“Rəqəmsal bacarıqlar” | |
Hazırda alqoritmik düşüncəyə, rəqəmsal səriştələrə malik, İKT bacarıqları yüksək səviyyədə olan yeni nəsil formalaşmaqdadır ki, bu da Azərbaycan təhsilinin son illərdəki uğurlarından biri sayıla bilər. XXI əsrin əsas bacarıqlarını özündə ehtiva edən, daha çevik, praqmatik, müasir dövrün çağırışlarına cavab verə biləcək, rəqəmsal texnologiyalara yiyələnmiş gənclərimizin olması şübhəsiz ki, ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanının yaradılmasına öz töhfəsini verəcəkdir. Məntiqi təfəkkürü yüksək səviyyədə olan gənclərin İKT bacarıqlarının təməli isə məhz orta məktəblərdə qoyulur və sonradan ali təhsil dövründə daha da inkişaf edir, təkmilləşir.
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunmuş tədbirdə də məhz ötən müddət ərzində rəqəmsallaşma, proqramlaşdırma, İKT bilikləri sahəsində görülmüş işlər, əldə olunan nəticələr diqqətə çatdırıldı.
5 ilin hesabatında
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin baş direktoru Andrey Lobanov, “Alqoritmika” Beynəlxalq Riyaziyyat və İnformatika Məktəbinin Layihə Departamentinin müdiri Anna Burda, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri Ceyhun Məmmədov, Etibar Əliyev, iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, informasiya texnologiyaları ixtisasının tədris edildiyi ali təhsil müəssisələrinin rektor və pedaqoji heyəti, məktəb direktorları, müəllimlər, şagirdlər iştirak edirdilər.
Mərasimdə öncə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himni səsləndirildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Yüksək nəticə göstərmiş yeniyetmələr daha çox texniki ixtisasları seçirlər
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son dövrdə təhsil sahəsində innovativ texnologiyaların istifadəsi, bu istiqamətdə müəllimlərin bacarıqlarının artırılması, həmçinin sözügedən sahənin inkişafı üzrə keçirilən təhsil layihələrində əldə olunan uğurlardan danışdı. Nazir qeyd etdi ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə imkan verir, təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. “Rəqəmsal bacarıqlar” layihəsinin məqsəd və məramından söz açan elm və təhsil naziri onun ümumtəhsil məktəblərində siniflər üzrə mərhələli şəkildə həyata keçirildiyini diqqətə çatdırdı: “Bu, həqiqətən də Azərbaycanın təhsil sistemi üçün özünəməxsus bir layihədir. Belə ki, layihənin əsas məqsədi Azərbaycanın təhsil sistemində tətbiq olunan məzmunun yenilənməsi və innovativləşməsidir. Eyni zamanda, biz layihənin gerçəkləşməsində əməyi olan həmkarlarımızla, komanda ilə birlikdə artıq X-XI sinifləri əhatə edən məhz proqramlaşdırma və proqramçı kimi yetişmək istəyən təmayül siniflərin də məzmununu ayrıca olaraq hazırlamışıq. İnanıram ki, bu da özü-özlüyündə kifayət qədər maraqlı bir nəticələr verəcək”. Qısa bir müddət ərzində layihənin həm coğrafi, həm də müəllim və şagirdlərin sayı baxımından genişləndirilməsinə, uğurlu nəticələr əldə olunmasına diqqət çəkən nazir Azərbaycanın ümumtəhsil məktəblərində informatika fənnini ibtidai təhsil səviyyəsindən tətbiq edən ilk ölkələrdən biri olduğunu söylədi.
Nazir son illər şagirdlərimizin informatika fənninə marağının artmasını təqdirəlayiq hal kimi dəyərləndirərək yeniyetmələrimizin beynəlxalq informatika olimpiadalarında medallar qazanmalarını məmnunluq hissi ilə qeyd etdi: “Uzun fasilədən sonra son illər olimpiadalarda informatika fənnindən medallarımız var və bu da təhsil sistemində proqramlaşdırma, rəqəmsal bacarıqlar, informatika yönlü tədrisin keyfiyyətinin daha da artdığını göstərir. Başqa bir müsbət amilin yeniyetmələrimizin istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında texnikiyönümlü fənlərdən yüksək nəticələr göstərməsi, peşə seçərkən əsasən texnoloji ixtisaslara meyil etməsidir ki, bu da çox sevindirici bir nəticədir. Builki qəbul planında yüksək balla çoxlu sayda savadlı, bacarıqlı gənclərimizin məhz mühəndislik, İT, riyaziyyat, tətbiqi riyaziyyat, bütövlükdə texnikiyönümlü ixtisasları seçmələrinin şahidi olduq. Bu, təbii ki, bizi sevindirir”.
