Modul təhsil proqramları üzrə praktik təlim prosesinin təşkili və planlaşdırılması | |
Təcrübə göstərir ki, təhsil müəssisəsinin metodistləri və müəllimləri kompetensiyalara əsaslanan modul təlim proqramları ilə işləyərkən müxtəlif çətinliklər yaranır. Bu ən çox onunla bağlı olur ki, onlar ənənəvi təlimlərdən fərqli olaraq modul təlimlərində təlimin nəticələrini bir çox hallarda kompetensiyalara artıq yiyələnmiş və tez-tez yenilənən, dəyişən əmək funksiyalarını dərindən bilən işəgötürənlərlə birlikdə formalaşdırmalıdırlar. Bəzən bu işi onlar reallaşdıra və modul təliminin proqramlarında nəzərdə tutulan kompetensiyaları öyrənənlərə tam çatdıra bilmirlər. Bu bir daha göstərir ki, işəgötürənlərin peşə təhsilinə inteqrasiyası günümüzün reallığıdır və bundan qaçmaq mümkün deyil. Əbəs deyil ki, bu məsələ Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsində xüsusi qeyd edilib.
Kompetensiyalara əsaslanan modul təhsil texnologiyalarının əsas ideyası təhsilalanlarda təlim üçün nəzərdə tutulan iş yerlərində aktiv fəaliyyətə geniş imkanlar açsın və onlar özlərini maksimum dərəcədə sərbəst hiss etsinlər. Bu, təhsilalanlara imkan verir ki, onlar real əmək fəaliyyətinə tez bir zamanda adaptasiya olunsunlar, öyrəndiklərini inkişaf etdirə və işəgötürənlərin müvafiq peşə üzrə tələb etdikləri kompetensiyalara sahib ola bilsinlər.
Praktik təlimin təşkili. Təlim prosesində təkcə nəzəriyyə ilə praktikanın inteqrasiyası kifayət deyil, bundan əlavə təlim prosesi elə təşkil olunmalıdır ki, o, təhsilalanlara kompetensiyalara əsaslanan peşəkarlığa yiyələnmənin açarlarını verən effektli münasibətlər qurmağı, yaradıcı olmağı aşılasın. Hər modula başlamazdan əvəvl təhsilalanlar modulun spesifikası və bu moduldan nələri öyrənmələri, hansı nəticələrin onlardan gözlənildiyi haqda məlumatlarla tanış olmalıdır. Təlimin bu cür təşkili təhsilalanlarda təlimlərin effektliyini, keyfiyyətini yüksəltmələri və təlim nəticələrinə çatmaları üçün motivasiya aşılayır.
Təhsilalan şüurlu olaraq başa düşməlidir ki, təlim nəticələrinə görə təkcə öyrədənlər deyil, onun özü də məsuliyyət daşıyır. Bundan ötrü təhsilalan təlimlər zamanı işlərin kiçik qruplarda təşkil olunmasında, layihələrin işlənməsində, problemlərin həll olunması üzrə tapşırıqların yerinə yetirilməsində və s. fəal olmağa çalışmalıdır.
Təhsilalan nəzəri təlimlərdə peşə üzrə kompetensiyaların formalaşdırılmasına dair yalnız məlumatlar əldə edir. Əldə edilən bu məlumatlar kompetensiyalara o zaman gətirib çıxarır ki, təhsilalan bu məlumatları praktik olaraq tətbiq etsin. Tətbiq zamanı təhsilalan informasiya mübadilələrində iştirak edir və onun söylədikləri yoldaşları tərəfindən qəbul edildikcə bu, onu daha irəli getməyə həvəsləndirir.
Müasir işçilər öz biliklərini və bacarıqlarını peşələrinə aid yeniliklərlə, əməyin istənilən sferada cəld dəyişdirilməsinə dair məlumatlarla mütəmadi təkmilləşdirməlidirlər ki, ümumi inkişafdan geri qalmasınlar. Modul təlimi bu məqsədi və buna nail olma (özünütəhsil) yollarını aşılayır. Ona görə də öyrədənlərə tövsiyə olunur ki, yeri gəldikcə təhsilalanlara bilikləri mənimsəmək üçün məlumatları özlərinin axtarmasına maksimum imkan verilsin: yeni biliklərin qazanılmasında öz rollarının da olduğunu görsünlər.
Söylənilənlərdən o qənaətə gəlmək olur ki, bütün bunlara nail olunmasının “bünörəsi” kompetensiyalara əsaslanan modulun təliminin planlaşdırılmasında əksini tapır.
Hər modul üzrə təlim prosesinin planlaşdırılması “Modulun həyata keçirilməsi alqoritmi”ni əks etdirən sənədin tərtib olunması ilə başlayır.
