 2006-cı ilin oktyabrında Gəncə şəhərində anadan olmuşam. 2012-ci ildə M.Mehdizadə adına 4 saylı tam orta məktəbin rus bölməsinə getmişəm. İlk müəllimim Aytən Qəribova olub. Elə ibtidai sinifdən riyaziyyat fənninə böyük maraq göstərirdim. 7-ci sinifdə oxuyarkən fizika fənni üzrə keçirilən Respublika Fənn Müsabiqəsində iştirak edib birinci mərhələdə Gəncə şəhəri üzrə birinci yerə layiq görüldüm. Bu nəticəyə əsasən, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinfində oxumağa şans qazandım və hazırda həmin liseyin 11-ci sinif şagirdiyəm.

 

Liseyimizin direktoru Rəşad Qədirov hər zaman uşaqları olimpiadada iştirak etməyə həvəsləndirirdi və mən informatika fənni üzrə olimpiadaya qatılmaq qərarı verdim. Yarımfinal mərhələsini keçdikdən sonra pandemiya ilə əlaqədar final mərhələsi uzadıldı və mən hazırlaşmaq üçün daha çox vaxt qazandım. Bunun sayəsində 8-ci sinifdə oxumağıma baxmayaraq, Respublika Fənn Olimpiadasında informatika fənni üzrə 9-cu siniflərlə yarışıb qızıl medal qazandım. Olimpiadada ilk addımlarımı atmağa daha öncə Respublika və beynəlxalq olimpiadalarda yer tutmuş qardaşım Əziz Hüseynov dəstək olub. 2020-ci ildə ilk dəfə olaraq Beynəlxalq EJOI - İnformatika üzrə Avropa Gənclər Olimpiadasında iştirak etdim və az balla medalı qaçırtdım. 9-cu sinifdə yenə Respublika Fənn Olimpiadasına qatılıb qızıl medal qazandım. 10-cu sinifdə oxuyarkən ilk dəfə olaraq beynəlxalq medallarımı qazandım: IATI-İnformatika üzrə Beynəlxalq Payız Turniri üzrə gümüş medal; Azərbaycan Respublikası tərəfindən keçirilən ilk Lütfi Zadə adına Beynəlxalq Olimpiadasında bürünc medal; Yeniyetmələr arasında keçirilən infO (1) Cup beynəlxalq yarışmasında gümüş medal; IZhO - Zhautykov Beynəlxalq Olimpiadasında bürünc medal. Həmçinin, 10-cu sinifdə Respublika Fənn Olimpiadasında iştirak edərək qızıl medala layiq görüldüm.

 

“EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadası bizdə çox müsbət təəssüratlar doğurdu. Bizim ölkəmiz ilk dəfə idi ki, bu olimpiadada iştirak edirdi. Olimpiadanın doğma Türkiyə Respublikasında keçirilməsi də çox sevindirici hal idi. Biz orada çox gözəl qarşılandıq və 1 həftə ərzində fərqli ölkələrdən yeni dostlar qazandıq. Mənim uğurlu nəticə göstərməyimdə bütün müəllimlərimin payı var. Mənə hərtərəfli dəstək olan liseyimizin direktoru Rəşad Qədirova, informatika müəllimlərimiz Rəşad Məmmədova və Rəhim Məmmədliyə xüsusi minnətdarlığımı bildirirəm. Daha öncə olimpiadalarda yer qazanmağıma baxmayaraq, bu olimpiada daha özəl idi. Çünki mən ilk dəfə canlı olaraq bayrağımızı digər ölkələrin bayraqları arasında ucaltdım!

 

Gələcəkdə təhsilimi kompüter elmləri sahəsində davam etdirəcəyəm. Dünyanın nüfuzlu universitetlərindən birinə qəbul olmaq və təhsilimi kompüter elmləri sahəsi üzrə təkmilləşdirib ölkəmə və millətimə faydalı bir mütəxəssis kimi geri qayıtmaq istəyirəm”.

 

 

“Bu, mənim informatika üzrə ilk beynəlxalq olimpiada medalımdır”

 

Fidan Qarayeva, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

 

“Mən 2005-ci ilin sentyabrında Meksikada anadan olmuşam və 13 yaşıma qədər orada yaşamışam. Atam riyaziyyatçıdır və Meksikada universitet müəllimidir. Təxminən 4 il bundan əvvəl ailəmiz Azərbaycana qayıtmağa qərar verib. Hazırda mən Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində oxuyuram. İlk dəfə olimpiadalara Meksikada qatılmışam. 2018-ci ildə aşağı yaş qrupunda Meksika riyaziyyat olimpiadasında qızıl medal qazanmışam. Elə həmin il Azərbaycana qayıtmışıq. Bakıya köçdükdən sonra Beynəlxalq Olimpiada Mərkəzinə qəbul olunmuşam.

 

Bu vaxta qədər Avropa Qızlar olimpiadalarında medallarım ancaq riyaziyyat fənni üzrə olub. Misal üçün, bu ilin aprel ayında Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl medal, iyul ayında isə Dünya Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışam. Bu dəfə Avropa Qızlar İnformatika Olimpiadasında qazandığım bürünc medalın isə mənim üçün xüsusi bir dəyəri var, çünki bu, mənim informatika üzrə ilk beynəlxalq olimpiada medalımdır.

 

İnformatikadan əsas hazırlığı Beynəlxalq Olimpiada Mərkəzində keçmişəm. Dərsləri bizə Rəşad Məmmədov və Rəhim Məmmədli deyirdi. Komanda rəhbərimiz Rəşad Məmmədov və İbrahim Tağızadə idi. Buradan onlara dərin təşəkkürümü bildirirəm. Gələcək təhsilim haqqında hələlik dəqiq bir qərarım yoxdur. Hər halda, seçəcəyim ixtisas riyaziyyat və kompüter elmləri ilə bağlı olar”.

 

Fidanlarımızı qazandıqları uğur münasibətilə ürəkdən təbrik edirik və onlara daha böyük zirvələri fəth etməyi arzulayırıq.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



28.10.2022 | 10:15