Layihənin uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən nazir “Rəqəmsal bacarıqlar”ın icra komandasını, layihəyə qoşulan Azərbaycanın müəllim və şagirdlərini, bütövlükdə geniş təhsil ictimaiyyətini kiçik yubiley münasibəti ilə təbrik etdi, uğurlar arzuladı.
Sonra “Rəqəmsal bacarıqlar” layihəsinin 5 illik fəaliyyətinə həsr olunan hesabat filmi nümayiş olundu.
Layihə 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir
“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova layihənin fəaliyyətinə dair geniş təqdimatla çıxış etdi. Qeyd olundu ki, layihə Elm və Təhsil Nazirliyi və “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin əməkdaşlığı çərçivəsində 5 ildir ki, həyata keçirilir. Layihənin məqsədi məktəblilərə alqoritmik və məntiqi təfəkkürü, layihə hazırlama bacarıqlarını və proqramlaşdırmanın əsaslarını öyrətmək, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunmasını, şagirdlərin məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Layihə rəhbəri bir sıra statistik rəqəmləri diqqətə çatdırdı: “2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinə start verildi və mərhələli şəkildə tətbiqinə başlanıldı. Həmin tədris ilində adıçəkilən layihəyə Bakı şəhərindəki 45 məktəbdən 5-ci sinif üzrə 6500 şagird, 2018-2019-cu tədris ilində ölkə üzrə V-VI siniflər olmaqla 73 məktəbdən 26 min şagird cəlb edildi. Növbəti tədris ilində layihə artıq 122 məktəb üzrə 70 min şagirdi, 2020-2021-ci tədris ilində 9 region üzrə 222 məktəbi, 120 min şagirdi, 2021-2022-ci tədris ilində layihənin 5-ci tədris ilində isə 16 region üzrə 250 məktəb və 190 min şagirdi əhatə etmişdir. Hazırda 2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi mövcud məktəblərdə siniflərin sayının artırılması, eyni zamanda yeni şəhər və rayonlar üzrə qoşulmuş məktəblər nəzərə alınmaqla 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi və 3000-dək müəllimi əhatə edir”.
Qeyd olundu ki, ibtidai siniflərdə fərdi kompüterdə iş, “Scratch” proqramlaşdırma dili üzrə əsasların öyrədilməsi həyata keçirilir. Şagirdlərə məntiqi tapşırıqların həll edilməsi, alqoritmik strukturlarla tanışlıq, “Scratch”-də kiçik layihələrin yaradılması və digər mövzular təqdim olunur.
Orta sinif şagirdləri üçün informasiyanın kodlaşdırılmasının əsasları, “Python”-un köməyi ilə modellərin, proqram və layihələrin yaradılması və s. işlər həyata keçirilir.
Yuxarı sinif şagirdlərinə “Python” dilində proqramlaşdırmanın əsasları öyrədilir. 2021-2022-ci tədris ilindən “Rəqəmsal Bacarıqlar” təmayül siniflər (X-XI) yaradılmışdır. Təmayül siniflərə qəbul mərkəzləşdirilmiş qaydada imtahan vasitəsilə aparılmışdır. Ötən tədris ili pilot 11 məktəbdə 300-dən çox şagird təkmilləşdirilmiş proqram üzrə informatika təmayüllü tədrisə cəlb olunmuşdusa, bu rəqəm 2022-2023-cü tədris ilindən 20 məktəbdə 720 şagirdə çatmışdır.
N.Rəhimova onu da əlavə etdi ki, “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi ilə proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına nail olunur. Proqramlaşdırmanın tədrisi şagirdlərə gələcəkdə lazım olacaq 11 bacarıqdan 8-ni inkişaf etdirməyə imkan verir.