Bu sənəd aşağıdakı elementlərdən ibarətdir:
* Modulun adı və nömrəsi;
* Modulun məqsədi;
* Modulun məzmunu (bura modulun spesifikasındakı fəaliyyətlərin sırası daxildir);
* Məqsədli yaradılan qrupların xarakteristikası (bu təhsilalanlarda öyrənmə üçün təlim planının və təlim mühitinin formalaşdırılmasını xarakterizə edir).
Məqsədli qrupların xarakteristikasını işləyib hazırlayarkən aşağıdakıları nəzərə almaq tövsiyə edilir:
* Təlimə və işləməyə motivasiyaların dərəcəsi;
* Əvvəlki təlimdən əldə edilən təcrübələr və onların müvəffəqiyyət (qeyri-müvəffəqiyyət) dərəcəsi. Bundan əlavə, təhsilalanların təlim planları və təlim mühiti formalaşdırmağa kömək edən həyat təcrübəsi və baxışlarının dərəcəsi;
* Peşəkarlıq dairəsində təhsilalanların mənimsəmək istədikləri biliklərin və bacarıqların səviyyəsi;
* Təlim üsulları;
* Cədvəlin və məşğələnin keçirildiyi yerin strukturu (təlim auditoriyaları, emalatxana, laboratoriya, müəssisə);
* Müəssisə nümayəndələrinin təlim prosesində iştiraka cəlb edilməsi;
* Mənimsənilməsi lazım olan biliklər (modulun spesifikasından);
* Məşğələnin planı (hər məşğələ modul spesifikasının bir fəaliyyətinin mənimsənilməsinə həsr edilməlidir).
Hər bir məşğələni planlaşdırarkən aşağıdakılar müəyyənləşdirilməlidir:
* Məşğələnin məqsədi;
* Məzmun (modul spesifikasının “Biliklər” elementindən);
* Təlim metodları, məsələn, işgüzar oyunlar, layihələr, problemlərin həlli, “əqli hücum”, praktik məşğələ, kiçik mühazirə, müzakirələr, nümayişetdirmə və s.;
* Lazım olan resurslar, eyni zamanda təlim materialları;
* Məşğələnin qısa ssenarisi (təlim fəaliyyətinin növlərinin ardıcıllığının təsvir edilməsi).
Nümunə. Modulun həyata keçirilməsinin (icrasının) alqoritmi (ardıcıllığı).
Modulun adı: “İş yerində əmək təhlükəsizliyinin təmin edilməsi”.
Modulun məqsədi: Modulu başa vurduqdan sonra təhsilalanlar iş yerlərində əmək təhlükəsizliyini təmin etməyi bacaracaqlar. Modulun məzmunu:
* Müəssisədəki insan sağlamlığı üçün təhlükə sayılan müxtəlif risk mənbələrini müəyyən etmək və onları siniflərə ayırmaq;
* Təhlükəsiz əmək mühiti formalaşdırmaq;
* Əmək fəaliyyətində əmək təhlükəsizliyinin və tibbin tələblərini nəzərə almaq.
Təhsilalanların xarakteristikası - birinci kursun təhsilalanları.
Məşğələnin strukturu:
* Müddəti - həftədə 3 saat, 4 həftə;
* Öyrədənlər - təhsil və işəgötürən müəssisələrdən texniki təhlükəsizlik üzrə menecer;
* Təlimin keçirildiyi yer - təlim auditoriyası, təhsil müəssisəsinin emalatxanası, müəssisə.
Material resursları:
* Əmək mühafizəsinə və tibbə dair hüquqi-normativ baza;
* Müəssisədə əmək mühafizəsi və tibbə dair təlimat sənədləri;
* Yanğın təhlükəsizliyinə qarşı təlimat.
Təlim prosesini və təlim metodlarını planlaşdırarkən insanın qavrama, yadda saxlama imkanları nəzərə alınmalıdır.
Təlim metodu dedikdə müəllimlə və ya istehsalat təlimi ustası ilə təhsilalanların elə bir birgə təlim fəaliyyəti nəzərdə tutulur ki, sonda öyrənənlər peşələrinə dair biliklərə, bacarıqlara və vərdişlərə yiyələnirlər, eyni zamanda birgə fəaliyyət onların tərbiyə olunmalarına və təlimlərdə əldə etdikləri bilik və bacarıqlarını inkişaf etdirmələrinə istiqamətləndirir.
