Kəmiyyət artıb, keyfiyyət yüksəlib

Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2018/2019-cu tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak edib.

 

Bilik günü münasibətilə tələbələri təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2018/2019-cu tədris ilinin qəbul göstəricilərini açıqlayıb. Universitetin bakalavr səviyyəsinə 2866 nəfər, magistratura səviyyəsinə isə 601 nəfərin qəbul olunduğunu deyən rektor, professor Mustafa Babanlı kəmiyyətlə yanaşı keyfiyyətin də yüksəldiyini diqqətə çatdırıb. Ötən illərlə müqayisədə qəbulda orta bal göstəricisinin yüksələrək 447 bala çatdığını bildirən rektor M.Babanlı bu il ADNSU-ya qəbul olunan tələbələrdən 385-nin 600-dən yuxarı, 1082 nəfərinin isə 500-dən yuxarı bal topladığını qeyd edib. Rektor M.Babanlı ADNSU tələbəsi adını qazanmış gənclərə yüksək səviyyədə təhsilin verilməsinin qarşıda dayanan ən mühüm məsələ olduğunu qeyd edərək universitetdə bu istiqamətdə aparılan islahatlardan danışıb.

 

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov  tələbələri Bilik günü münasibətilə təbrik edərək onlara tədris həyatlarında uğurlar arzulayıb. ADNSU-nun ölkənin ən nüfuzlu ali məktəblərindən olduğunu deyən F.İsmayılov bu universitetin məzunlarının  müxtəlif qurumlarda yüksək səviyyəli mütəxəssis kimi fəaliyyət göstərdiklərini  diqqətə çatdırıb.

 

Millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov tələbələrə tədris prosesində uğurlar arzulayıb və onların gələcəkdə savadlı kadr kimi Azərbaycana xeyir verəcəklərinə inandığını söyləyib.

 

Sonra ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş I kurs bakalavr və magistrantlara tələbə biletləri və hədiyyələr təqdim edilib.



17.09.2018 | 15:31