“KAIST-də rəqabət çox güclüdür” | |
Ölkəmizdə şagirdlərin istedad və bacarıqlarının erkən yaşlardan aşkar olunması, bu sahədə aparılan məqsədyönlü islahatlar və onların keyfiyyət göstəriciləri özünün bariz nümunəsini yüksəkixtisaslı, müasir bilik və səriştələrə sahib insan kapitalının formalaşmasında tapır. Şagirdlərdə elmi təfəkkürün, tədqiqatçılıq bacarıqlarının stimullaşdırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmizin gələcək elmi potensialının əsasını təşkil edən gənclərimizın sorağı artıq dünyanın nüfuzlu universitetlərdən gəlir. Onlardan biri də Kamran Mehdiyevdir.
Tanıtım: 2004-cü il avqustun 29-da Bakı şəhərində anadan olub. VII sinfə qədər 145 və 238 nömrəli tam orta məktəblərdə, daha sonra isə Kimya-biologiya təmayüllü Respublika liseyində təhsil alib və həmin liseyin məzunudur. 2021-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Bakı Ali Neft Məktəbinin Kompüter mühəndisliyi fakültəsinə daxil olub. Bu ali təhsil müəssisəsində bir il təhsil aldıqdan sonra Respublika fənn olimpiadasının qızıl medalçısı kimi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) təhsilini davam etdirmək hüququ qazanıb.
- Orta məktəbdə daha hansı fənlərə maraq göstərirdiniz? Hansı uğurlarınızı qeyd edə bilərsiniz? - Orta məktəbdə dərslərim kimya və biologiya yönümlü kurikulum üzrə keçirilsə də, fizika, riyaziyyat və informatika fənlərinə böyük maraq göstərmişəm. Lakin texniki fənlər üçün daha məqsədəuyğun görünən təmayül liseylərinə keçməmişəm. Olimpiada uğurlarıma gəldikdə isə, 2021-ci ildə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarında qazandığım qızıl medalı, eləcə də yerli və beynəlxalq olimpiadalar üçün seçilən təklif etdiyim bəzi sualları nümunə göstərə bilərəm. Belə uğurların sayının yetərincə çox olmamasını olimpiadalarla olduqca gec, təxminən 9-cu sinfin sonundan məşğul olmağa başlamağımla əlaqələndirərdim. Bu sahədə ciddi nailiyyətlər qazanmaq istəyənlərə daha aşağı siniflərdən olimpiadalara hazırlaşmağı və öz üzərlərində həvəslə işləməyi məsləhət görərdim.
- Koreyada ali təhsil sizin üçün nə dərəcədə cəlbedicidir? - Ali təhsilə ölkəmizdə başlasam da, bir il sonra nəzərdə tutduğum ixtisas üçün xaricə üz tutmağı qərara aldım. Bu bir il ərzində isə lazımi biliklərə yiyələnmək və bəzi vacib sertifikatlar almaqla bərabər, proqramlaşdırma üzrə müxtəlif hakatonlarda iştirak edib bir sıra uğurlar qazandım. Düşünürəm ki, bu, mənim daha hərtərəfli yetişməyimə təkan verən faktorlardan biri idi, çünki olimpiadalar çox ciddi hazırlıq tələb edir, deyərdim ki, illərlə böyük həcmdə bir fənn üzrə fokuslanmağa məcbur olursan.
Koreyada kompüter elmləri sahəsinin güclü inkişaf etdiyi heç kimə sirr deyil. Xüsusilə KAIST Universitetinin bu sahədə özünü inkişaf etdirmək istəyənlər üçün çox yaxşı imkanlar təklif etdiyini düşünürdüm və bu səbəblə də seçimim bu universitet oldu.
- KAIST-in tədris mühiti necədir? Hazırda hansı fənləri və ixtisas sahələri tədris olunur? -KAIST texniki və təbiət elmlərinə əsaslanan ixtisaslar üzrə təhsil proqramları təklif edir. Hazırda məhz bu fənlər üzrə ən əsas biliklərə yiyələnirəm. Təhsil mühitinə gəlincə isə, mühazirələr, praktik dərslər, əlavə nəzəri dərslərlə yanaşı, öz üzərimizdə işləmək üçün yaradılan fürsətləri qeyd etmək istərdim, çünki burada istənilən sahədə rəqabət çox güclüdür və verilən resurslardan maksimum faydalanmaq lazım gəlir.
- Kompüter mühəndisliyinin imkanları və gələcək perspektivləri barədə nə deyə bilərsiniz? - Kompüter elmləri, kompüter mühəndisliyi və oxşar ixtisaslara olan maraq dünyanın hər yerində artır. Avtomatlaşdırılmaya uduzmamaq üçün onun bir parçası olmaq lazımdır. Ortalama həyat səviyyəsinin yüksəldiyi, insanların hər imkanda işlərini daha sürətli və əziyyətsiz yolla həll etməyə çalışdığı bir dövrdə qeyd olunan sahələrə olan tələbat və beləliklə, bu sahələrdə olan rəqabətlilik də artır. İnanıram ki, kompüter elmləri kimi sonsuz sayda tətbiq imkanları olan ixtisaslar, bu sahənin ən yaxşılarından olmaq istəyənlər üçün çox yaxşı karyera imkanları vəd edir.
- Universitetdə dərslər başlayıb. Daha çox hansı formata - məsafədən və ya hibrid modelə üstünlük verilir? -Bir neçə dərs istisna olmaqla, bütün dərslər əyani şəkildə keçirilir. Resurslar professorlardan asılı olaraq dəyişsə də, əsasən keçilən fənn üzrə tanınmış kitablardan vəsait və ya əlavə material kimi istifadə olunur.
- KAIST-də əcnəbi tələbələrə münasibət necədir? Və müəllim-tələbə münasibətləri… -KAIST-də dünyanın bir çox ölkələrindən olan tələbələr rahatlıqda bir yerdə təhsil alır. Tələbələrə münasibət gəldiyi ölkədən asılı olmayaraq müsbətdir. Professorlarımız isə mövzuları tam izah etməkdən savayı, tələbələri sual verməyə vadar edərək dərsi mümkün qədər tam mənimsəmələrinə kömək olurlar.
- Dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsisiniz. Uğurlarınızın sirrini necə izah edərdiniz? - Şübhəsiz ki, uğurlarımda müəllimlərimin rolu danılmazdır. Liseydə təhsil aldığım müddətdə Arif Qəhrəmanov, Kamran Rəhimov, olimpiadalara hazırlıq dövründə isə Cəfər Cəfərov, Nazim Kazımov kimi müəllimlərdən dərs almışam və onlar sayəsində riyaziyyata, eləcə də onun tətbiq sahələrinə olan marağım artıb.
- Gələcək planlarınız da maraqlıdır… -Bu barədə çox danışmaq istəməzdim. Qısa müddətli hədəfim universiteti uğurla bitirib maraqlandığım sahə üzrə magistr təhsili almaqdır.
Oruc MUSTAFAYEV
|
|
26.10.2022 | 10:02 | |
|
|
|