Təlim metodlarına başqa cür yanaşmalar da mövcuddur. Belə ki, təlim metodları təkcə öyrədənlərlə şagirdlərin ümumi məqsədəyönələn qarşılıqlı fəaliyyəti deyil, eyni zamanda təlim prosesinin nəticəyönümlü və inkişafyönümlü başa çatmasının təminatçısı kimi də yanaşıla bilər. Təlim metodunun bu cür şərh olunmasına nümunə kimi praktik təlimləri göstərə bilərik. Yəni şagirdlərdə peşəyə dair biliklərin və bacarıqların aşılanması onlar üçün yaradılmış xüsusi şəraitdə: təhsil müəssisəsinin emalatxana və laboratoriyalarında və ya birbaşa istehsal müəssisəsində həyata keçirilir. Başqa sözlə, şagirdlər təhsil müəssisəsində əldə etdikləri ilkin bilik və bacarıqları istehsalatda birbaşa praktik işlərin icrasına tətbiq edərək öz peşə bacarıqlarını inkişaf etdirir və təkmilləşdirirlər.
Təklif olunan təlim texnologiyaları çərçivəsində ən geniş yayılmış təlim formalarına və metodlarına cütlərlə iş, kiçik qruplarda iş, qruplarda müzakirə, təcrübədən götürülmüş konkret hadisənin öyrənilməsi, əmək proseslərinin izlənməsi, layihələr, praktik tapşırıqlar, kompüterin köməyi ilə öyrənmə, müəssisəyə səyahət (bu ən səmərəli metoddur, çünki orada müəssisənin nümayəndələri təhsilalanları müasir texnologiyalarla, istehsal prosesləri ilə, materiallarla, avadanlıqlarla və s. tanış edirlər) aiddir.
Sərbəst tapşırıqlar. Modul təlimlərində öyrənənlərə peşələrinə dair kompetensiyaları aşılayan amillərdən biri onlara yerinə yetirmələri üçün sərbəst tapşırıqların verilməsi və digər praktik işlərə dair laboratoriya-təcrübə təlimlərinin aparılmasıdır.
Sərbəst tapşırıqlar konkret sual üzrə təhsilalanın biliyində olan kəsirləri tamamlamaq və dərinləşdirmək funksiyası daşıyır. Fərdi oxunun məqsədi hər bir şagird üçün dəqiq istiqamətlənmiş şəkildə təşkil edilməlidir. Tövsiyə olunur ki, oxunanların nəticələri qrupla və ya müəllimlə müzakirə olunsun.
Tapşırıqlar deyildikdə müəyyən olunmuş işlərə dair yerinə yetiriləcək iş (icra) hərəkətlərinin şagird tərəfindən tam başa düşülməsinə qədər təkrarı başa düşülür. Başqa sözlə, işlərin təkrar olunma sayı keyfiyyətə keçididir. Bu zaman şagirdlərdə düzgün iş fəaliyyətlərinin, bacarıqların və vərdişlərin əldə olunması baş verir. Çoxsaylı hərəkətlərlə yerinə yetirilən hər hansı bir tapşırıq həmişə keyfiyyətin əldə olunmasını təmin edə bilmir. Keyfiyyətin əldə olunması tapşırıqların məqsədindən və məzmunundan, metodlardan, müəllim və ya usta tərəfindən şagirdlərə verilən tapşırıqların necə təşkil olunmasından və işlərin icrasına düzgün rəhbərlik etməkdən çox asılıdır.
Tapşırıqlar aşağıdakı tələblərə cavab verməlidir:
1) Tapşırıq təkcə işlərin təkrarı deyil, eyni zamanda peşənin sirlərini mənimsəməkdə irəliyə doğru növbəti bir addımdır;
2) Hər bir tapşırıq dəqiq məqsəd daşımalıdır: təlimdə nəyi öyrənməli, nə əldə etməli, hansı addımları təkmilləşdirməli, möhkəmləndirməli, inkişaf etdirməli və s. Təlimin məqsədi şagirdlərə dəqiq və aydın çatdırılmalıdır.
3) Tapşırıqlar müəllim və ya istehsalat təlimi ustasının rəhbərliyi altında yerinə yetirilir. Onlar tapşırıqların yerinə yetirilməsinə rəhbərlik və nəzarət edərkən öz qarşısına hansı məqsəd qoyursa bunu eyni zamanda şagirdlərin məqsədi kimi də qəbul etmək olar. Şagirdlərin tapşırıqları yerinə yetirdikləri zaman ustanın etdiyi düzəlişlər mütləqdir ki, işin məzmununa və təlim məqsədinə xidmət etsin.
4) Şagird işləri yerinə yetirərkən özünün məntiqi təfəkkürünə əsaslanaraq işlərin necə və nə üçün belə yerinə yetirilməsini anlayır.
5) Tapşırıqların effektliyi o zaman yüksək olur ki, şagirdlərdə görülən işlərə maraq aşılansın.
6) Tapşırıqların icrası prosesində şagirdlər yerinə yetirdikləri işlərin gedişinə və nəticələrinə sərbəst olaraq ciddi nəzarət etməyi bacarmalıdırlar.
7) Hər bir tapşırığı yerinə yetirdikdən sonra şagird hansı nətəcələri əldə etdiyini bilməlidir.
