Böyük Britaniyanın səfiri məktəblilərlə görüşüb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Obe və Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı Kamola Mahmudova “Pop-up küçə transformasiyası” layihəsi çərçivəsində Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə olublar.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev qonaqları Sumqayıtda  görməkdən məmnunluqlarını ifadə edib. Daha sonra  rəmzi olaraq “Pop-up küçə transformasiyası”nın açılış mərasimi keçirilib.

 

Sonra tədbir iştirakçıları məktəblilərlə görüşüb. Layihə haqqında onların fikirləri öyrənilib. Qeyd olunub ki, Sumqayıt şəhərində Dünya Bankının Qlobal Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən transformasiya uşaqlara uyğun yol dizaynının təhlükəsizliyi necə yaxşılaşdıracağını və məktəblərin ətrafındakı yollarda itkiləri azaldacağını nümayiş etdirmək məqsədi daşıyır.

 

Məktəbin direktoru Xalid Adıgözəlov layihənin əhəmiyyətindən danışıb və bunun şagirdlər üçün gərəkli olduğunu bildirib.

 

Qeyd edək ki, transformasiya Azərbaycan Milli Avtomobil Klubu və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı və Qlobal Nəqliyyat Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən innovativ layihənin mərkəzi elementidir. Uşaqların yol təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şəhərlərin Layihələndirilməsi Təşəbbüsü, Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Elm və Təhsil Nazirliyi və bir sıra digər dövlət qurumları tərəfindən dəstəklənir. Layihənin məqsədi küçə dizaynının sürəti idarə etmək və nəqliyyatın hərəkətini sakitləşdirmək üçün malik ola biləcəyi potensialı nümayiş etdirmək və Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına daha geniş dəstək verməkdir.

 

Səbinə MƏMMƏDOVA,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



27.10.2022 | 16:33