Layihənin üstünlüklərindən söz açan çıxışçı platformanın köməyi ilə şagirdlərin texnologiyalardan yenilik yaradan bir alət kimi istifadə etməyi öyrəndiyini, onlarda tənqidi düşüncə tərzinin, yaradıcı yanaşma, komandada işləmək, liderlik və digər bacarıqların formalaşmasına nail olunduğunu qeyd etdi: “Gələcəyin rəqəmsal peşələrinin inkişafı istiqamətində növbəti addım isə Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələrinin İT üzrə bilik və bacarıqlarının artırılması ilə bağlı “Alqoritmika” tədris proqramlarının həyata keçirilməsidir. Məhz ixtisaslı İT mütəxəssislərinin olması ölkənin iqtisadi potensialının inkişafı üçün möhkəm zəmin yaradır. İT bazarının inkişafına dəstək göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsi məqsədilə “İT Akademiya” yaradılmışdır”.
Layihə rəhbəri proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılmasının həmin sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını yüksəldəcəyini bildirdi. Elə məhz bu baxımdan inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurətinin ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.
Azərbaycan bu sahə üzrə aparıcı ölkələrdən birinə çevrilib
Tədbirdə iştirak edən “Alqoritmika” Beynəlxalq Təhsil Şirkətinin baş direktoru Andrey Lobanov çıxış edərək dünyada təhsil sahəsində aparılan yeniliklərdən söz açdı. Texnologiyanın həyatımızdakı rolu və yeri haqqında danışan Andrey Lobanov yaşadığımız dövrü informasiya-kommunikasiya texnologiyalarsız təsəvvür etməyin qeyri-mümkün oduğunu deyib: “Mənim üçün rəqəmsal texnologiya, İT, proqramlaşdırma dünyanı tanınmayacaq dərəcədə dəyişdirə biləcək vasitələrdir. Son 20 ildə dünyanın necə dəyişdiyinə diqqət yetirin. Ünsiyyət vasitələri müasir texnologiyalar vasitəsilə daha rahat olub. Bizim evdən çıxmadan belə müxtəlif ölkələrdə yaşayan insanlarla, peşə sahibləri ilə intetnet üzərindən əməkdaşlıq əlaqələri qura bilməyimiz daha əlçatan olub. Sənədləşmə işlərimiz belə artıq elektronlaşıb”.
Bu texnologiyaları 5 ildir ki, Azərbaycanda uşaqlara tədris etməkdən məmnunluğunu ifadə edən A.Lobanov “Rəqəmsal bacarıqlar” layihəsinin 300 min şagirdi əhatə etdiyini bildirdi: “Bu, daha rahat bir həyat deməkdir. Əgər uşaq İT sahəsi üzrə mükəmməl biliyə malikdirsə artıq gələcəkdə bu sahə üzrə daha maraqlı bir iş tapacağını bilir. Proqramçı peşəsi hazırda ən yüksək maaşlı bir sahə kimi tanınır və əməkhaqqı daha da artmaqdadır. Çoxlu sayda yeniyetmə və gəncin bu sahəyə maraq göstərməsi isə ölkənizin daha tez rəqəmsallaşmaya keçidini sürətləndirəcək”.
Layihənin dünyanın 80 ölkəsində həyata keçirildiyini deyən Andrey Lobanov ümumtəhsil məktəblərimizdə şagirdlərin rəqəmsal bacarıqlara yiyələnməsi istiqamətində aparılan işləri yüksək qiymətləndirərək artıq Azərbaycanın bu sahə üzrə aparıcı ölkələrdən birinə çevrildiyini bildirdi.
Uğurlu nəticələrdə əməyi olanlar
Hər bir görülən işin arxasında gərgin zəhmət və peşəkarlıq durur. “Rəqəmsal bacarıqlar” ın ötən beş il ərzində əldə etdiyi müsbət nəticələri də məhz peşəkar komanda və layihənin həyata keçirilməsinə öz dəstəyini verən təhsil işçilərinin əməyinin bəhrəsidir.
Elə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanan “Uşaq Avroviziyası-2021”in ölkə təmsilçisi Sona Əzizovanın ifa etdiyi “ Şuşam mənim” mahnısından sonra layihənin 18 ən yaxşı müəlliminə, layihə heyətinin 3 əməkdaşına “Təşəkkürnamə” nin təqdim edilməsi də 5 illik fəaliyyətin uğuru hesab edilə bilər.
Samirə KƏRİMOVA |
|
28.10.2022 | 09:35 | |
|
|
|