BDU-da Karyera sərgisi | |
Bakı Dövlət Universitetində (BDU) Karyera sərgisi keçirilib. Sərgidə Azərbaycanda fəaliyyət göstərən 50-dək dövlət və özəl şirkət iştirak edib.
Tədbiri giriş özü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev sərginin əhəmiyyətindən, gənclərin əmək bazarına inteqrasiyasında olan rolundan bəhs edib və iştirakçılara uğurlar arzulayıb.
Ə.Ağamirzəyev bildirib ki, sərginin əsas məqsədi əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına yardım etməkdir: “BDU ölkənin ən çox kadr hazırlayan universitetidir. Sərgi həm iştirakçı şirkətlər, həm BDU, həm də tələbələr üçün faydalı olacaq. Çünki belə sərgilər əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu müəyyənləşdirməyə də imkan verir. Tələbələri bu fürsətdən yararlanmağa çağırıram. Gənclərin məşğulluğunun təmin edilməsi universitet üçün prioritet məsələdir və bu istiqamətdə layihələr davamlı olacaq”.
Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıb.
Sərgi çərçivəsində tələbələrin şəxsi inkişafı istiqamətində dinləmələr də təşkil edilib. Dinləmələr modullar formasında olub. Birinci modul “Effektiv CV hazırlığı (DMA)”, ikinci modul isə “Karyeranı necə düzgün planlayım? (DMA)” mövzularına həsr edilib.
|
|
27.10.2022 | 10:32 | |
|
|
|