Mina təhlükəsinə qarşı maarifləndirmə tədbirləri

Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilir.

 

Mina təhlükəsinə qarşı növbəti “Açıq dərs”lər Nəsimi və Suraxanı rayonları üzrə 35 və 87 nömrəli tam orta məktəblərdə təşkil olunub.

 

Dərslərdə Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev, Əhliyət Adıgözəlov, Fövqəladə Hallar Nazirliyinin kapitanı Ələkbər Ələkbərov, Mina Təmizləmə Agentliyinin əməkdaşı Ceyhun Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Təlimə Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov, Vətən Müharibəsində iştirak edən qazilər, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri, şagirdlər və valideynlər iştirak ediblər.

 

“Açıq dərs”lərdə GÇH rəhbərləri tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi və digər mövzular barədə məlumatlar əyani vəsaitlər və videoçarxlar vasitəsilə nümayiş olunur. Praktiki olaraq şagirdlərə mina partlayışı zamanı ilkin xilasetmə işləri öyrədilir.

 

Eyni zamanda partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.

 

“Açıq dərs”lərin sonunda ANAMA tərəfindən hazırlanmış təlimat kitabçaları və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici poster və bukletlər təqdim olunur.

 

Qeyd edək ki, “Açıq dərs”lərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

 



25.10.2022 | 17:22