Tapşırığa dair işlərin yerinə yetirilmə prosesində şagirdlərin psixoloji və praktik fəaliyyətləri dəyişilməz qalmır. Əvvəlcə şagird ona tanış olmayan bir işlə üz-üzə durur, tədricən tapşırıqları mərhələ-mərhələ yerinə yetirdikcə və yerinə yetirilən işlər təkrarlandıqca onda özünəinam və öyrənmək həvəsi artır və sonda işləri sərbəst və köməksiz yerinə yetirməyə başlayır.
Laboratoriya-təcrübə işləri. Laboratoriya-təcrübə işləri nəzəri və praktik təlimlər ilə aralıq bir vəziyyət təşkil edir və burada nəzəriyyə ilə praktika əsas rabitə vasitəsi hesab olunur. Laboratoriya-təcrübə məşğələləri ixtisas fənn müəllimi ilə istehsalat təlimi ustasının və ya müəllimin bir yerdə reallaşdırdıqları təlimdir. İstehsalat təlimi dərslərinin mükəmməl sonluqla başa çatması laboratoriya-təcrübə dərslərinin şagirdlər tərəfindən necə mənimsənilməsindən çox asılıdır. Laboratoriya-təcrübə işləri istehsalat təlimi prosesində məşğələnin əsas hissəsi, onun əsas struktur elementlərindən biri hesab olunur.
Praktik təlim üçün xarakterik olan laboratoriya-təcrübə işlərinin əsas növləri bunlardır:
- Maşınların, mexanizmlərin, aqreqatların, aparatların, cihazların quruluşlarının və işinin öyrənilməsi. Məsələn, sökmə-yığma işləri, görülən işin xarakterinə uyğun kəskilərin seçilməsi, elektrik dövrəsinin yığılması, elektrik mühərriklərinin şəbəkəyə qoşulması və s;
- Texniki ölçülərin, parametrlərin, xarakteristikaların, keyfiyyətin və onlar arasındakı asılılıqların tədqiq edilməsi və s;
- Nəzarət-ölçü cihazlarından və alətlərdən istifadə qaydaları. Məsələn, ştangerpərgardan, bucaqölçəndən, mikrometrdən istifadə və s;
- Nasazlıqların diaqnostikası, tənzimləmələr, sazlamalar, avadanlıqların qurulması. Məsələn, dəzgahların işləmə dəqiqliyinin yoxlanması; traktorların və kənd təsərrüfatı maşınlarının sistemlərinin, düyün və aqreqatlarının tənzimlənməsi, sazlanması və s.
Bu cür işləri yerinə yetirdikcə şagirdlərin əldə etdikləri bilik və bacarıqlar həm dərinləşir, həm genişlənir və həm də yeni məzmun alır.
Laboratoriya-təcrübə işlərini başa çatdırdıqdan sonra hər bir şagird və ya bir neçə şagirddən ibarət qrup üzrə nümayəndə görülən işləri və bu iş üzrə aparılan hesabatları (əgər işin xarakteri bunu tələb edirsə) ustaya təqdim edir.
Laboratoriya-təcrübə dərslərinin keyfiyyəti bütünlüklə müəllimin pedaqoji bacarığından və təlimə hazırlığından çox asılıdır. Öyrədən laboratoriya-təcrübə dərslərinə hazırlaşarkən dərsin hər mərhələsini planlaşdırmalı, təlim materialına dair işləri yerinə yetirməyin əhatə olunduğu metodiki və texniki ədəbiyyatları öyrənməli, bu sahəyə dair elm və texnikanın nailiyyətləri ilə tanış olmalı, qabaqcıl müəllimlərin təcrübələrinə istinad edərək təlim materialını savadlı, başa düşülən tərzdə başa salmalı və şagirdlərə işləri yerinə yetirərkən alətlərdən və tərtibatlardan düzgün istifadə qaydalarını praktik formada göstərməlidir. Eyni zamanda təlimin maddi-texniki təchizatını hazırlamalı, şagirdlər üçün tam təhlükəsiz iş şəraiti yaratmalı, sökmə-yığma və tənzimləmə işlərini yerinə yetirmək üçün iş yerlərini kifayət edəcək sayda alət və tərtibatlarla təmin etməlidir.
Laboratoriya-təcrübə dərslərinin keçilməsi üçün öyrədən perspektiv-mövzular planı, manqaların iş yerləri üzrə yerdəyişmə qrafiki, dərsin planı və texnoloji alqoritmə (ardıcıllığa) dair təlimat kimi tədris sənədlərini hazırlamalıdır.
Hikmət CAMALOV, Abşeron Ceyranbatan Peşə Liseyinin ixtisas fənn müəllimi, peşə hazırlığı üzrə metodkomissiya sədri
|
|
05.03.2018 | 13:00 | |
|
|
|