Tələbənin "Mənim sənət dünyam" adlı fərdi sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin III kurs tələbəsi Ruslan Qarayevin "Mənim sənət dünyam" adlı fərdi sərgisi açılıb.

 

AzMİU-da təşkil olunan sərgidə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Bu günə qədər müxtəlif müsabiqələrdə iştirak edən gənc dizaynerin ilk sərgisində 50 əsəri nümayiş olunub. 
     

Açılış mərasimində AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova gənc dizayner  barədə məlumat verib, onun Bakı şəhərində keçirilən müxtəlif rəsm müsabiqələrində iştirak etdiyini, diplom və mükafatlar qazandığını bildirib.
     

Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev rəssamlıq, memarlıq və dizaynerlik istiqaməti üzrə son illər maraq səviyyəsinin yüksəldiyini və gənclərin müəllifliyi ilə kefiyyətli əsərlərin ortaya çıxdığını qeyd edib. Prorektor R.Qarayevi ilk fərdi sərgisinin açılışı münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. 
     

Sərgidə çıxış edən Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, Qrafik və media dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, Təsviri incəsənət kafedrasının müdiri Pərviz Cəfərov da gənc dizayneri təbrik edib, ona uğurlar arzulayıblar.
     

R.Qarayev sərginin keçirilməsində göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə, sərgiyə gələnlərə minnətdarlığını bildirib.
     

Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, qonaqlar sərgi ilə tanış olublar.
     

Qeyd edək ki, sərgi oktyabrın 28-nə kimi davam edəcək.

 

 



24.10.2022 | 13:20