"Çətin məktəbli” layihəsinin icrasına başlanılıb

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu sektorunun akt zalında Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Çətin məktəbli” layihəsinin açılış tədbiri keçirilib.

 

Ağsu rayonu təhsil ictimaiyyətinin iştirak etdiyi tədbirdə layihə rəhbəri, Ağsu rayon Kəndoba  kənd tam orta məktəbinin tarix müəllimi Elnur Kərimli layihənin  məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində psixoloji-pedaqoji təsir metodlarının köməyi ilə çətin tərbiyə olunan şagirdlərlə iş aparmaq, yeniyetmələr arasında qanun pozuntusu hallarının azaldılması, intihar hallarının, intihara aparan səbəblərin aradan qaldırılması kimi hədəf istiqamətlər müəyyən edilib. 

 

Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində yaradılmış “Məktəb-Valideyn Assosiasiyası”nın tədbirlər planına uyğun olaraq “Səriştəli valideyn” proqramı hazırlanacaq. Proqram çərçivəsində 1000 ədəd maarifləndirici flayer Ağsu rayon ümumtəhsil  məktəblərinin şagirdlərinə təqdim olunacaq.
      

Peşəkar təlimçi tərəfindən layihə çərçivəsində  Kəndoba  kənd  tam orta məktəbində, Çaparlı kənd  tam orta məktəbində, Abbasxanlı  kənd  tam  orta məktəbində tematik vebinarlarin keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, layihənin sosial şəbəkədə səhifəsi yaradılıb. Tədbirdə çətin tərbiyə olunan və yeniyetməlik dövrünü çətin keçirən məktəblilər üçün stimullaşdırıcı psixoloji yardım vasitəsi -sosial media hesabı barədə məlumat verilib, maarifləndirici flayerlər məktəblilərə təqdim olunub.
       

Tədbir iştirakçıları ilə mövzu ətrafında müzakirələr aparılıb, maarifləndirici flayerlər paylanılıb.

 

 



25.10.2022 | 11:36